11 yanvar Zirvə görüşündən Azərbaycanda kimlər narazı qaldı? – ƏTRAFLIbackend

11 yanvar Zirvə görüşündən Azərbaycanda kimlər narazı qaldı? - ƏTRAFLI

Çoxları kimi yazı-pozuya mən də orta məktəb illərində başlamışam. Qəribədir ki, işıq üzü görən yazım “zarisovka” olub. Sonra xəbər yazmışam. Xəbər yazmaqsa çox çətindir. Çünki məcbursan ki, iki-üc cümlə ilə fikrini, xəbəri oxuyuca çatdırasan. Ona görə də mən ilk xəbərlərimi yazarkən müxtəlif qəzetlərdən oxşar xəbərləri toplayırdım. Hərəsindən bir cümlə götürüb fikrimi ifadə edirdim. Beləcə, zaman keçdikcə özüm də xəbər yazmağı öyrəndim. Uşaqlıq illərimi təsadüfən xatırlamadım. O illəri sağ olmuş Məhəmməd Əsədullazadə xatırlatdı mənə.

Bu dostumuz, özünü, gah ekspert, gah politoloq, gah köşə yazarı, gah da ki, partiya sədrinin müavini kimi təqdim edir. Amma bu qədər rütbənin qarşısında Məhəmməd bəyin fikirləri və yazıları çox zaman məndə qıcıq yaradıb. Ona görə ki, bilmədiyi məsələlərdən danışır. Üstəlik, kimləri isə mühakimə edir. Məsələn, dünən ölkəmiz üçün əlamətdar hadisə baş verdi. Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri görüşdü. Və 10 noyabrdan ötən müddət ərzində baş verən proseslər təhlil edildi, sonda hər 3 lider görüşün yekunlarına dair bəyanat imzaladılar.

Hörmətli Məhəmməd bəy də bəziləri kimi məsələyə operativ münasibət bildirdi. Amma yenə işləri korladı.

Əvvəla yazının başlığı qəribə idi -“Bu görüşdə açıq qalan suallar oldu” -Azərbaycan mövqeyindən geri çəkilmədi”. İki fikir deyir, ikisi də bir birini təkzib edir. Bunun ardınca ikinci böyük səhvi buraxır. “Moskva görüşü üç bəndlik Bəyannamə əsasında iqtisadi məsələləri özündə ehtiva etdi”.

Məhəmməd bəy, əvvəla Bəyanat 3 yox , 4 bənddən ibarətdir.

İndi də  sizin üçün açıq qalan suallardan danışaq. Deyirsiniz ki, “Ermənistan və Rusiya tərəfi Dağlıq Qarabağda silahlı erməni birləşmələrin ləğvini üzərilərinə götürmədiyi üçün humanitar məsələlər həllini tapmadı”. Farslar demiş “xub” .Bu fikrinizin ardınca narahatlıqla deyirsiniz ki, “Əsasən Hadrut təxribatlarında əsir götürülən silahlı ermənilər geri verilməyəcək. Amma Azərbaycan və Ermənistan təhlükəsizlik rəsmiləri görüşlər keçirir, birbaşa İrəvanla müəyyən kontaktları nəzərə alsaq, Paşinyan Ermənistan silahlı qüvvələrini Qarabağa göndərməmək öhdəliyini yaxın perspektivdə üzərinə götürsə, əsirlər qaytarıla bilər. Pasinyanın buna getməsi çətin görünür”. Vallah özünüz deyirsiniz, özünüz də öz fikirlərinizi təkzib edirsiniz. Və nə demək istədiyinizi yəqin ki, özünüz də başa düşmürsünüz. Amma mən belə başa düşdüm ki, siz Qarabağdakı silahlı erməni dəstələrinin mövcudluğundan narahatsınız. Lap yaxşı. Onda sizə xatırladım.

Birincisi, istər 10 noyabr sülh anlaşması, istərsə də 11 yanvar Bəyanatı nəinki səsləndirilən fikirlərə görə, elə nöqtəsinə, vergülünə qədər Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını siz demiş, özündə ehtiva edir. Biz bütün halda qalibik, diqtə edən tərəfik.

İkincisi, biz bağlı qapılar arxasında 3 saatdan çox nələrin müzakirə edildiyini bilmirik. Bildiyimizsə o oldu ki, Vladimir Putin də dünən Azərbaycan prezidenti İlham Əliyevin məşhur ifadəsini təkrarladı: “Dağlıq Qarabağ münaqişəsi ifadəsi keçmişdə qaldı”. Artıq nəinki Azərbaycan üçün, eləcə də region dövlətləri üçün bu problem 2020-ci ildə qaldı. Dünənki görüşdəki ən böyük uğurumuz bu ifadənin Rusiya lideri tərəfindən işlədilməsi idi. Yeri gəlmişkən, prezident İlham Əliyev mətbuata açıqlamasında Putinin bu ifadəni işlətməsini məmnunluqla xatırlatdı. Çünki ABŞ, Avropa və Ermənistan reallıqlarla barışmaq istəmir. Və məsələni yenidən ATƏT Minsk qrupunu danışıqlar masasına daşımaq istəyirlər. Bununla da bir il əvvəlki status-kvonu bərpa etməyə ümidlənirlər. 11 yanvar Bəyanatı bu cür qorxulu ehtimalların üstündən əbədiyyən xətt çəkdi. Qarabağ Azərbaycandır, vəssalam…

Üçüncüsü, 10 noyabrdan sonra əsir götürülən təxribatçı erməni silahlıları barədə narahatlığınıza gəldikdə isə bir daha nəzəri-diqqətinizə çatdırım ki, Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, “sülh anlaşmasından sonra əsir alınan erməni silahlıları “hamının hamıya” prinsipi ilə dəyişdirilməyəcək. Onlar Azərbaycan Respublikasının qanunları ilə müvafiq qaydada mühakimə olunacaqlar”… Bəyəm bunu bilmirdiniz? Yoxsa, danışmaq xatirinə danışırsınız?

Dördüncüsü, 11 yanvar görüşündə və görüşün sonuda mətbuata edilən birgə açıqlamasında Nikol Paşinyan dönə-dönə, yenə deyirəm, dönə-dönə dedi ki, “Görüşdə 10 noyabr anlaşmasının 8-ci bəndi müzakirə  olunmadı. Bütün əsirlər geri qaytarılmır”. Paşinyanın fikirlərinə qarşı Azərbaycan prezidenti soyuqqanlı münasibət göstərsə də, Vladimir Putin Paşinyanı tərs-tərs süzdü. Yəni baxışları ilə dedi ki, “Ay Allahın heyvanı, qurtardı dəəə…”

Beşincisi, 11 yanvar görüşünün motivi və yekunları haqqında imzalanan Bəyanat göstərdi ki, Azərbaycan bundan sonra Ermənistanla Qarabağla bağlı ən xırda məsələdə belə fikr mübadiləsi aparmayacaq. Dağlıq Qarabağda baş verənlər Azərbaycanın daxili problemidir. Orada çıxan hər hansı bir problem ancaq Bakının iradəsi ilə həll ediləcək. Uzaqbaşı Moskva ilə müəyyən məsləhətləşmələr aparıla bilər.

Məhəmməd bəy, xatırladıram haaa, İrəvanla yox eyyy, Moskva ilə. Və bu təklif Vladimir Vladimiroviçin də ürəyincədir. Ona görə də 11 yanvar görüşündə Qarabağ məsələsi qətiyyən müzakirə edilmədi. Yalnız ölkələr arsında iqtisadi əlaqələr gündəlikdə yer aldı. Bundan böyük uğur ola bilərmi?!

Ona görə də Məhəmməd Əsədullayev bir fikri söyləməmişdən qabaq mənim uşaq vaxtı işlətdiyim “piryomlardan” istifadə edin. Başqa analitik yazıları toplayın, oxuyun. Sonra da hər yazıdan bir fikri götürün. Olsun qəşşəng. Axı, siz həm də siyasətçisiniz?!

Yada ki, keçin plagiatlığa. Onsuz da bizdə müəllif hüquqları qorunmur. Məsələn, dünən axşam 11 yanvar görüşü ilə bağlı bir “analitik” yazıya rast gəldim. Bu yazını mən noyabr ayında da oxumuşdum. Etik qaydaları nəzərə alıb adını çəkmədiyim yazı müəllifi sadəcə 10 noyabrı, 11 yanvar  ilə əvəz etmişdi. Vəssalam. Bax, belə fəndlər də var. Öyrənin, Məhəmməd bəy, öyrənmək heç zaman gec deyil…

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*