ABŞ-ın Ankaradakı səfiri və Suriyaya xüsusi nümayəndəsi Tom Barrack NTV-nin diplomatiya müxbiri Deniz Kilisloğlu ilə ilk müsahibəsində Rusiya-Ukrayna müharibəsi, Qəzzadakı faciə və Türkiyə-ABŞ münasibətləri barədə önəmli fikirlərini bölüşüb.
KONKRET.az xəbər verir ki, Barrack ailəsinin Osmanlı imperiyası dövründə Livandan ABŞ-a köç etdiyini və “mənim uğurlarımın sirri Amerika azadlığı ilə Osmanlı genlərinin birləşməsindədir” deyib. O, Türkiyədə diplomatik vəzifədə işləməyi həyatının ən böyük fürsəti adlandırıb.
Rusiya-Ukrayna münaqişəsində Türkiyənin rolunu yüksək qiymətləndirən Barrack qeyd edib: “Türkiyə həm Rusiya, həm də Ukrayna ilə ənənəvi əməkdaşlıq əlaqələrinə malikdir və bu dialoqun davam etdirilməsi vacibdir. Prezident Tramp səbrini itirmək üzrədir və Türkiyənin vasitəçiliyi ilə zirvə görüşlərinin mümkünlüyünə inanırıq”.
Suriya siyasətində dəyişikliklərin olacağını vurğulayan Barrack “Bugünkü Suriya siyasəti keçmişdən fərqlənəcək. SDQ bizim müttəfiqimizdir və onların yeni Suriya hökumətinə inteqrasiyası çox önəmlidir” deyib. Həmçinin İsrail və Türkiyə münasibətlərinə toxunaraq dini qarşıdurma iddialarını rədd edib.
Qəzzadakı insan faciəsinə toxunan Barrack bildirib: “Qəzzada anlamsız qırğınlar baş verir və ABŞ xalqı bu vəziyyətdən dəhşət içindədir. Prezident Tramp iki dövlətli həll yolunu dəstəkləyir”.
Türkiyə-ABŞ münasibətlərinə gəldikdə isə Barrack “Tramp Türkiyə ilə əlaqələri strateji yox, daha çox əməliyyat yönümlü və praqmatik səviyyəyə qaldırmaq istəyir. Türkiyənin regiondakı təsiri çox böyükdür. S-400 problemi mürəkkəbdir, amma Türkiyə öz hava müdafiə sənayesini inkişaf etdirməkdə qərarlıdır” deyib.
Barrack regiondakı çətinliklərə baxmayaraq Türkiyənin güclü oyunçu olduğunu vurğulayaraq “Türkiyə Körfəzdə yumşaq gücə və bölgədə sərt gücə malik nadir ölkələrdəndir. Yumşaq İslam və laiklik nümunəsini təqdim edir” fikrini səsləndirib.
Natiq Səlim,
KONKRET.az