Bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin təhdidlərinə cavab olaraq, iki atom sualtı qayığının Rusiya ilə su sərhədi yaxınlığında yerləşdirildiyini açıqlayıb. Lakin bu nüvə daşıyan strateji platformaların dəqiq hansı bölgədə dislokasiya olunduğu barədə məlumat verilməyib. Hazırkı geosiyasi reallıqlar və beynəlxalq hüquqi rejimlər kontekstində bu yerləşdirmənin Qara dəniz, Baltik və ya Barens dənizi akvatoriyalarında həyata keçirilməsi ehtimalları xüsusilə diqqət çəkir.
Xüsusilə Qara dəniz istiqaməti nəzərdən keçirilərsə, bu halda ABŞ-ın hərbi dəniz qüvvələrinin regiona daxil olması 1936-cı il Montrö Konvensiyasının müddəalarını poza bilər. Konvensiyaya əsasən, Qara dənizə sahili olmayan dövlətlərin hərbi gəmiləri, o cümlədən sualtı qayıqları yalnız Türkiyənin icazəsi və əvvəlcədən verilmiş diplomatik bildiriş əsasında boğazlardan, yəni Çanaqqala və Bosfor vasitəsilə keçid əldə edə bilər. Digər potensial dislokasiya bölgələri olan Baltik və Barens dənizləri isə Rusiya ilə dəniz sərhədi olan açıq sahələrdir və belə bir yerləşdirmə hüquqi məhdudiyyətlər baxımından nisbətən daha az əngəllidir.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, Montrö Konvensiyasına görə, başqa ölkələr Qara dənizdə donanmalarını müəyyən müddətdən çox saxlaya bilməzlər:
“Lakin ABŞ-ın bu baryeri keçməsi mümkündür. Tramp ölkəsinin NATO üzvü olmasını və Türkiyənin də alyansa üzvlüyünü əsas gətirib, belə bir addım ata bilər. O ki qaldı həmin sualtı qayıqlara, hesab edirəm, ABŞ bundan Rusiyanı çəkindirmək üçün istifadə edir. Yəni prinsipcə ABŞ-ın dünyanın istənilən ölkəsindən, ya da obyektindən hədəfi rahatlıqla vura biləcək silahları və texnikası var”.
Politoloq qeyd edib ki, işin bu həddə çatması dünyanın proqnozlaşdırılmayan bir prosesə girdiyini göstərir:
“Beynəlxalq hüquq faktiki olaraq tam işləmir. Bu da xaos və boşluğa səbəb olur. Bu gün dünyada gərginliyin belə sürətlə artmasının əsas səbəbi hüquqi boşluqlar və mexanizmin işləməməsidir.
Lakin mövcud situasiyada Rusiyanın üzərinə də böyük məsuliyyət düşür. Çünki bu ölkə Ukrayna ərazilərini işğal edib. ABŞ da cavab verir. Rusiyada sağlam qüvvələr məsələyə daha ayıq başla yanaşmalıdır. Əks təqdirdə, ikinci Karib böhranına (1962) bənzər bir situasiyaya şahid ola bilərik”.