“İl ərzində baş verən proseslərə nəzər salsaq, hakimiyyətin vəd etdiyi iqtisadi inqilabın reallaşmadığı məlum olur”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın müxalifət düşərgəsinə aid media orqanları bildirir. “Jaqovurd” yazır ki, kiçik dəyişikliklərlə ölkənin iqtisadi vəziyyəti (müsbət dinamika olmasa da) əvvəlki kimi davam edir.
“Əlbəttə ki, il ərzində böyük nailiyyətlər olsaydı, ilin sonuna qədər Nikol Paşinyan gündəlik olaraq Facebook səhifəsində görünmək və işlərinin effektiv olduğunu göstərmək fürsətini əldən verməzdi”.
Erməni əhalisi artıq hesab edir ki, il ərzində müxtəlif növ qalmaqallı cinayət işləri, həbslər, korrupsiya iddiaları, fantastik büdcə fondları və revanşçı sui-qəsd nəzəriyyələri ilə hakimiyyət vaxt qazandı və beləliklə də bir müddət ictimai narazılığın qarşısını ala bildi:
“Bununla birlikdə, 2020-ci ildə də eyni metodlardan istifadə edərək ictimai narazılığın toplanmasının qarşısını almaq mümkün olacağına dair ciddi şübhələr var. Xüsusilə Amulsar Qızıl mədəninin istismarı, İstanbul Konvensiyasının ratifikasiyası kimi məsələlər hələ tam həll edilməyib. Təxirəsalınmaz ehtiyaclar da daxil olmaqla 700-ə yaxın mal növünün bahalaşması da ölkənin iqtisadi vəziyyətini ağırlaşdıracaq.
Hökumətin tibbi sığorta vergisini tətbiq etməsi işçilərin vergi yükünü artıracaq ki, bu da gəlirlərin azalmadı deməkdir. Bütün bunlarla yanaşı, hakimiyyət bütün daşınmaz əmlakın vergisini də tətbiq etməyi düşünür”.
Həmin qanuna görə nəinki varlılar, həm də aşağı-orta gəlirli – kasıb vətəndaşlar belə əmlak vergisi şəklində pul ödəməli olacaqlar.
İşləyən vətəndaşların vergi yükü də maliyyələşdirilən pensiya fondlarına edilən ödənişlərin nəzərdən keçirilməsi nəticəsində artacaqdır.
Bu problemlərə baharda qazın bahalaşmasını və bununla da zəncirvari qiymət artımını əlavə etsək cəmiyyətin əhval-ruhiyyəsi sarsılacaq.
Ermənilər onsuz da 2020-nin sosial-iqtisadi vəziyyət baxımından çətin il olacağına inanmağa meyllidirlər.
Hakimiyyətin bu şərtlərdə düzgün istiqamətlənməsi və düzgün hərəkət etməsi üçün çox səy tələb edilsə də, baş nazir Paşinyanın bu şərtlərdə öz nüfuzunu qoruması çox çətin olacaq.
İctimaiyyətin narahatlığını görən Paşinyan vaxt qazanmağa çalışacaq ki, hökümət birtəhər vəziyyəti düzəltsin.
Bu, çox güman ki, son vaxtlar hakimiyyətin daha çox ictimai maraq kəsb edən işlərin geri qaytarılması və qalmaqallı həbslərin təşkili barədə düşünməsi ilə əlaqədardır.
Vəzifə müddətinə yekun vurmaq baxımından Paşinyan ictimaiyyətə az məlumat verir, jurnalist təcrübəsinə əsaslanaraq auditoriyanın rəğbətini qazanmaq üçün yeni metodlar barədə düşünür. Amma camaata çətin olmayan, rahat həyat və xeyli iş yerləri lazımdır. Paşinyanın şousu artıq heç kim üçün cazibədar deyil.
Hazırladı: Fadil PAŞAYEV