Ermənistan baş naziri Nikol Paşinyanın fevralın 3-dən başlanan ABŞ səfəri ölkəsində də müzakirə mövzusudur. Müxtəlif kontekstlərdən yanaşılan səfərin mahiyyətini şərh edən ekspertlər düşünürlər ki, Paşinyan Vaşinqtona getməklə fürsət tapıb Trampla görüşə bilər. Amma onun cəhdləri nəticəsiz qalıb və Amerikadakı erməni lobbisinin də Trampa hələlik əli çatmır. Bayden administrasiyasının “sevimlisi” olan Paşinyanın respublikaçılar dönəmində necə qəbul ediləcəyi erməni cəmiyyətində də böyük maraq doğurur. Erməni politoloq Suren Sarkisyan özünün “Facebook” hesabında Paşinyanın ABŞ səfərindən geniş bəhs edib:
”Səfərin bəhanəsi Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində və Milli Dua Tədbirində iştirakdır. Bu tədbirlər hər il paytaxt Vaşinqtonda keçirilir. Formal olaraq bu, Paşinyanın fevralın 3-də başlayan Vaşinqton səfəri üçün əsas olub. Ancaq hesab edirəm ki, Paşinyanın əsl gündəliyi bu tədbirlərdə qətiyyən iştirak etməməkdir. Hər kəs bilir ki, Paşinyan imana və dinə o qədər də inanan adam deyil. Üstəlik, dinlə əlaqəsi olmayan Arsen Torosyanın da səfərdə iştirak etməsi məni təəccübləndirdi. Bu, o deməkdir ki, onun səfərində din sadəcə bəhanədir. Düşünürəm ki, səfərin əsl səbəbləri başqadır.
- Paşinyan üçün Trampın xarici siyasətinin hansı istiqamətdə inkişaf edəcəyi mühüm əhəmiyyət daşıyır. O, ABŞ-ın dəstəyinə arxalana bilərmi və Tramp administrasiyası Bayden hakimiyyətinin Paşinyana verdiyi iqtisadi, maliyyə və siyasi dəstəyi verəcəkmi?
- Bu administrasiyanın Ermənistan-Azərbaycan danışıqlar paketi ilə bağlı mövqeyi Paşinyan üçün çox vacib məqamdır. O, Tramp komandasının Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlarda vasitəçiliyi davam etdirməyə hazır olub-olmadığını başa düşməlidir.
- O, bilmək istəyir ki, bu administrasiya onun “dünyanın kəsişməsi” adlanan konsepsiyasında maraqlıdır, yaxud layihənin həyata keçirilməsinə nə dərəcədə dəstək verəcək?
- Amerikalıların Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yardım etmək üçün vasitəçiliyini öyrənmək istəyir.
- O, Trampın İran və Rusiyaya qarşı siyasətinin necə olacağını dəqiqləşdirməlidir.
- Paşinyan bu administrasiyanın ümumilikdə erməni-amerikan strateji tərəfdaşlığında və xüsusilə ABŞ-ın prioritetlərində nə dərəcədə maraqlı olduğunu anlamağa çalışacaq.
- Nəhayət, Paşinyan ABŞ hakimiyyətini, erməni icmasını və lobbiçiləri inandırmalıdır ki, Vaşinqtonun Azərbaycana təzyiqi davam edəcək.
Bu suallara ən yaxşı şəkildə Tramp, dövlət katibi, prezidentin milli təhlükəsizlik üzrə müşaviri, müdafiə naziri və müxtəlif dövlət qurumlarının regional rəhbərləri cavab verə bilər. Görək Paşinyan onlardan hansı ilə görüşəcək. Ermənistan hökuməti demokratların seçkilərdə qalib gələcəyinə əmin idi və səfərin təşkilinin səbəblərindən biri də budur.
Göründüyü kimi, Paşinyanın Amerika səfərindən ciddi gözləntiləri olan Ermənistan cəmiyyəti okeanın o tayından yenə hərbi-siyasi dəstək almaq niyyətindədir. Bunun üçün əvvəlcə Vaşinqtona kəşfiyyat xarakterli səfər etmək, yeni administrasiyanın nəbzini yoxlamaq lazımdır. Bu gün Trampın yeni islahatlara başladığı dövrdə Ermənistan və Paşinyan Vaşinqtonu qəti maraqlandırmır. 4 il ərzində demokratlardan ciddi dəstək alan Paşinyan özü də başa düşür ki, onun işi Vaşinqtondakı kilsədə dua etməkdir. Bəlkə Ermənistanı Paşinyanın ABŞ kilsələrindəki duaları xilas etdi.
Vəli Həsənoğlu,
KONKRET.az