“26-lar”ın qadın üzvü – o, azərbaycanlı nazirin mərhəməti sayəsində dar ağacından qurtulubbackend

“26-lar”ın qadın üzvü – o, azərbaycanlı nazirin mərhəməti sayəsində dar ağacından qurtulub

Yəqin ki, son 100 ilin tarixi ilə maraqlanan hər bir oxucu “26 Bakı komissarı” haqqında nəsə oxuyub, filmlərə baxıb, onların kim və nəçi olduqlarından az-çox xəbərdardır. Böyük ehtimalla hamı fikir verib ki, “26-lar”ın arasında qadın yoxdur. Amma ola bilərmiş.

İngils hərbçiləri tərəfindən əsir alınan və gəmiylə Türkmənistanın Krasnovodsk (indiki Türkmənbaşı) limanına aparılan, oradan da Ağcaqum çölünə götürülüb güllələnən “26-lar”ın cərgəsində olmayan o qadının adı Olqadır – Olqa  Qriqoryevna Şatunovskaya.

O, “26-lar” adıyla güllələnən şəxslərin əksəriyyəti kimi heç də komissar olmayıb. Ancaq oxucular da bilirlər ki, “26 Bakı komissarı” adıyla tanıdığımız, 1918-ci ilin aprelindən iyulun 31-nə qədər Bakıda kommunist-bolşevik-daşnak diktaturası qurmuş və sonradan güllələnmiş “26-lar”ın cəmi 10-nu komissar olub. Bakı kommunasının rəhbərlərindən olan Nəriman Nərimanov, Anastas Mikoyan və bir neçə nəfər başqa inqilabçı həbs edilib güllələnənlərin içində olmayıblar. Komissar kimi güllələnmiş digər 16 nəfər isə cangüdən, aşpaz, qəzetçi, matros, əsgər və sair sıravi işlərdə çalışan adamlar olublar.

Onlardan biri də ona görə Olqa Şatunovskaya  ola bilərdi ki, həmin vaxt o, Stepan Şaumyanın katibi olub. O, türk ordusu tərəfindən yaxalanıb, həbsxanaya salınıb və ona dar ağacından asılmaqla ölüm cəzası kəsilib. Ancaq Azərbaycanın yeni təyin olunmuş daxili işlər nazirinin gənc inqilabçı qıza rəhmi gəlib və onun azadlığa buraıxlmasına, Gürcüstana qaçıb gizlənməsinə yardımçı olub.

Mənbələrdə həmin daxili işlər nazirinin adı açıqlanmır, ancaq bu, böyük ehtimalla Behbud xan Cavanşirdir. Çünki onun Şaumyanla və digər ermənilərlə münasibəti olub, eyni zamanda Olqa da Mikoyan kimi məşhur ermənilərlə, xüsusilə də Suren Ağamirov adlı inqilabçı ilə çox yaxın (onların adı 1922-ci ildə Nəriman Nərimanova qarşı partiya daxilində qaldırılmış qiyamda qoşa çəklir) olduğundan, güman ki, onların ikisinin də dar ağacından qurtulması həmin “əlaqə”lərin sayəsində baş tutub. (Behbud xan Cavanşir özü isə 1921-ci ilin iyununda Türkiyədə Torlakyan soyadlı erməni terrorçu tərəfindən güllələnib).

Olqa Şatunovskaya 1901-ci ilin martı ayının 1-də Bakıda, yəhudi ailəsində doğulub. Onun atası Qriqori Naumoviç Şatunovski Sankt-Peterburq Universitetnin məzunu, hüquqşünas olub.

Olqanın 15 yaşı olarkən, 1916-cı ildə Rusiya Kommunist (bolşeviklər) Partiyasına qoşulub. 1917-ci ildə baş verən fevral inqilabından sonra “Bakinski raboçi” qəzetinin redaksiyasında işləməyə başlayıb. Bakı kommunasının hakimiyyəti dövründə o, Bakı soveti xalq kommunasının mətbuat bürosuna rəhbərlik edib, Bakı sovetinin rəhbəri Şaumyanın katibi olub. 1918-20-ci illərdə Qafqazda gizli siyasi fəaliyyət göstərib.

Müsavat hökuməti dönəmində gizlənən Olqa bir də 11-ci ordunun Bakını işğal etməsindən sonra üzə çıxıb və komsomolun mərkəzi komitəsinin katibi, Azərbaycan Kommunist Partiyasının rayon komitəsinin katibi işləyib. Sonra Bryansk quberniyasında partiya işində çalışıb. 1925-ci ildə 24 yaşlı Şatunovskaya yenidən ölkəmizə qayıdıb və yenə də partiyanın rayon komitəsinin katibi və Bakı şəhər partiya komitəsinin üzvü olub. 1929-cu ildə Olqa marksizm-leninizm kursunu bitirib, Moskvada partiya işində çalışıb: partiyanın Moskva komitəsinin təşkilat şöbəsinnin əvvvəlcə müdir müavini, sonra müdiri olub, daha sonra paytaxt komitəsinin aparatının partiya təşkilatına rəhbərlik edib, partiyanın mərkəzi komitənin üzvü olub.

Bu qədər gənc yaşda belə parlaq karyera sahibi olan Şatunovskayanın yüksəlişi heç də davamlı olmayıb. O, bir çox köhnə bolşeviklər kimi 1937-ci il repressiyasından cəzasız çıxa bilmyib. 1937-ci ildə 36 yaşlı Olqa Şatunovskaya Azərbaycan kompartiyasının birinci katibi Mircəfər Bağırovun hazırladığı materiala əsasən həbs olunub. 1938-ci ildə onu əksinqilabi trotskiçi təşkilatın üzvü olmaqda ittiham edərək 8 illik həbs cəzasına məhkum ediblər.

O dövrdə belə olub ki, bütün SSRİ üzrə trotskiçi-zinovyevçi partiyadaxili müxalifətin üzvlərinin, adları çəkilən şəxslərə bu və ya digər şəkildə yaxın olanların kütləvi cəzalandırılması kampaniyası aparılıb. Ancaq Mikoyana daha yaxın olan Şatunovskaya nədən bu siyahıda yer alıb, nəyə görə Bağırovun qəzəbinə məruz qalıb, o qədər də səhih məlumat yoxdur.  Təkcə o bilinir ki, Şatunovskaya o dövrdə gedən saray intriqalarının qurbanı olub, 30-cu illərdə heç də həmişə Stalinin səfində yer almayıb, menşeviklərlə əlaqəsi olub, nəticədə o da repressiya maşınının çarxının ağzına keçib.

Olqa Şatunovskaya öz cəzasını dünyanın ən sərt iqlimə malik olan məkanında – Kolımda çəkib. 1948-ci ildə onu Yeniseyskdə sürgün həyatına məhkum ediblər, 1950-ci illərin axırında Şatunovskayanın yolu Krasnoyarskdakı sürgün düşərgəsinə düşüb.

Şatunovskaya yalnız Stalinin ölümündən sonra azadlığıa çıxıb. Ömrünün 16 ilini həbsxanalarda və sürgün düşərgələrində keçirən köhnə inqilabçı 1954-cü ildə Moskvaya çağırılıb, ona həbs və sürgün edilənlərin işlərinə yenidən baxılması üzrə komissiyanın 24 may 1954-cü il qərarıyla bəraət verilib, partiyaya bərpa edilib.

Xruşovun partiyanın XX qurultayında Stalini ifşa etməsindən sonra yaradılmış komissiyada 1956-cı ildən 1962-ci ilə qədər repressiya olunanlarla bağlı məsələlərlə məşğul olub, “Şvernikin komissiyası” adlanan heyətdə aktiv rol oynayıb. Onun bu komissayaya salınmasını şəxsən Nikita Xruşov təklif edib. Çünki o, Olqa Şatunovskayanın başına gələnlərdən xəbərdar imiş. Bu barədə ona güman ki, Olqanı hələ 1917-ci ildən Bakıda çalışdığı vaxtdan tanıyan Mikoyan danışıb. Mikoyan hələ 1949-cu ildə Şatunovskayanın reablitasiyası haqqında sənədi Beriyaya imzalatmaq istəyib, ancaq ayıq Beriya buna yol verməyib.

Şatunovskaya 1962-ci ildən təqaüdə çıxıb, fərdü təqaüdçü olub. Onunla şəxsən tanış olan Qriqori Pomerans onun həyatı və stalinizmlə mübarizəsinə dair “İstintaqı katorqalı qadın aparır” adlı kitab yazıb.

Olqa Şatunovskaya 1990-cı ilin noyabrında, 89 yaşında ölüb, Moskvada dəfn edilib.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*