ABŞ hərəkətə keçdi: SSRİ-ni dağıdan silahı işə düşür? – Rusiya 36 illik taktika ilə vurulacaqbackend

ABŞ hərəkətə keçdi: SSRİ-ni dağıdan silahı işə düşür? – Rusiya 36 illik taktika ilə vurulacaq

Dünya intizarla ABŞ Prezidenti Donald Trampla Rusiya dövlət başçısı Vladimir Putinin görüşünü gözləyir. Çoxları iki liderin təmasından ciddi nəticələrin çıxacağını düşünmədiyini ifadə edir. Əsas arqument kimi Ukrayna müharibəsi göstərilir. Rusiya Ukraynanın işğal etdiyi ərazilərdən çıxamayacağını israrla bildirir.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, Kollektiv Qərb isə əks mövqedədir. Çünki Putini və Rusiyanı yaxşı tanıyırlar – Ukraynada ələ keçirdiyi ərazilərdə qalsa, Polşa, Moldova, hətta Rumıniya təhdid altına düşə bilər. Ona görə də Avropa İttifaqı və Birləşmiş Ştatlar narahatdır.

Volodimir Zelenski hakimiyyəti də ərazi məsələsində güzəştsiz olduğunu dəfələrlə bəyan edib. Heç Ukrayna xalqı da bu acı sonluğa razı deyil. Sülhün torpaq itkisi hesabına əldə ediləcəyinə qarşıdır.

Belə qarışıq vəziyyətdə ABŞ və Rusiya prezidentlərinin görüşündən ciddi nəticə hasil olmayacağını düşünənlərə müəyyən qədər haqq vermək mümkündür. Ancaq bəzən tarixə nəzər saldıqda bu istiqamətdəki düşüncələr dəyişə bilir.

1980-ci illərin ortasından ABŞ-SSRİ münasibətlərində dönüş yarandı. O zamankı prezident Ronald Reyqanla Sov.İKP.MK-nın baş katibi Mixail Qorbaçov arasında təmaslar artmağa başladı. 1988-ci ildə R.Reyqan Moskvaya rəsmi səfər etdi. Hər iki lider Cenevrə sammitində bir araya gəldi. M.Qorbaçov həmin ilin dekabrında Nyu-Yorkda R.Reyqanla görüşdü. Beləliklə, iki nəhəng dövlət arasında dəmir pərdə, qarşılıqlı düşmənçilik və bundan irəli gələn soyuq müharibə dövrü başa çatdı. İddia olunur ki, Vaşinqton SSRİ kimi nəhəng imperiyanı, totalitarizm yuvasını yumşaq güclə, dialoqla, “mehribanlıqla” yıxdı.

Bundan 1 il sonra – 1989-cu ilin dekabrın 3-də Qorbaçovla ABŞ-ın yeni hakimiyyətə gələn prezidenti Corc Buş arasında Maltada zirvə görüşü keçirildi. Bu görüş tarixdə yeni dünya düzəninin əsasının qoyulması kimi qalıb. Həm də olduqca önəmli dövrə – Berlin divarının uçurulmasından bir ay sonraya təsadüf edirdi. Sən demə, həmin vaxtlar SSRİ-nin tabutunun hazırlanması prosesi gedirmiş. Məşhur “Malta müqaviləsi” burada imzalandı. O zaman iki dövlət başçısı görüşün yekununda bəyan etdi ki, ABŞ və Sovet İttifaqı bir-birinə düşmən kəsilmiş ölkələr deyil. Aralarında düşmən münasibətə son qoyuldu. Bundan 2 il sonra – 1991-ci ilin 8 dekabrında Belovejsk razılaşması ilə SSRİ-nin süqutu rəsmiləşdirildi.

Bu proses tarixdə qiymətini Qərbin SSRİ kimi nəhəng imperiyanı, nüvə dövlətini yumşaq güclə yıxması kimi aldı. O dövrün müşahidəçiləri Malta sammitini Stalin, Ruzvelt və Çörçilin müharibədən sonrakı dünya planlarını müzakirə etdikləri 1945-ci il Yalta konfransından sonra ən mühüm sammit adlandırırdılar.

Trampla Putinin avqustun 15-də Alyaskada Elmendorf-Riçardson hərbi bazasında baş tutacaq görüşünün də dünya düzənində önəmli rol oynayacağı proqnozlaşdırılır. Tarix son 80 ildə üçüncü belə miqyaslı görüşə şahidlik edəcək.

Malta sammiti ilə Alyaska görüşünün oxşar tərəflərindən biri də hər iki görüşün hərbi infrastrukturda keçirilməsidir. Malta görüşü SSRİ-nin Qara dəniz donanmasının flaqmanı “Slava” (yeni adı “Moskva”) gəmisində baş tutmuşdu. Xatırladaq ki, 2022-ci ilin aprel ayında bu gəmi batdı. “Moskva” Ukrayna aviasiyasının uğurlu əks-hücumu zamanı Qara dənizin sularına qərq oldu. Gəmi ilə bağlı bir maraqlı fakt isə odur ki, o, Ukraynada istehsal edilmişdi. Elə Ukrayna tərəfindən də batırıldı. Alyaska görüşü də Ukrayna müharibəsi ilə bağlı keçirilir. Əcəba, indi Rusiyanın hansı gəmisini batıracaqlar?..

Ukraynaya hücum səbəbindən Rusiyanın Qərb və ABŞ-la münasibətlərində gərginlik yaranıb. Moskva Avropa ölkələrinin, eləcə də ABŞ-ın ağır sanksiyaları altında inləyir. Buna rəğmən müharibəni davam etdirir. Əsas rəy belədir ki, kollektiv Qərb Rusiyanı Ukraynada sürünən müharibə ilə çökdürmək istəyir. Eynən 1979-89-cu illərdə SSRİ-nin Əfqanıstan müharibəsində zəiflədilməsi taktikası kimi. ABŞ o dövrdə olduğu kimi, indi də SSRİ-nin varisi olan Rusiya Federasiyasına qarşı hərbi güc tətbiq etməkdən yayınır. Putinlə Trampın görüşünün də 36 il öncəki planla eynilik təşkil etdiyi iddia olunur.

Vaşinqton hər dəfə Rusiya lideri ilə dostluq, müttəfiqlik büsatı quranda, ruslar böyük fəlakətlə üzləşir. Donald Trampla Vladimir Putinin Alyaska görüşündən sonra Rusiyanı hansı fəlakət gözləyir? 36 il öncəki proseslər təkrarlana bilər?

Məşhur misalda deyildiyi kimi, Amerika heç kimi sevgisindən qucaqlamır. Qarşıdakı rəqibə dostcasına sarılır ki, daha yaxşı boğa bilsin…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*