ABŞ-Britaniya birliyi Çin və Rusiyaya QARŞI: Dünyada yeni MÜHARİBƏ BAŞLAYIR? – ÖZƏLbackend

ABŞ-Britaniya birliyi Çin və Rusiyaya QARŞI: Dünyada yeni MÜHARİBƏ BAŞLAYIR? - ÖZƏL

ABŞ və Böyük Britaniyanın Rusiya və Çinə qarşı Atlantik Deklarasiyası adlı yeni pakt qurması dünya dövlətləri tərəfindən birmənalı qarşılanmayıb və böyük səs-küy yaradıb. Bir çox siyasi ekspertlər bu paktı yeni soyuq müharibənin başlanğıcı kimi xarakterizə etsələr də, bəzi analitiklər Ağ Evin bu addımının uğurlu olmayacağını dilə gətirirlər. Bəs görəsən, bu paktın qurulması ilə Rusiya və Çinə qarşı hansı addımlar atıla bilər? Rusiya və Çin bu pakta qarşı hansısa tədbir görəcəkmi?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, yeni Atlantik deklararsiyası paktının əsas hədəfi Çin və Rusiyadır:

“Son iki ildə Çin-ABŞ və Çin-Rusiya münasibətləri yetərincə gərginləşib. Rusiya-Ukrayna müharibəsi və bu savaşda Çinin Kremli dəstəkləməsi tərəflər arasındakı gərginliyi pik həddə çatdırıb. Amerika Birləşmiş Ştatlarında hesab edirlər ki, Rusiyanın bu günə qədər Qərbin silah və hərbi texnikasının qarşısında davam gətirməsinin əsas səbəbi Çinin rəsmi Moskvanı dəstəkləməsidir. Məhz buna görə də ABŞ hazırda mövcud olan koalisiyaları Çin və Rusiyaya qarşı mübarizədə yetərli hesab etmir”.

Politoloqun sözlərinə görə, yeni koalisiya və paktların yaradılması Rusiyaya qarşı mübarizədə mühüm rol oynaya bilər:

“Atlantik Deklarasiyası paktı bu istiqamətdə atılan addımlardan biridir. Bu paktın Rusiya və Çinə qarşı nə dərəcədə effektli olacağını gələcək göstərəcək. Təbii ki, Rusiya və Çin də bu təşkilatın qarşısında cavabsız qalmayacaq. Onlar da ABŞ və Qərb hegemonluğuna qarşı olan qüvvələri yeni təşkilat altında birləşdirə, yaxud Briks, ŞOS kimi mövcud koalisiyalardan bu istiqamətdə istifadə edə bilərlər”.

Mövzunu saytımıza şərh edən politoloq Elman Vəliyev bildirib ki, ABŞ-ın əsas hədəfi Çindir:

“Rusiya Çinə gedən yolda maneə idi. Öncə onu aradan götürməyə çalışdılar. Amma yeni qurulan pakt çox da böyük təsirə malik ola bilməz. Çinin əli artıq hər yerə çatır. Pekinin növbəti addımı “birləşdirmə” siyasəti olacaq. Yəni özünə yeni “dostlar” cəlb etməyə çalışacaq. Həmçinin rəsmi Pekin yeni bazalar quracaq. Bu istiqamətdə Latın Amerikası və Afrika ölkələri prioritet təşkil edir. Bu paktın “BRİKS’ə qarşı qurulduğunu da söyləmək mümkündür. Amma Amerika və Böyük Britaniya paktı Çin və Rusiyanı daha da yaxınlaşdıracaq. Sonra İran da buna qoşulacaq”.

Politoloqun sözlərinə görə, Çin İranı Səudiyyə və Misirlə normallaşma mərhələsinə daxil edir:

“İsraillə İran qarşıdurmasında Misir İranın səfində dayana bilər. Ərdoğanın inaqurasiyasından sonra əsas məsələ İsveçə qarşı olan vetonun aradan qaldırılması idi. Çünki qarşılarında güclü rəqiblər var. Türkiyə siyasi arenanın gedişatında Rusiyanı tərk etməyəcək. Növbəti qarşıdurma Balkanlarda və Körfəzdə yaşana bilə. Çünki Misirin yanlış addımında Efiopiyanı dəstəkləyəcəklər. Üstəlik, Cənubi Qafqazı Rusiyanın əlindən çıxarmağa çalışacaqlar, Azərbaycanı isə “NATO’ya üzvlük prosesinə qədər gətirəcəklər. Bu yaxınlarda Azərbaycanın ilk dəfə NATO+ tərəfdaşlar formatında keçirilən iclasa dəvət olunduğunu gördük. Azərbaycanın NATO-ya üzv ola bilməməsinə maneə Qarabağ konflikti idi. Artıq bu konflikt də demək olar ki, həll edilib. Rusiya bütün bu faktorları nəzərə alaraq və prosesə mane olmaq üçün sülhməramlılarını Qarabağa yerləşdirdi. Çünki baş verənlərin fərqində idi”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*