2003-cü ildə Ussuriyskdə iş adamı Andrey Smoldırevin qətlinə görə 44 yaşlı Dmitri Maxnenkoya qarşı yekun ittiham irəli sürülüb.
KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə informasiyanı Rusiya İstintaq Komitəsinin Primorye üzrə istintaq idarəsi yayıb.
Müstəntiqlərin fikrincə, iki sahibkar Arman Ayrapetyan və Andrey Smoldırev arasında 2003-cü ildə Ussuriyskdə torpaq sahəsini icarəyə götürmək hüququ ilə bağlı münaqişə yaranıb.
Nəticədə Ayrapetyan onu aradan götürmək qərarına gəlib. Bu məqsədlə o, Maxnenkonu yanına çağırıb, ona evdə hazırlanmış səsboğucu tapança verib.
İttiham aktında deyilir ki, 30 oktyabr 2003-cü ildə Dmitri Maxnenko üzünü maska ilə gizlədərək, Andrey Smoldırev şəhər administrasiyasının binasını tərk edənə qədər gözləyib, çıxanda ən azı yeddi atəş açaraq onu öldürüb. Maxnenko cinayət ortağı Dmitri Qaqarinin idarə etdiyi avtomobillə hadisə yerindən qaçıb.
İstintaq nümayəndəsi “Kommersant”a şərh edib ki, Maxnenko qətlə görə mükafat almayıb, cinayəti Ayrapetyanın “ən yaxın dostlar çevrəsində” olduğu üçün törədib.
Arman Ayrapetyan və Dmitri Qaqarin 2013-cü ildə saxlanılıblar və beş ildən sonra Ussuriyski Rayon Məhkəməsi onların hər ikisini qətldə iştirakda ittiham edərək 7 il müddətinə azadlıqdan məhrum edib. Onlar təqsirli olduqlarını etiraf ediblər.
Dmitri Maxnenko iyirmi ildən çox istintaqdan gizlənə bilsə də, bu il aprelin 1-də Xabarovskda saxlanılıb.
“Hazırda təqsirləndirilən şəxsə qarşı son ittiham irəli sürülüb və yaxın vaxtlarda müdafiə tərəfinə cinayət işinin materialları ilə tanış olmaq imkanı veriləcək”, – istintaqdan bildirilib.
Natiq Səlim,
KONKRET.az