Yeni imtahan modelinə keçiddən sonra tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında 300 bal toplayan abituriyentlərin sayında ciddi dəyişikliklər müşahidə olunur. Statistik məlumatlara əsasən, 2019-2022-ci illər ərzində maksimum bal toplayanların ümumi sayı cəmi 13 nəfər olub. Hər il orta hesabla yalnız 2-5 abituriyent bu nəticəyə nail ola bilib. Bu dövr pandemiya və test mexanizmlərindəki dəyişikliklərlə xarakterizə olunur.
KONKRET.az Milli.Az-a istinadla xəbər verir ki, ən diqqətçəkən nəticə isə 2023-cü ilə aiddir – həmin il 300 bal toplayan abituriyent ümumiyyətlə olmayıb. Amma bu il 20 şagird 300 bal toplayıb.
Bəs bu nə ilə bağlıdır, suallar asanlaşdırılıb?
Mövzu ilə bağlı təhsil eksperti bildirib ki, bu fakt imtahan suallarının çətinləşməsi və ya qiymətləndirmənin sərtləşməsi ilə izah oluna bilər. Eyni zamanda, bu nəticə tədris prosesindəki boşluqların və hazırlıq imkanlarının zəifliyinin göstəricisi kimi də dəyərləndirilir.
“2024 və 2025-ci illərdə isə vəziyyət kəskin dəyişib. İki il ərzində ümumilikdə 98 nəfər maksimum nəticə göstərib – 2024-cü ildə 55, 2025-ci ildə isə 43 nəfər 300 bal toplayıb. Bu radikal artım müxtəlif ehtimallarla izah olunur: test suallarının sadələşdirilməsi, qiymətləndirmə meyarlarının yumşaldılması, tədris proqramına uyğunluğun artırılması və repetitorların imtahan strategiyalarını daha effektiv öyrətməsi bu səbəblər sırasındadır”.
Ekspert hesab edir ki, bu qədər kəskin artım imtahanların obyektivliyi və nəticələrin etibarlılığı ilə bağlı ciddi suallar doğurur. Əgər 2023-cü ildə heç kim maksimum nəticə əldə etməyibsə, 2024-cü ildə bu rəqəmin birdən-birə 55-ə yüksəlməsi qiymətləndirmə sistemində süni dəyişikliklərin olub-olmaması ilə bağlı şübhələrə yol açır.
“Qiymətləndirmə orqanı bu dəyişikliklərin səbəbləri barədə cəmiyyətə izahat verməlidir. Əks halda, belə fərqlər imtahanların keyfiyyəti və nəticələrin etibarlılığı ilə bağlı ictimai inamı sarsıda bilər. Bu statistik dinamika mütəmadi monitorinq tələb edir. Xüsusilə də 2026-cı ildə nəticələrin necə dəyişəcəyi – sabit qalacağı, yoxsa yenidən kəskin fərq göstərəcəyi – ciddi şəkildə izlənilməlidir”.