Ötən cümə axşamından bəri 100-dən çox yükdaşıyan gəmi marşrutunu dəyişib. Onlar Qırmızı dənizə girmək əvəzinə, Cənubi Afrikadakı Ümid burnundan keçməyə məcbur olurlar. Bu da dənizçilərin yolunu 6000 dəniz mili uzadır. Bu məsafə isə nə az, nə çox, düz 10 günə qət edilir. Qırmızı dənizdə baş verən xoşagəlməz hadisəylə bağlı bir çox dəniz şirkətləri narahatlıqlarını ifadə ediblər. Almaniyanın “Hapag-Lloyd” və Honq Konqun “OOCL” şirkətləri Qırmızı dənizdən qaçmaq niyyətində olduqlarını bildiriblər. “Hapag-Lloyd” ilin sonuna qədər 25 gəmini əsas yoldan uzaqlaşdıracağını və bununla da qlobal təchizat zəncirinə zərbə vuracağını bildirib. Ticarət platforması “Freightos” isə bildirib ki, dəniz ticarət marşrutunun pozulması qiymətləri artırıb, Çindən Aralıq dənizinə konteynerlərin daşınmasının qiyməti dekabr ayında 44% artaraq 2,413 dollara çatıb. Dekabrın 12-dən isə neftin qiymətində artım müşahidə olunur.
Qırmızı dəniz neft və yanacağın, eləcə də istehlak mallarının daşınması üçün ən mühüm dəniz yollarından biridir. Asiya ilə Avropa arasında yük daşımaları adətən bu dənizdən keçərək Bab əl-Məndəb boğazına daxil olur və sonra Süveyş kanalı vasitəsilə Aralıq dənizinə keçir. Bu ticarət yolu bütün dünya ticarətinin 12%-ni və qlobal dəniz neft ticarətinin 9%-ni təşkil edir. Buna səbəb Yəmən ərazisinin dörddəbirinə və qərb sahillərinin bir hissəsinə nəzarət edən Yəmən husi üsyançılarının Qırmızı dənizdə gəmiləri raketlər və PUA-larla atəşə tutmasıdır. Onlar bəyan ediblər ki, İsrail Fələstinin Qəzza zolağına hücumlarını dayandırmayınca hücumlardan əl çəkməyəcəklər.
Qəzza zolağında İsraillə, Yəməndə husilərlə müharibə aparan HƏMAS-ı İsrailin şimalını atəşə tutan Livan Hizbullahı və bir müddət əvvəl İsrailə raket zərbələri endirən İraq milisləri və İran hökuməti dəstəkləyir. Bu gün İranın məqsədlərindən biri də İsrail və ABŞ-ın siyasətinə qarşı müqaviməti təmin etməkdir.
Husilərin nümayəndəsi Yəhya Sarea bildirib ki, “hücumlar İsrailin Qəzzadakı qardaşlarımıza qarşı təcavüzü bitənə qədər davam edəcək”. Husilərin dəniz ticarət yolunu bağlaması İsrailə ən təsirli cavabdır. Bəs ticarət yolunu iflic edən doğrudanmı husilərdir?
“Wall Street Journal”ın yazdığına görə, iranlılar Qırmızı dənizdə husilərə real vaxt rejimində kəşfiyyat məlumatı verirlər. Bundan əlavə, qrupun istifadə etdiyi qanadlı raketlər və pilotsuz təyyarələr İran istehsalıdır. Çox güman ki, onları Yəməndən tayfa Huti milislərinin üzvləri deyil, iranlı mütəxəssislər çıxarıblar, çünki bu cür sistemləri idarə etmək yüksək bacarıq tələb edir.
Yaxın Şərqdə güclü dəniz və hava qüvvələrinə malik ABŞ gəmiçilik təhlükəsizliyini təmin etmək məqsədi daşıyan koalisiya yaratdığını açıqlayıb. Çərşənbə axşamı Vaşinqtonda “Prosperity Guardian” dəniz qüvvələrinin yaradılması elan edilib. Onlar Qırmızı dənizin cənubunda fəaliyyət göstərərək husilərin ticarət gəmilərinə hücumlarını dəf etməyə çalışacaqlar. Əməliyyatda amerikalılardan başqa Bəhreyn, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Hollandiya, Norveç, Seyşel adaları və İspaniya da iştirak edəcək. Lakin amerikalılar təkcə İrana deyil, hətta husilərə də zərbə endirmək ehtimalına şübhə ilə yanaşırlar.
“The New York Times” yazır ki, Bayden administrasiyasının bir neçə rəsmisinin sözlərinə görə, Birləşmiş Ştatlar Qəzzadakı müharibənin regionda daha geniş münaqişəyə çevrilə biləcəyindən dərin narahatdır.
Ekspertlər hesab edirlər ki, Yəməndəki husi hədəflərini vurmaq ABŞ Hərbi Dəniz Qüvvələri ilə Husilər arasında tez bir zamanda hərbi əməliyyatlara çevrilə və ya hətta İranı münaqişəyə sürükləyə bilər.
ABŞ-ın qorxusu başadüşüləndir. Yaxın Şərqdə Amerika və İranın iştirakı ilə genişmiqyaslı müharibə baş verəcəyi təqdirdə, neftin qiyməti bir barel üçün 150 dollara qədər yüksələ bilər. Bu, qlobal və xüsusən də Amerika iqtisadi tənəzzülünə səbəb olacaq və Baydenin gələn il ABŞ seçkilərində qalib gəlmək şansını azaldacaq. Bununla belə, rasional izahatlar yalnız qismən ədalətli, qismən də uzaqgörəndir. Rejimə qarşı kütləvi etirazlar və iqtisadiyyatın bərbad durumu səbəbindən daxili vəziyyəti qeyri-sabit olan İran Amerika və İsraillə müharibədən çəkinir. İranın ölkə daxilində etiraz və üsyanların qarşısını almaq üçün böyük vəsaitə ehtiyacı var. Eyni zamanda, Cənub qonşumuz müxtəlif güzəştlər müqabilində ABŞ-ın bəzi sanksiyalarının ləğvinə nail olmaq istəyir.
Dünya gücü ticarət yollarının, xüsusən də qlobal ticarət üçün lazım olan dəniz yollarının təhlükəsizliyini təmin edən gücdür. ABŞ Qırmızı dəniz üzərində raket əleyhinə qalxan yarada bilsə, husilərə zərbə endirməyəcək, sadəcə olaraq bu qalxanı ticarət gəmilərinin üzərində saxlayacaq.
Vəli Həsənov,
KONKRET.az