Xəbər verdiyimiz kimi, iyunun 18-də “OceanGate Expeditions” şirkətinin hazırladığı sualtı qayıq “Titanik”in qalıqlarını görmək üçün okeanın dərinliklərinə edib. Lakin batiskafın partlaması və 5 nəfər ekipaj üzvünün ölməsi yenidən “Titanik” lənətini gündəmə gətirib. Dövrünün ən dayanıqlı gəmisi olaraq hazırlanan bu gəminin faciəvi sonunu, həmçinin sualtı qayığın partlamasını kimiləri “Titanik”in illərdir davam edən lənəti, kimiləri isə texnologiyanın xətası olaraq dəyərləndirir.
KONKRET.az “Titanik” faciəsinin tarixi və bütün bu sualların cavabları haqqında olan araşdırmanı təqdim edir.
Tarixi gəminin inşası…
Tarixin ən böyük gəmisi olaraq tanınan “Titanik” “White Star Line” şirkəti tərəfindən hazırlanıb. Bu nəhəng gəminin inşası 1909-cu il martın 31-də Şimali İrlandiyanın Belfast şəhərində başlayıb və təxminən üç il ərzində tamamlanıb. Uzunluğu 268, eni 28, hündürlüyü 53 metr olan gəminin ümumi çəkisi 66 min ton olub. Fəaliyyətdə olduğu müddətdə mühərrikində 600 ton kömür yandıran gəmi, eyni zamanda 24 saat ərzində Atlantik okeanına 100 tona yaxın kül buraxıb. Gəminin hazırlanmasına günümüzün valyutası ilə 400 milyon dollar pul xərclənib.
İlk və son səfər…
Heç vaxt batmayacağı iddia edilən bu lüks gəmi 10 aprel 1912-ci ildə 2224 sərnişin və heyətlə ilk və son səfəri üçün İngiltərədən Nyu Yorka yola düşüb. Fransanın Şerbur və İrlandiyanın Kov limanlarında fasilə verən gəminin marşrut xətti Atlantik Okeanın şimal hissəsindən keçirdi. Aprelin 14-ü saat 23:40-da aysberqlə toqquşan gəmi 2 saat 40 dəqiqə sonra tamamilə batıb. “Titanik”dəki cəmi 2224 nəfərdən yalnız 710-u sağ qaldı, qalan 1514-ü isə öldü. Ölümlərin əksəriyyətinin suyun temperaturuna görə -2 °C-də və 15 dəqiqədən daha az müddətdə baş verdiyi bildirilir.
Gəmidəki səhlənkarlıq, yoxsa görünməz qəza?
*“Titanik”in batması ilə bağlı Kapitan Smitin səhlənkarlığının olub-olmaması hələ də müzakirə mövzusudur. Smitin bu faciəyə töhfə verməsi ilə bağlı çoxlu iddialar var, lakin onun qəzadan sonra vətəndaşları xilas etməyə çalışdığını söyləyənlər də az deyil. Kapitanın ölümü də müəmmalıdır. Belə ki, bəzi iddialara görə, o, filmdə olduğu kimi körpüyə gedir, son əmri verir və Okeanın dərin sularına qərq olur. Digər iddialara görə isə, Smit bir uşağı xilasedici qayığa aparır, özü isə pilot otağına gedərək intihar edir.
*14 aprel 1912-ci il saat 23:39 radələrində gəminin gözətçisi Frederik gəmi idarə heyətinə zəng edir və zabitə bildirir ki, nəhəng aysberqlə qarşı-qarşıyadırlar. Deyilənə görə, zabitin bu xəbərdarlığa gec reaksiya verməsi faciə ilə nəticələnib. Belə ki, gözətçinin zəngindən 37 saniyə sonra gəminin aysberqlə toqquşduğu söylənilir.
*İlk yardım çağırışlarına cavab olaraq yola çıxan xilasedici heyətə səhv koordinatlar verənlər də bu faciənin baş verməsində böyük rol oynayıb. Belə ki, hadisə yerindən 79 mil uzaqlıqda olan Mount Temple dərhal hadisə yerinə gedir. Lakin “Titanik” tərəfindən verilən koordinatlara çatanda isə orada nə bir gəmi, nə də gəmidən qalıntı yox idi. Sonradan məlum olub ki, “Titanik” koordinat verilən ərazidən 12 km uzaqlıqda idi.
Iddialara görə, yaxınlıqda olan, gəminin kömək çağırışlarını eşidən bir neçə gəmi olsa da, heç biri çağırışlara cavab verməyib. Hətta onların hansı şirkətlərə məxsus olduğu, nə üçün orada dayandıqları da günümüzə qədər müəmma olaraq qalır.
“Titanik” lənəti…
Faciədən sonra bəzi mətbuat orqanları bu hadisəni “Titanik” lənəti olaraq yayımladı. Deyilənə görə, gəminin dayanıqlığına güvənən şirkət onun üçün “Tanrının belə batıra bilməyəcəyi gəmi” şüuarını verdiyinə görə “Titanik” Tanrı tərəfindən lənətlənib. Digər bir əfsanə isə, gəminin inşa edildiyi Şimali İrlandiyanın Belfast şəhərinin təriqətçi şəhəri olması ilə bağlıdır. Onların iddiasına görə, gəmiyə verilən “390904” rəqəminin tərs oxunmuşu “No Papa”, yəni Papa yoxdur deməkdir, bu da gəminin lənətlənməsi üçün kifayətdir. Çünki bu şüar protestant təriqətlərinin Roma katoliklərinə hücum və təxribat törətmək üçün istifadə etdiyi şüar idi.
Səmra Ələkbərli,
KONKRET.az