ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı tətbiq olunan sanksiyalara rəğmən, bu ölkə ilə çoxmilyardlı ticarət əlaqələrini davam etdirir. Belə ki, Qərbin Rusiyaya qarşı iqtisadi təzyiqləri Moskvadan əsas strateji məhsulların idxalını tamamilə dayandıra bilməyib.
KONKRET.az xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumatda qeyd olunur: 2025-ci ilin ilk rübündə Avropa İttifaqı Rusiyadan 8,7 milyard avro dəyərində məhsul idxal edib. Müqayisə üçün bildirək ki, bu göstərici 2022-ci ilin eyni dövründə 30,6 milyard avro təşkil edirdi. Azalmaya baxmayaraq, Aİ Rusiyadan gübrə, polad, neft məhsulları və qaz idxalını davam etdirir.
ABŞ da 2025-ci ilin ilk altı ayı ərzində Rusiyadan ümumilikdə 2,5 milyard dollar dəyərində məhsul alıb. İdxal edilən əsas məhsullar sırasında zənginləşdirilmiş uran, palladium və gübrələr yer alır.
Məlumata görə, bu rəqəmlər Qərb dövlətlərinin sanksiyalara baxmayaraq, Rusiyanın qlobal strateji xammal bazarındakı yerini qoruyub saxladığını sübut edir.
Natiq Səlim,
KONKRET.az