“Azərbaycanın ABŞ-la əməkdaşlıqda “yeni mərhələ” gözləntiləri mövcud geosiyasi şərait və tərəflər arasında son illərdə müşahidə olunan münasibət dinamikası fonunda kifayət qədər real görünür. Enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi, rəqəmsal texnologiyalar, süni intellekt və regional sabitliyin təşkili kimi sahələr üzrə ortaq maraqlar bu əməkdaşlığın dərinləşdirilməsi üçün ciddi əsaslar yaradır”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Züriyyə Qarayeva səsləndirib.
“Xüsusilə, Donald Trampın ikinci prezidentliyi dövründə ABŞ administrasiyasının Azərbaycanla tərəfdaşlığa daha praqmatik və strateji yanaşması Bakının “yeni mərhələ” istiqamətindəki gözləntilərini gücləndirib. Azərbaycan tərəfi ABŞ-dan daha balanslı, qeyri-seçici yanaşma, 907-ci düzəlişin ləğvi və investisiya axınının artması kimi konkret addımlar gözləyir. Həmçinin müdafiə və təhlükəsizlik sahəsində daha sistemli əməkdaşlıq, regionda sülh prosesinə ədalətli vasitəçilik, informasiya müharibəsində Bakının mövqeyinin müdafiəsi də bu gözləntilər sırasındadır. Lakin bu perspektivlərin reallaşmasına bir sıra maneələr də mövcuddur. İlk növbədə, ABŞ daxilindəki ermənipərəst lobbi strukturlarının və Konqresdəki təsirli siyasətçilərin Azərbaycana qarşı qərəzli ritorikası müəyyən siyasi maneə yaradır. Eyni zamanda, ABŞ-ın son illərdə regiona qarşı tətbiq etdiyi qeyri-sabit və ziddiyyətli yanaşmalar, xüsusilə Bayden administrasiyası dövründə müşahidə olunan birtərəfli siyasət, tərəfdaşlıq münasibətlərində etimad boşluğu formalaşdırıb”.
Politoloq qeyd edir ki, digər tərəfdən, Vaşinqtonun Cənubi Qafqaz siyasətinin uzunmüddətli və institusional çərçivəyə oturmaması da davamlı əməkdaşlığın qurulmasında çətinlik yaradır.
“Əgər ABŞ administrasiyası qısa müddətli siyasi maraqları strateji baxışa qurban verməzsə və Azərbaycanla bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaqda israrlı olarsa, “yeni mərhələ” təkcə nəzəri baxış deyil, praktik reallığa çevrilə bilər. Beləliklə, Azərbaycan tərəfinin gözləntiləri reallıqdan uzaq deyil, amma bu reallığın formalaşması üçün həm Bakı, həm də Vaşinqtonun ardıcıl, səmimi və strateji qərarlar verməsi zəruridir”.
Müşviq Tofiqoğlu
KONKRET.az