“ABŞ və Rusiya Ermənistanı bölüşdürəcək, Azərbaycana isə…” – KRİTİK DETALLARbackend

"ABŞ və Rusiya Ermənistanı bölüşdürəcək, Azərbaycana isə..." - KRİTİK DETALLAR

Dünya yeni mərhələyə qədəm qoyub və qlobal güclər indi öz şərtlərini diktə etməyə başlayıb. Üç ildir Ukrayna cəbhəsində uğur qazana bilməyən Rusiya ABŞ-la danışıqlara başlayıb. İndi bütün diqqətlər dünyanın iki nəhəng dövlətinin sövdələşməsinə yönəlib. Bəs bu sövdələşmədə Cənubi Qafqaz siyasəti hansı planda dayanacaq? Ümumiyyətlə, ABŞ-la Rusiya üçün Bakı və İrəvan hansı kateqoriyaya aiddir?

KONKRET.az-ın suallarını cavablandıran siyasi şərhçi Rəşad Bayramov bildirib ki, aparılan danışıqlar həmin dövlətlərin Cənubi Qafqaz siyasətinə də təsir edəcək:

“ABŞ və Rusiya arasında aparılan danışıqların təkcə Ukrayna müharibəsi ilə və ya ABŞ-la Rusiya arasında iqtisadi münasibətlərin bərpası ilə bağlı olmadığı məlumdur. Danışıqlar özündə həm də bu iki dövlətin ayrı-ayrı regionlardakı maraqları ilə bağlı müzakirələri də ehtiva edir. Yəni, müzakirələr həm də Yaxın Şərq, İran, Çin və sair istiqamətlərlə bağlı da aparılır. Artıq üç ildir ki, Ukrayna bataqlığında ilişib qalan Rusiya təbii ki, münaqişənin bitməsi ilə digər regionlar üzərində fokuslanmağa çalışacaq. Müharibə səbəbilə ayrı-ayrı bölgələrdəki maraqlarını kifayət qədər müdafiə edə bilməyən, nəticədə Yaxın Şərqdə, Cənubi Qafqazda və bir sıra digər regionlarda oyundan kənar vəziyyətə salınan Rusiya Ukrayna ilə müharibə bitəcəyi halda yenidən öz nüfüzunu bərpa etməyə çalışacaq. Yəni, hansısa formada region ölkələrinə təzyiq göstərməyə cəhdlər edəcək. İndiki mərhələdə Ermənistanın Rusiyadan maksimum şəkildə asılılığı, hərbi bazasının olması, Ermənistan ərazisində Rusiyanın beşinci kalonunun daha aktiv fəaliyyət göstərməsi Kremlə bu ölkədə mövqeləri möhkəmləndirmək üçün hərəkətə keçməyə imkan verir. Bununla bağlı Putin açıq şəkildə xəbərdarlıq da edib. Paşinyanla telefon danışığında Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı məsələyə Rusiyanın seyrçi yanaşmayacağını və bunun mütləq şəkildə nəticələrinin olacağını deməsi, bunun bariz sübutudur. Azərbaycanla bağlı isə təbii ki, təzyiq rıçaqları elə də güclü deyil. Ölkə ərazisində Rusiyanın beşinci kalonu demək olar ki, sıradan çıxarılıb. İqtisadi cəhətdən Rusiyadan elə bir asılılığımız yoxdur. Ərazilərimizdə Rusiyanın hərbi bazası və ya sülhməramlı adı altında fəaliyyət göstərən hərbi kontingenti də mövcud deyil. Üstəgəl ənənəvi təzyiq vasitəsi olan “Dağlıq Qarabağ” münaqişəsi də artıq tarixin arxivinə gömülüb. Odur ki, rəsmi Kreml öz nəzarətində olan media qurumlarında, hakim partiyanın ayrı-ayrı deputatları və ekspertlər vasitəsilə əleyhimizə yeni kampaniyaya start verib. Ən təhlükəlisi isə Qarabağ ermənilərinin təhlükəsizliyi və ərazilərimizə qayıdışının təmin edilməsinin vacibliyi ilə bağlı məsələnin gündəmə gətirilməsidir. Amma bunun mümkün olmadığını Rusiya özü də kifayət qədər yaxşı bilir”.

Politoloqun sözlərinə görə, məsələnin digər tərəfi ABŞ-ın da Cənubi Qafqaz maraqlarının olmasıdır:

“Trampın xarici siyasətində əsas xəttin İran və Çin olacağını nəzərə alsaq, Cənubi Qafqaz, xüsusilə də Azərbaycan və Ermənistan ABŞ üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Ermənistanın İranla sərhəddə yerləşməsi, Mərkəzi Asiya regionunun Çinin təsir dairəsindən uzaqlaşması üçün Cənubi Qafqaz üzərindən Avropaya çxış imkanı əldə etməsi perspektivi bölgəmizi ABŞ üçün olduqca əhəmiyyətli edir. İndi Ukrayna ilə bağlı məsələdə Rusiyaya hansısa güzəştlərə getsə belə, ABŞ öz maraqlarını Cənubi Qafqazda güzəştə getməyəcək. Amma Rusiya kimi ABŞ-ın da daha çox təsir göstərə biləcəyi ölkə Ermənistandır. Baydenin dörd illik hakimiyyəti Azərbaycana təzyiqlərin fayda vermədiyini sübut etdi.Ən əsası da Türkiyə faktoru ilə bağlıdır. Türkiyənin NATO üzvü kimi ABŞ-ın regiondakı müttəfiqi olması, eləcə də Rusiya ilə qarşılıqlı faydalı münasibətləri, hər iki ölkəni Türkiyənin maraqlarını nəzərə almağa məcbur edir. Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsi var və təbii ki, ölkəmizə qarşı hər hansı təzyiq Türkiyəni də qarşına almaq deməkdir. Bu isə heç kim üçün arzuolunan deyil. Odur ki, ABŞ və Rusiya arasında aparılan danışıqların dolayısı ilə Azərbaycan və Ermənistanı da təsirlərinin olacağı ehtimalı yüksəkdir. Amma bu təsir özünü daha çox Ermənistanın bölüşdürülməsi istiqamətində göstərəcək”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*