Son illər paytaxtın mərkəzi 5 rayonunda (Səbail, Nəsimi, Yasamal, Xətai və Nərimanov) iri sahəli torpaq tapmaq müşkül məsələyə çevrilib. Belə ərazilər tez bir zamanda tikinti şirkətləri tərəfindən satın alınır və yerində yeni binalar tikilir. Hazırda yuxarıda sadalanan rayonların ərazisində torpağın 1 sotu minimum 50-100 min manat arasında təklif olunur.
KONKRET.az elan saytlarında mərkəzi ərazilərdə satışa çıxarılan torpaqların son qiymətlərini araşdırıb.
Müşahidələrimizə əsasən, Bakının ətraf rayonlarından fərqli olaraq, mərkəzəyaxın və mərkəz rayonlarında iri sahəli torpaqlar barmaqla sayılacaq qədərdir. Həmin ərazilərin qiymətləri isə məcazi mənada od tutub yanır.
Nümunə üçün diqqət çəkən bir neçə elana nəzər yetirsək, qiymətlərin milyon manatlarla hesablandığını görmək olar. Məsələn, Nəsimi rayonu, “8 Noyabr” metrostansiyasının yaxınlığında 120 sot torpaq sahəsi 12 milyon manata satılır.
Elanda verilən məlumatlara görə, satışa çıxarılan ərazi bina, restoran və biznes-plaza tikintisi üçün əlverişlidir. Digər bir elanda isə Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyasına azca məsafədə yerləşən 5 sot torpaq sahəsi 2 milyon manata təklif edilir. Binəqədi rayonu Dərnəgül şossesində isə 600 sot torpaq sahəsi 19 milyon manata satışa çıxarılıb.
Realtorlar bildirir ki, sözügedən elanlarda təklif olunan daşınmaz əmlaklar daha çox yaşayış binaları və irihəcimli tikintilər (otel, restoran, plaza və s.) üçün əlverişidir. Onların sözlərinə görə, bu tip ərazilər MTK və şirkətlər tərəfindən tez bir zamanda alınır.Yenisabah.az