Bugünkü imtahanların nəticələri 2 həftədən sonra elan olunacaq.
KONKRET.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanından sonra bəyan edib.
İlkin məlumatlara əsasən, imtahan binasının girişində yoxlama zamanı 3 nəfərdə üzərində gizlədilmiş mobil telefon aşkarlanıb və həmin şəxslər imtahana buraxılmayıblar. 3 nəfərdə isə imtahan zalında mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar. Bundan əlavə, 1 nəzarətçi zalda köçürməyə şərait yaratdığı üçün imtahandan xaric edilib. Hazırda baş verən hallar araşdırılır. Bir daha xatırladırıq ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.
İmtahanda 45679 abituriyentin iştirakı nəzərdə tutulurdu.