“15 ildir bu cihazı istifadə edirəm…” – Meyvələrdə görünməmiş zəhər miqdarıbackend

“15 ildir bu cihazı istifadə edirəm...” - Meyvələrdə görünməmiş zəhər miqdarı

Yay mövsümünün gəlişi ilə bazarlarda meyvə bolluğu yaşanır. Xüsusilə yemiş və qarpız kimi mövsümi məhsullar alıcıların ilk seçimidir. Lakin görünür, bu meyvələr sağlamlıqdan çox təhlükə mənbəyinə çevrilməkdədir. Sosial şəbəkələrdə yayılan son məlumatlar və aparılan ölçmələr bu narahatlığı təsdiqləyir.

Terapevt və psixoloji mütəxəssis Aysel Qasımova paytaxt supermarketlərindən birində satılan yemişin tərkibində təhlükəli dərəcədə yüksək nitrat miqdarının olduğunu açıqlayıb. O, şəxsi sosial media hesabında paylaşdığı görüntülərdə “Greentest ECO” adlı cihazla apardığı ölçməyə əsasən, yemişin tərkibində 880 mq/kq nitrat olduğunu göstərib. Halbuki bu məhsul üçün icazə verilən norma cəmi 90 mq/kq-dır.

KONKRET.az xəbər verir ki, Yenisabah.az məsələ ilə bağlı mütəxəssisin fikirlərini öyrənib. Aysel Qasımova bildirib ki, bu məsələ onun üçün təsadüfi maraq deyil, illərdir davam etdirdiyi şəxsi qayğı və təcrübəyə əsaslanır:

“Mənim iki övladım var – biri 15, digəri 17 yaşındadır. Böyük qızım yalnız bir dəfə – yıxılma səbəbilə əməliyyat olunub. Əks halda, hər iki övladım bu günə qədər heç bir ciddi müalicə almayıb, xəstəxanada yatmayıb. Onlar xaricdə böyüyüblər və uzun illər orada yaşamışıq. Son 5 ildir Azərbaycandayıq”.

Qasımova qeyd edib ki, bu nəticə təsadüfi deyil – o, illərdir istifadə etdiyi nitrat ölçən cihaz sayəsində ailəsini qoruyur:

“Uşaqlar doğulandan bu cihaz məndə var. Həm xaricdə, həm də burada meyvə-tərəvəzin tərkibindəki nitrat dərəcəsini ölçmədən heç nə almıram. Marketdən məhsul alarkən mütləq tərkibini oxuyuram. Azərbaycanda bir çox məhsulun üzərində tərkib açıq şəkildə göstərilmir, amma bacardığım qədər palma yağı ilə olan məhsullardan uzaq dururam. Bu aparat olmasaydı, mən də çoxları kimi bilmədən dərmanlı və təhlükəli meyvə-tərəvəzlərdən istifadə edərdim”.

Mütəxəssis bildirir ki, bəzi məhsullarda norma daxilində nəticələr alınsa da, əksəriyyətində nitrat göstəriciləri həddən artıq yüksəkdir:

“800 nədir ki? Keçən il ölçdüyüm bəzi meyvələrdə göstərici 1000 mq/kq-dan yuxarı idi. Aparatın üzərində belə qeyd olunurdu ki, bu məhsul yemək üçün təhlükəlidir. Kim cihazın düzgün işlədiyinə şübhə edirsə, buyursun, şəhərin istənilən yerindən yemiş, qarpız götürüb laboratoriyada yoxlasın”.

Aysel Qasımova əlavə edib ki, bu yay mövsümündə bir dəfə də olsun qarpız ala bilməyib:

“Hamısı yüksək nitrat göstərir. Keçən il avqustda da eyni vəziyyət idi. Hətta bəzi kartof nümunələrində də yüksək nəticələr alınır. Bu cihazla meyvə, tərəvəz, su və hətta ət məhsullarını da ölçmək mümkündür. Xaricdə yaşadığım illərdə almışam. Bəzi meyvələr norma daxilində çıxır, lakin ölkəmizdə ən çox qarpız, yemiş və kartofda təhlükəli göstəricilər olur. İnişilə qədər qarpız pis deyildi, amma keçən il və bu il normanı aşmaqda ağını çıxarıblar”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*