Bu gün Azərbaycan teatrının yaranmasından 149 il ötür. 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanın vəziri” və “Hacı Qara” tamaşaları ilə əsası qoyulan teatrımız uzun və keşməkeşli yollardan keçərək bu günə gəlib çıxıb.
Vaxtilə milli maarifçilərimizin min bir zəhmətlə ərsəyə gətirdiyi teatr sənətinin bugünkü vəziyyəti necədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan teatrşünas Elçin Cəfərov bu sahədə olan problemlərdən söz açdı:
“Teatr elə bir sənət növüdür ki, həmişə böhrandadır. Ümumiyyətlə, teatrın vəziyyətini heç vaxt birmənalı olaraq müsbət qiymətləndirmək olmaz. Bu sənətdən danışarkən hər şey yaxşıdır, bundan o tərəfə inkişafa yer yoxdur demək olmaz. Azərbaycanda kifayət qədər yaxşı teatrlar var. Lakin yenə də inkişafa ehtiyac var. Bəzi çatışmazlıqlar var ki, onlar aradan qaldırılmalıdır. Bu çatışmazlıqlardan ən böyüyü Azərbaycan teatrı ilə tamaşaçısının ünsiyyət məsələsidir. Teatrda tamaşaçı ilə ünsiyyət, PR, marketinq baxımdan bir sıra problemlərimiz var. Hazırda bu problemlərin həlli istiqamətində bəzi işlər görülür. Bu, hər birimizi sevindirir”.
Teatrşünas bildirib ki, insanların teatra olan marağı artmaqdadır:
“Bu gün tetarın yaranmasının 149 illiyi ilə bağlı müxtəlif tədbirlər təşkil edilir. Səhər saatlarında metronun “İçəriçəhər” stansiyasında tədbir keçirildi. Müxtəlif səhnəciklər nümayiş olundu və insanların çox böyük marağına səbəb oldu. Belə tədbirlər çərçivəsində “hər yerdə teatr” heşteqi yaradılıb. Sosial şəbəkələrdə bu heşteqlə çoxsaylı paylaşımlar edilir. Hesab edirəm ki, belə layihələr tamaşçıda teatra olan marağı daha da artırır. Tamaşaçı ilə teatr arasında qopan bağların bərpası bu gün ən vacib məsələdir”.
Şəbnəm Mehdizadə,
KONKRET.az