Rusiya Prezidenti Vladimir Putin Gürcüstanın separatçı regionları olan Abxaziya və Cənubi Osetiyada yaşayan şəxslərə Rusiya pasportlarının verilməsi ilə bağlı fərman imzalayıb. Maraqlıdır, Rusiya bu addımı ilə nəyi hədəfləyir? Bu, faktiki ilhaqın davamı kimi dəyərləndirilə bilərmi?
KONKRET.az xəbər verir ki, mövzuya münasibət bildirən politoloq Azad Məsiyev bu addımı Moskvanın faktiki ilhaq siyasətinin davamı kimi qiymətləndirib. Onun sözlərinə görə, bu prosesin kökləri 2008-ci ildə Gürcüstanda baş verən hadisələrə gedib çıxır:
Azad Məsiyev
“2008-ci ildə Gürcüstanın o vaxtkı Prezidenti Mixail Saakaşvilinin avantürist siyasəti nəticəsində ölkə Abxaziya və Cənubi Osetiyanı itirdi. Saakaşvilini ABŞ Gürcüstanda hakimiyyətə gətirmişdi. Məqsəd Rusiyanın ətrafında qaynar nöqtələr yaratmaq idi. ABŞ və NATO bloku Rusiya ətrafındakı dövlətlərdə çevriliş edərək bu ölkələri Kremlə qarşı istifadə etməyə çalışırdı. Gürcüstan bu proqramın bir hissəsi idi. Saakaşvili siyasəti ilə Gürcüstanı ABŞ maraqlarının alətinə çevirdi və nəticədə Rusiya fürsətdən yararlanaraq Abxaziya və Osetiyanı ələ keçirdi”.
Politoloq qeyd edib ki, bu ssenari daha sonra Ukraynada, hətta Belarusiyada təkrarlanmağa başladı:
“2014-cü ildə Ukraynada da eyni plan həyata keçirildi. ABŞ, demokratik ideya adı altında Ukraynaya müdaxilə etdi və bu ölkəni də Rusiyaya qarşı qoydu. Belarusiyada da hakimiyyət dəyişikliyi planlaşdırılırdı, lakin alınmadı. İndi isə eyni ssenari Ermənistan üzərində sınaqdan keçirilir. Nikol Paşinyan ABŞ-ın dəstəyi ilə hakimiyyətə gətirildi ki, Rusiyanın Ermənistandakı nüfuzu zəifləsin”.
Azad Məsiyev hesab edir ki, Abxaziya və Cənubi Osetiyada yaşayanlara Rusiya pasportlarının verilməsi Gürcüstana və beynəlxalq aləmə bir mesajdır:
“Bu, o deməkdir ki, həmin ərazilərin Gürcüstana geri qaytarılması real deyil. Ümumiyyətlə, Rusiya Ukraynada nəzarət etdiyi ərazilərdə də referendum keçirib və hüquqi don geyindirməklə özünküləşdirib. Dünya siyasətində hüquq yox, güc qanunu işləyir və bu baxımdan Rusiyanın belə addımları təsadüfi deyil”.
Politoloq əlavə edib ki, nə Gürcüstanın, nə də Ukraynanın gücü Rusiya ilə düşmənçilik etməyə yetərlidir və Saakaşvilinin siyasəti nəticəsində Gürcüstan ərazilərinin bir hissəsini itirib. Rusiya isə indi bu bölgələri vətəndaşlıq siyasəti ilə tam olaraq öz nəzarətinə keçirir.
Müşviq Tofiqoğlu
KONKRET.az