“ABŞ və İsrail İranda türklərin hakimiyyətini dəyişir” – SENSASİON AÇIQLAMAbackend

"ABŞ və İsrail İranda türklərin hakimiyyətini dəyişir" - SENSASİON AÇIQLAMA

Cənubi Azərbaycan məsələsi və İran daxilində türklərin mövqeyi ətrafında gedən müzakirələr fonunda strateji seçimlə bağlı suallar yenidən aktuallaşıb. Regionda baş verən siyasi-hərbi proseslər, xüsusilə son dövrlərdə artan gərginlik və güc balansında müşahidə olunan dəyişikliklər bu mövzunu daha da həssas və düşündürücü edir.
KONKRET.az xəbər verir ki, məhz belə bir məqamda jurnalist Samir Feyruzov diqqəti emosiyalardan uzaq, rasional yanaşma tələb edən əsas dilemmanın üzərinə çəkərək, cəmiyyət qarşısında konkret və sərt suallar qoyur.
“Biz nəyin davasını aparırıq…
İndiki müzakirələr kontekstində ortaya çıxan əsas sual budur, strateji olaraq bizə nə lazımdır:
•Ayrıca 35 milyonluq Cənubi Azərbaycan hekayəsi üzərindən yeni dövlət quruculuğu, yoxsa;
•94 milyon əhalisi olan İran daxilində türklərin siyasi-hərbi liderliyinin qorunması və genişləndirilməsi?
Bu sual emosionallıqdan tamamilə uzaqdır və cavabı da soyuqqanlı hesablamalarla verilməlidir. Hər iki ssenari fərqli risklər, strateji imkanlar və geosiyasi nəticələr yaradacaq. Birinci amil yeni dövlət quruculuğu risklərini, ikincisi isə mövcud sistem daxilində güc uğrunda mübarizəni, türklərin İranda hökmranlığını özündə ehtiva edir.

1979-cu il İran İslam Respublikasının qurulması prosesində ideoloji, sosial baza və təşkilatı baxımından türklərin rolu müstəsnadır. Bu tarixi faktı heç kəs inkar edə bilməz. Təsadüfi deyil ki, bu gün də İrandakı mövcud siyasi sistemin əsas sosial dayağı qismində məhz türklər çıxış edirlər. Həmçinin, İran İslam Respublikası qurulandan bu günə qədər prezident vəzifəsinə seçilən 9 şəxsdən 3-ü (M.Pezeşkian daxil olmaqla) məhz türkdür. Bundan başqa, son 1 il ərzində ABŞ ə İsrail hücumları nəticəsində İranın qətlə yetirilən hərbi-siyasi elitasının böyük hissəsi də türklərdən ibarətdir.

Məntiqlə yanaşsaq, bu gün ABŞ və İsrail İranda əslində türklərin hakimiyyətini dəyişir.

Öldürülən şəxslərin yerinə təyin olunanların əksəriyyəti isə farslar və başqa millətlərin nümayəndələridir. Bəs biz nəyə sevinirik?
İranda yaşayan 40 milyonluq türklərlə Azərbaycan Respublikasında yaşayan türklər arasında yerdən göyə qədər əhəmiyyətli fərqlər var;
İranda yaşayan türklər imperiya ənənəsinin əsas daşıyıcılarıdır, onlarda şəhidlik anlayışının məzmun və forması birbaşa İslam dininə, əhli-beytə əsaslanır, onlar özlərini daha çox türk kimi hiss edirlər, inqilab təcrübələri genişdir, mühacirət anlayışı onlarda daha intellektualdır, onlarda İslam və türkçülüyün sağlam vəhdəti aydın sezilir, onların dili kənar müdaxilələrə məruz qalmayıb, milli-mədəni, mental təfəkkürləri daha monolitdir – eroziyaya davamlıdır, halbuki, Türkmənçay müqaviləsi ilə, 198 ildir ki, İran hakimiyyəti altında yaşayırlar.

Bizdə isə İslam dinin sütunlarının təhqir olunması, lağ obyektinə çevrilməsi kütləviləşib, baxmayaraq ki, dövlət atributlarımızdan biri olan bayrağımızda İslamı əsk etdirən rəng var, şəhidlik anlayışının mənbəyi İslama bağlı olsa da, bu, ölkəmizdə ayrıca milli məfhum kimi təqdim olunur, bu anlayış birbaşa İslamdan qaynaqlanan dəyərdir – yüksək amal, əqidə, Allah, vətən, din uğrunda ölənlər şəhid adlanır (ərəb dilindəki “şəhid” (شهيد) sözü “şahid” və ya “tanıq”), şəhidlik anlayışı Azərbaycanda əsasən 1990-cı il 20 Yanvar faciəsi və Qarabağ müharibələri dövründə xalqın azadlıq mübarizəsinin rəmzi kimi daha geniş istifadə edilərək, milli kimliyin ayrılmaz hissəsinə çevrilib, bizim mühacirlərin əsas ritorikası söyüş və təhqirə əsaslanır, dilimiz yad təsirlərin altında inildəyir, milli-mental dəyərlər tamamilə tapdalanıb, Qərbin 50-100 əvvəl istifadə etdiyi və bu gün onlar üçün primitiv alətə çevrilən cərəyanlar ölkəmizdə geniş vüsət alıb və s.

ABŞ-dan qaynaqlanan və “nəşə effekti” verən açıqlamalar, rəsmilərinin qeyri-ciddi ritorikası qlobal informasiya məkanını isə tamamilə çirkləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*