ABŞ sanksiyalar altında olan bir sıra Rusiya banklarına Macarıstanda Paks-2 atom elektrik stansiyasının tikintisi ilə bağlı əməliyyatlar aparmağa icazə verib.
KONKRET.az-ın xəbərinə görə, müvafiq lisenziya iyunun 27-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Şöbəsi olan OFAC tərəfindən verilib.
Sənədə əsasən, Qazprombank, Vneşekonombank, Sovcombank, Sberbank, VTB, Otkritie Bank, Alfa-Bank, Rosbank, Zenit Bank və Sankt-Peterburq Bankı Macarıstan AES-in tikintisinə 2025-ci il dekabrın 19-dək nəzarət edə biləcəklər.
Macarıstanda atom elektrik stansiyasının tikintisi ilə məşğul olan “Rosatom” məhdudiyyətlərin götürüldüyünü təsdiqləyib. Dövlət korporasiyasının özü ABŞ sanksiyaları altında deyil. Çünki ABŞ Rusiyadan zənginləşdirilmiş uranı alır. Bununla belə, Vaşinqton əvvəllər Rosatom-a sanksiya tətbiq edilmiş banklar vasitəsilə ödənişlərə icazə verməyərək Paks-2-nin həyata keçirilməsinə mane olmuşdu. Beləliklə, OFAC lisenziyasının əvvəlki variantında açıq şəkildə qeyd olunurdu ki, Qazprombank Macarıstandakı atom elektrik stansiyası istisna olmaqla, mülki nüvə enerjisi ilə bağlı əməliyyatlar apara bilər.
Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto belə bir qərarın ABŞ prezidenti Co Baydenin administrasiyası tərəfindən “siyasi səbəblərə görə” verildiyini bildirib. Siyarto məhdudiyyətləri aradan qaldırdığına görə Donald Trampa minnətdarlığını bildirib.
“Rusiya və Fransada Paks AES üçün lazım olan iri avadanlığın istehsalı davam edir. İndi tikinti Paksda yerində yeni təkan ala bilər”, – Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.
Rusiya və Macarıstan 2014-cü ildə Paks AES-də iki yeni 5 və 6 nömrəli enerji blokunun (Paks-2) tikintisinə dair saziş imzalayıblar. Layihənin ümumi dəyəri 12,5 milyard avro həcmində qiymətləndirilir. 2022-ci ilin avqustunda Macarıstanın Atom Enerjisi İdarəsi Rosatom-a enerji bloklarının tikintisi üçün lisenziya verib, 2023-cü ilin mayında isə Avropa Komissiyası stansiyanın tikintisi və layihənin maliyyələşdirilməsi ilə bağlı sazişlərə düzəlişləri təsdiqləyib.
Həmin ilin noyabrında məlum olub ki, Macarıstan hökuməti ilə Rusiya dövlət korporasiyası arasında iş qrafiki imzalanıb. AES-in iki yeni enerji blokunun şəbəkəyə qoşulması 2030-cu illərin əvvəllərinə planlaşdırılırdı. Bununla belə, 2024-cü ilin noyabrında Rusiya ilə Macarıstan arasında layihə üzrə ödənişlərin həyata keçirildiyi Qazprombank ABŞ-ın sanksiyaları altına düşdü və bu, onun həyata keçirilməsini sual altına aldı.
Müşviq Tofiqoğlu
KONKRET.az