12 illik təhsil sisteminə keçidlə bağlı VACİB AÇIQLAMA: Nə vaxt mümkün olacaq? backend

12 illik təhsil sisteminə keçidlə bağlı VACİB AÇIQLAMA: Nə vaxt mümkün olacaq? 

Məktəblərin 12 illik təhsil sisteminə keçməsi məsələsi yenidən gündəmə gəlib. Bəs bu keçid zəruridirmi?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nuri bildirib ki, məktəblərin 12 illik təhsil sisteminə keçməsi vacib deyil:

Bu cür ciddi təhsil problemi tamamilə kölgədə qalıb-Elmin Nuri

“Ümumiyyətlə, 12 illik sistemə keçidi zəruri hesab etmirəm. Bu, tamam başqa bir formatda da tətbiq oluna bilər. Əvvəlcə cavab verilməli olan əsas sual məktəbin funksiyası ilə bağlıdır. Məktəb 6 yaşdan başlayaraq insanda şəxsiyyət formalaşdıran, onun ilkin məzmununu ötürən və bu prinsiplə onu yönləndirən bir dövrü əhatə edir. Əgər bu proses 11 il ərzində keyfiyyətli məzmun proqramı ilə aparılacaqsa, bu zaman təhsil müddətinin 10, 11 və ya 12 il olması ciddi fərq yaratmaz”.

Ekspertin sözlərinə görə, fənlərin özləri deyil, onların təqdim etdiyi məzmun xətti əsasdır:

“Fizika, riyaziyyat, kimya kimi fənlər əslində bir məzmun xəttinin alt sistemləridir. Bu məzmun hansı müddətdə, neçə illik proqramla ötürüləcəksə, əsas odur. Dünyanın bir çox ölkəsində 12 illik sistemə keçilib, sadəcə bu mərhələli şəkildə aparıldığı üçün çox hiss olunmur”.

Elmin Nuri qeyd edib ki, zamanla təhsil proqramları daha çox məlumatla zənginləşdiyindən və tələblər artdığından təhsil müddətinin uzanması qaçılmaz olacaq:

“Gələcəkdə 12 illik təhsil sisteminə keçmək mümkündür. Bu, sırf məlumat və məzmun sıxlığı ilə bağlıdır. Ola bilər ki, 12-ci sinif formal olaraq əlavə olunmasın, lakin məktəbdaxili struktur elə qurulsun ki, məsələn, məktəbəqədər təhsil könüllü yox, məcburi xarakter daşısın və uşaqlar artıq 5 yaşından məktəbə başlasınlar”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*