Dövlətçilik ənənəsinin yeni TARİXİ – 15 iyunda əslində nə baş verdi? – TƏHLİLbackend

Dövlətçilik ənənəsinin yeni TARİXİ - 15 iyunda əslində nə baş verdi? - TƏHLİL

Bu gün Milli Qurtuluş Günüdür… 31 ilin bu tayından baxanda aydın şəkildə görürük ki, 15 iyunda nələrdən qurtulmuşuq. 1993-cü ilin məhz bu günündə yenicə qazandığımız dövlət müstəqilliyimiz beşiyindəcə boğulmaq təhlükəsindən qurtuldu…15 iyunda Azərbaycan xalqı vətəndaş müharibəsindən qurtuldu… Bu gün Azərbaycan bir dövlət kimi dünya siyasi xəritəsindən silinmək təhlükəsindən qurtuldu…

Bu qurtuluşun təşəbbüskarı Azərbaycan xalqı, memarı isə Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev müdrikliyidir. Heydər Əliyev-xalq birliyi həm də milli kimliyimizi xilas etdi. Bir millət kimi bizi var elədi. Və bu günkü qüdrətli, müstəqil və regional güc olan Azərbaycanın zirvəsindən baxanda bir daha anlayırıq ki, dövlətçiliyimiz, xalqımız uçurumun kənarında imiş. 31 illik zaman fasiləsindən dönüb geri baxdıqca, o illəri, o günləri xatırladıqca itirə biləcəyimiz daha çox şeylər gəlir göz önünə.

Çünki AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə Azərbaycan dövləti və Azərbaycan milləti deqredasiyaya uğradı, bir çox milli dəyərlərini itirdi. Və çox təəssüf ki, cəmi 12 ay ərzində itirdiklərimizin bir çoxunu ötən 31 ildə tam geri qaytara, bərpa edə bilməmişik…

Fotoğraf açıklaması yok.

15 iyun ərəfəsində Azərbaycanın ictimai-siyasi mənzərəsi belə idi…

Fikrimizi daha detallı şəkildə təqdim etmək üçün 1992-ci ilin yazını xatırlamaq, o zamankı iqtidar sahiblərinin fikirlərini bir daha yada salmaq istəyirik. Məsələn, 1993-cü ilin may ayının 25-də Prezident Aparatında hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirilən müşavirədə prezident Əbülfəz Əliyev deyirdi:

“…Respublikada rüşvətxorluq baş alıb gedir…Talan gedir… Gömrük dağılır, xarici iqtisadi əlaqələr dağılır…Respublika o günə gətirilib çıxarılıb ki, xalq cəbhəsinə “…” cəbhəsi deyirlər”…”

Sabiq prezidentin çıxışından bir neçə gün sonra o zamankı baş nazir Pənah Hüseynov etiraf etdi ki, ölkədə “bezpridel”dir. Elə həmin ərəfədə Ali Məhkəmənin o vaxtki sədri Tahir Kərimli Milli Məclisdəki o məşhur çıxışında bağıra-bağıra deyirdi:

“Mən Əbülfəz bəy sizdən də, İsa bəy, sizdən də şübhələnirəm… Qurtarın bu oyunbazlığı… bu komediyanı yığışdırın… AXC-nin platformasından çıxdınız… Prezidentin platformasından çıxdınız… Ölkədə rüşfətxorluq, yerlibazlıq baş alıb gedir…”

Vətəndaş qarşıdurması, separatizm, erməni işğalı, iqtisadi tənəzzül…

Bəli, bu çıxışlar məhz 15 iyun ərəfəsində edilirdi. Bu da onu göstərirdi ki, artıq Azərbaycanda çox ciddi hakimiyyət böhranı var. Bu azmış kimi Ermənistan addım-addım torpaqlarımızı işğal edirdi. Hələ beynəlxalq aləmdə Azərbaycana olan biabırçı yanaşmanı demirik. Rusiya və İranla münasibətlər müharibə həddinə çatmışdı. Gürcüstan Borçalıdakı 500 mindən artıq soydaşımızı deportasiya etməyə hazırlaşırdı. Hətta dost-qardaş Türkmənistanla belə münasibətlər gərginliyin pik həddinə çatmışdı. Nəinki qonşu, hətta digər dövlətlərlə iqtisadi-siyasi əlaqələr kəsilmək üzrə idi. Beləcə, Azərbaycan öz qanında boğulurdu.

Ölkədə separatizm meyilləri güclənir, siyasi müxalifət azmış kimi bir neçə hərbi müxalifət respublikada at oynadırdı. Şimalda “Sadval”çılar, cənubda “Talış-Muğan Respublikas”nın təsisçiləri, Qərbdə isə Surət Hüseynovun hərbi birləşmələri at oynadırdı. Artıq mayın ilk günlərində Gəncədə ordu vətəndaşa qarşı silah işlətmiş, bir nəfər ölmüş, bir neçə nəfərsə yaralanmışdı. Beləcə, vətəndaş müharibəsi alovlanırdı.

 

Bəli, 15 iyun ərəfəsində Azərbaycanın siyasi, iqtisadi və sosial mənzərəsi məhz bu qədər qorxunc və arzuolunmaz idi. Azərbaycan xalqı isə ümidini və gözlərini Naxçıvana dikmişdi. Çünki normal təfəkkürə malik hər bir azərbaycanlı bilirdi ki, dövləti və milləti bu faciəli vəziyyətdən yalnız Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası qurtara bilər. Amma AXC-Müsavat iqtidarı zamanında nəinki Heydər Əliyevin zəngin dövlətçilik və idarəçilik təcrübəsindən bəhrələnmək istəyirdi, əksinə xalqın bu dahi oğlunun fiziki məhvinə çalışırdı. Lakin xalqın təkidləri qarşısında dil qəhrəmanları ən azı özlərinin fiziki möcudluqlarını saxlamaq üçün Naxçıvana elçi dalınca elçi göndərdilər. Xalqın təkidli tələbi, AXC-Müsavat hakimiyyətinin yalvarışları və ən nəhayət, Heydər Əliyevin dövlətə və millətə sarsılmaz sevgisi sayəsində dahi öndər iyunun 9-da Bakıya döndü. Və heç bir terrordan, təzyiqdən qorxmayaraq sonralar aforizmə çevriləcək belə bir fikir söylədi:

“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”.

Heydər Əliyev dühasının böyük siyasətə qayıdışını Azərbaycan xalqı nə qədər sevinclə qarşılasa da, AXC-Müsavat cütlüyü buna o qədər də sevinmədi. Əksinə hər vasitə ilə Heydər Əliyev şəxsiyyətinin dövlətçiliyimizin xilası yolunda atdığı qətiyyətli addımlara əngəl olmağa çalışdılar. İyunun 15-də Heydər Əliyev yekdilliklə Milli Məclisin sədri seçildi. Məhz həmin gün tarıma çəkilmiş əsəblərə sərin su səpildi. Müstəqilliyimizin məhv olmaq təhlükəsindən qurtulduğuna bütün xalq əmin oldu. Bəs AXC-Müsavat cütlüyü neylədi? Təbii ki, öz çirkin xislətlərini bir daha xalqa göstərdi. İyunun 17-də prezident Əbülfəz Əliyev heç kimə heç nə demədən Kələkiyə getdi. Heydər Əliyevin rəhbərliyi ilə Milli Məclisin o vaxt keçirilən iclaslarında AXC-Müsavat nümayəndələri hər vasitə ilə ara qarışdırmağa, səngiməkdə olan gərginliyi yenidən qızışdırmağa çalışırdılar. Və həmin iclasların birində Heydər Əliyevin dediyi “Sən nə istəyirsən Tofiq Qasımov?” fikri bu günümüzədək el arasında aforizm kimi işlənir.

Bir il Milli Məclisin sədri olan, özünü Çörçilə oxşadan və hakimiyyətdə əsas söz sahibi kimi təqdim edən İsa Qəmbərin bitib-tükənməyən iddialarından qurtuluş günü idi 15 iyun.

Bu o İsa Qəmbər idi ki, AXC hakimiyyətə gələndən cəmi bir ay sonra Müsavat partiyasının bərpa mərkəzini yaratdı. Və bununla da prezidentlik iddiasını və “müəllimim” dediyi Əbülfəz Əliyevlə uzun yol gedə bilməyəcəyi fikrini ortaya qoydu. Bu o İsa Qəmbərdir ki, öz mənfur fikrini başqalarının vasitəsi ilə reallaşdırmağı xoşlayıb hər zaman. Onun Arif Hacıyevə, Pənah Hüseynova və digərlərinə təsir imkanarı bu gün də qalmaqdadır. 1993-cü ilin iyun hadisələrində Gəncəyə qoşun yeridilməsinin qatı tərəfdarlarından biri məhz İsa bəy olmuşdu. O zaman da bu fikrini “nayivnıy” Pənah bəyin vasitəsilə etmişdi. Sonra da vəziyyətdən çıxış yolu kimi Heydər Əliyevin Bakıya dəvət edilməsinə qarşı olmuşdu. Daha sonra Heydər Əliyevlə hakimiyyətin bölüşməsi zərurəti yarananda öz rəqiblərini – Əli Kərimlini və Pənah Hüseynovu güdaza vermişdi…

15 iyun həm də Pənah Hüseynov kimi qeyri-adi baş nazirdən qurtuluş günü idi. O Pənah bəydən ki, bir il oturduğu kreslonun nə mahiyyətini başa düşdü, nə məsuliyyətini. Təyinatının ilk günü işlətdiyi “Ayə, tay denən işimiz var dənə…” ifadəsi düz 32 ildir ki, acı təbəssümlə yad edilir. 15 iyun Əli Kərimli kimi siyasi diletant və siyasi marionetkadan qurtuluş günü idi.

27 yaşında dövlət katibi kreslosuna sahib çıxan Əli bəyin birillik fəaliyyəti dövründə Azərbaycan cəmiyyətinə verdiyi “töhfə” yalnız vəzifəsinin dondurması ideyası oldu…

15 iyun həm də riyaziyyatçı müdafiə naziri Rəhim Qazıyevin yerə-göyə sığmayan iddialarından, daxili İşlər naziri İskəndər Həmidovun ərköyünlüklərindən xilas günü idi. Amma 15 iyunda ən çox qazanan sırasında nə yazıq ki, yenə bu adamların adı var. Çünki öz hərbi birləşmələri ilə Ələtə qədər gələn Surət Hüseynov Elçibəy komandasına istefaya getmək üçün 3 gün vaxt vermişdi. Əks təqdirdə Bakıya gələcəyini və Əbülfəz Elçibəyi, İsa Qəmbəri, Pənah Hüseynovu, Əli Kərimlini və daha neçə-neçə məmuru Azadlıq meydanında quracağı dar ağacından asacağını söyləmişdi. Məhz Heydər Əliyev siyasəti bu adamların boğazını Surət bəyin quracağı dar ağacından qurtardı. 1993-cü ilin iyun ayının 21-də Milli Məclisin iclasında İsa Qəmbərin yalvarışla Heydər Əliyevə söylədiyi “Heydər bəy, biz sizin siyasi və dövlətçilik təcrübənizə çox inanırıq. Ümid edirik ki, tezliklə ölkəmizi bu vəziyyətdən qurtaracaqsınız” fikirləri o vaxtlar əslində bir təşəkkür mesajı kimi qəbul edildi. Ona görə də bu adamlar ölənə qədər Heydər Əliyevin ruhu qarşısında borcludurlar.

Ümummilli lider sadəcə özünü milləti və dövləti üçün fəda etdi

Heydər Əliyev o çətin, ağır günlərdə bütün təhdidlərə, təzyiqlərə sinə gərərək Azərbaycan dövlətini yenidən inşa etməyə başladı. Kərpic-kərpic tikilən Azərbaycan zamanla imzalar içində imzasını təsdiq etdi. Amma bu proses heç də asan olmadı. Gərgin və yuxusuz gecələr hesabına Heydər Əliyev əvvəlcə ölkədəki vətəndaş qarşıdurmasının qarşısını aldı. Sonra Rusiya və Qərbin dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edən Ermənistanla atəşkəs haqqında saziş bağlandı. Növbəti addım ölkədəki separatizmin kökünü kəsmək, hərbi müxalifəti zərərsizləşdirmək oldu. Məhz bundan sonra yeni xarici siyasət konsepsiyası hazırlanıb, həyata keçirildi. Balanslaşdırılmış xarici siyasət hesabına Rusiya, İran və Gürcüstanla münasibətlər normallaşmağa başladı. Rusiyadan bir, Gürcüstandansa yarım milyon soydaşımızın deportasiyasının qarşısı alındı. Ölkədə yaradılan siyasi-iqtisadi sabitlikdən sonra ABŞ və Avropa Azərbaycanla normal şərtlərlə əməkdaşlığa başladı. 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Heydər Əliyev böyük dövlətləri, qlobal gücləri Bakıya gətirdi. Onlarla bir masa arxasında Azərbaycanın gələcəyi müzakirə edildi. Beləcə, Azərbaycan yoxdan var oldu. Təbii ki, o çətin və ağır günlərdə Heydər Əliyevin yanında gələcəyin müzəffər rəhbəri İlham Əliyev də vardı. O günlərdə dünyanı idarə edən BP, AMOCO, TOTAL, Lukoil və digər şirkətlərlə əməkdaşlığın qurulmasında İlham Əliyevin müstəsna xidməti və ARDNŞ-in birinci vitse-prezident kimi biləvasitə iştirakı vardı.

Azərbaycanın memarı ilə müzəffər lideri bir arada

Məhz o illərdə qurulan isti münasibətlər və etibarlı tərəfdaşlıq İlham Əliyevin regionun ən uğurlu lideri kimi formalaşmasında xüsusi əhəmiyyət daşıyır. Gənc yaşlarında Heydər Əliyev siyasi və həyat məktəbinin müdavimi olmaqla yanaşı İlham Əliyev qlobal siyasi proseslərə qatıldı. Nəticədə, gələcək üçün gözəl təcrübə qazandı və lazımı münasibətlər qurdu. Təsadüfi deyil ki, İlham Əliyevin bu günkü siyasi gücünün, müdrik addımlarının təməli məhz o illərdə qoyuldu. Məhz bu keyfiyyətləri görüb, qiymətləndirən Heydər Əliyev təsadüfən demədi ki, “ən layiqli davamçım İlham Əliyevdir”.

Zaman keçdikcə ümummilli liderin seçimi sözün hər mənasında təəccüb və qibtə doğurdu. Doğrudan da İlham Əliyev XXI əsrin ən uğurlu və qətiyyətli liderlərindən biri və bəlkə də birincisi oldu. Onun hakimiyyəti dövründə Azərbaycan təkcə öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa eləmədi, həm də müsəlman və türk dünyası tarixində bir çox uğurlara imza atıldı. İlham Əliyevin rəhbərliyi dövründə son 350 ildə Azərbaycan ilk dəfə hansısa müharibədən qalib çıxdı. Bundan başqa, İlham Əliyev son 200 ildə müsəlman aləmində, son 100 ildə isə türk dünyasında xristian ölkəsinə qalib gələn ilk dövlətin başçısı kimi tarixə düşdü.

Bütün bu tarixi və titanik nailiyyətlərinsə mayası məhz 15 iyun 1993-cü ildə yoğruldu. Ona görə də bu günə və bundan sonra bir dövlət və bir millət kimi qazandığımız və qazanacağımız bütün uğurlarda 15 iyunun əvəzsiz payı var. Ona görə də nə qədər ki, Azərbaycan var 15 iyun qürurla və fəxrlə Qurtuluş Günü kimi qeyd ediləcək.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*