“9 milyon manatdan çox vəsaitin əhaliyə tam çatdırılmasına nəzarət gücləndirilməlidir –  ÇAĞIRIŞbackend

“9 milyon manatdan çox vəsaitin əhaliyə tam çatdırılmasına nəzarət gücləndirilməlidir - ÇAĞIRIŞ

Məlum olduğu kimi, Vətən müharibəsində düşmən qüvvələrin ərazilərimizə təcavüzü nəticəsində mülki əhaliyə böyük ziyan dəyib. Artıq həmin ziyanın ödənilməsi məqsədilə dövlət tərəfindən ilkin olaraq 9.068.128 manat vəsait ayrılıb. Və Baş nazir Əli Əsədov tərəfindən bununla bağlı imzalanmış sərəncamda göstərilən məbləğin müvafiq icra hakimiyyətlərinin xəzinə hesablarına ödənilməsi tapşırılıb. Eyni zamanda, əhaliyə çatacaq məbləğin 10 gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsi barədə göstəriş verilib.

Məsələ burasındadır ki, hazırda vətəndaşların həmin məbləğin halallıqla ünvanlarına çatdırılması ilə bağlı icra hakimiyyətlərinə inamı azdır. Bu səbəbdən cəmiyyətdə sözügedən mövzu geniş müzakirələrə gətirib çıxarıb. Bəs görəsən, vətəndaşların bu inamsızlığı nə qədər əsaslıdır? Və icra hakimiyyətləri bu işdə üzərilərinə düşən vəzifənin öhdəsindən vicdanla gələ biləcəklərmi?

Mövzu ilə bağlı KONKRET.az-la fikirlərini bölüşən Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, əhalinin bu barədə narahatlığı haqlıdır:

– Vətəndaşlar icra hakimiyyətlərinin indiyə qədər gördüyü işləri də bilir, onların mahiyyətinə də bələddir və narahat olmaları üçün də fundamental əsasları var. Məlumdur ki, müharibədə ziyan görmüş əhali qrupunun hamısı artıq rəsmi qeydiyyata alınmış şəxslərdir. Onlara dəymiş zərərin ödənilməsi üçün ayrılan vəsaitlərin hamısını bank kartlarına köçürmək mümkün idi. Hesab edirəm ki, ən doğru yol da elə bu idi və daha effektli variant olardı. Amma indi ki icra hakimiyyətlərinə ayrılıb, fikrimcə, bununla bağlı da bir ictimai nəzarət həyata keçirilməlidir. Həm jurnalistlər, həm də yerli aktivistlər bu məsələdə fəal olmalı, əhaliyə həmin məbləğin tam çatdırılmasına nəzarət etməlidirlər.

Ümumən icra hakimiyyətlərinə, icra başçılarına cəmiyyətdəki qıcıqla bağlı məsələyə münasibətinə gəlincə, İqbal Ağazadə hesab edir ki, bu sahədə idarəetmə sistemi dəyişməlidir: “Əgər hətta müharibənin ağır bir vaxtında hansısa icra başçısı rüşvət alırsa və ya rüşvətə görə həbs olunursa, vətəndaşın o struktura inam və etimad göstərməsi çox çətin məsələdir. Ona görə də bütövlükdə idarəetmə sisteminin dəyişdirilməsi, o cümlədən bələdiyyə strukturlarının imkanlarının genişləndirilməsi və onlara əlavə səlahiyyətlərin verilməsi labüddür. Yəni bələdiyyə strukturlarının iştirakı ilə seçilmiş orqanlar və hesabatlılıq vasitəsilə bu problemləri həll etmək mümkündür. Hazırda ölkəmizdə belə hesabatlılıq yoxdur.

Bilirsiniz, icra hakimiyyətinin vətəndaş qarşısında hesabat verəcək məsuliyyəti yoxdur. Olsa-olsa, onu təyin edənlərin qarşısında məsuliyyət daşıyır. O da hansı zamana gəlib çatarsa, neçə il keçərsə və s. Amma seçkili orqanlar belədir ki, hesabat verməyəndə və xalq narazı qalanda o, növbəti mərhələdə seçilmir, həmin görəvə yenidən oturdulmur. Ona görə demokratik, azad seçki və bələdiyyələrin səhaliyyətlərinin artırılması ən vacib faktorlardan biridir ki, bunu illərdir deyirik. Bu gün bələdiyyələri icra strukturunun bir əlavəsinə çevirməyə, icra hakimiyyətlərinin səlahiyyətlərini genişləndirməyə nə ehtiyac var ki? İcra hakimiyyətinin başçısı Prezidentin şəxsi nümayəndəsi kimi fəaliyyət göstərməlidir. Vətəndaşlarla bağlı olan yerli problemlərin hamısını bələdiyyə strukturları həyata keçirməlidir. Dünyanın əsas dövlətlərinin əksəriyyətində bu, belədir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*