“150 ilin söhbəti” kitabı işıq üzü görübbackend

“150 ilin söhbəti” kitabı işıq üzü görüb

Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə Azərbaycan Dövlət Nəşriyyatı yazıçı, əməkdar jurnalist Natiq Məmmədlinin “150 ilin söhbəti” kitabını nəşr edib.

BP şirkətinin dəstəyi ilə çap olunmuş kitab milli mətbuat tarixinin, müasir Azərbaycan publisistik fikrinin öyrənilməsi, geniş auditoriyada kütləviləşdirilməsi, Azərbaycanın maarifpərvər fikir adamlarının irsinin təbliğ edilməsi məqsədini daşıyır. Kitabda müəllifin otuz il ərzində apardığı araşdırmaları, oçerkləri, məqalələri və müsahibələri, habelə bədii əsərləri öz əksini tapmışdır.

“Ədibin Evi”ndə təqdim olunan kitabın elmi redaktoru Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid, redaktoru isə Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyndir.

“Ön söz”ün müəllifi Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli qeyd etmişdir ki, kitabda yer almış məqalələrin böyük bir qisminin media problemlərinin müxtəlif aspektlərini əhatə etməsi onun milli mətbuatın 150 illiyinə bir töhfə olması zərurətindən irəli gəlir. Müəllifin publisistik fəaliyyətinin, yaradıcı axtarışlarının yalnız müəyyən bir qismini əks etdirən kitabda əsas mövzu milli-mənəvi dəyərlərimizin qorunması, tarixi yaddaşın bərpası, dövlətçilik ideallarının təbliği və təbii ki, bu qəbildən olan ana mövzuların əsas tərkib hissəsi kimi, Azərbaycan jurnalistikasının müasir inkişaf təmayüllərini əks etdirməkdir.

“150 ilin söhbəti” kitabı milli mətbuat tarixi sahəsində sistemli yanaşmanı özündə əks etdirən publisistik toplu kimi Azərbaycanın ictimai-siyasi, fəlsəfi fikir tarixinə maraq göstərən ali məktəb tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Azərbaycanın uzunmüddətli etibarlı tərəfdaşı və iri enerji layihələrinin operatoru olan bp şirkəti ölkənin həyatının müxtəlif sahələrinə – təhsil, yerli icmaların inkişafı, ətraf mühitin qorunması, xalqın zəngin mədəni irsi və tarixinin tədqiqi və təbliği, milli idmanın inkişafına da öz töhfəsini verir. Bu kitab da Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə jurnalistika sahəsində ixtisaslaşan təhsil müəssisələrinə və geniş oxucu auditoriyasına BP-nin hədiyyəsidir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunması barədə Sərəncam imzalamışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*