Adil İskəndərovun kinoda ilk və yeganə rejissor işi – “ƏHMƏD HARADADIR” – FOTOLARbackend

Adil İskəndərovun kinoda ilkyeganə rejissor işi - "ƏHMƏD HARADADIR" - FOTOLAR

1963-cü ildə çəkilən “Əhməd haradadır” musiqili komediya filminə bu səhər “Mədəniyyət” kanalında neçənci dəfə yenidən baxdım.

Əvvəlki dövrlərdən fərqli olaraq indi film mənə daha çox xoş gəldi və hətta təsirləndirdi. Bəlkə də bu təsirlənmə nostalji hisslərdən doğan həssaslıq idi. Filmə ilk dəfə uzaq uşaqlıq illərində, hələ həyatın bizə gözəl göründüyü o çağlarda baxmışdıq… Bəlkə də indiki təcrübə ilə həyatın hər üzünü görüb də dünyanı başqa cür dərk etdiymizdəndi… Ancaq həqiqətən film çox gözəl filmdir. Orada nə qədər yeni çalarlar, əvvəllər fərqinə varmadığımız incə nüanslar, diqqət etmədiyimiz maraqlı epizodlar gördüm.

  • Film o qədər nümunəvi detallarla zəngindir ki, bu dövrdən o dövrə baxanda quruluşçu rejissorun ustalığı heyranlıq doğurur. Sovet rejimi daxilində, “sosializm realizmi” metodu çərçivəsində milliliklə bağlı incəliklər necə də sənətkarlıqla verilib!

Quruluşçu rejissor – böyük sənətkar prof. Adil İskəndərova alqış! Müzikl janrının tələblərinə uyğun ekran estetikası, rejissor intuisiyası, quruluş zövqü, aktyor işi, bu gün artıq zərb-məsələ çevrilmiş mənalı mətnlər, dialoqlar, mədəniyyət dəyərlərimizin, milli adət-ənənələrimizin kino dili ilə təsviri, insanların arasında olan ünsiyyət, davranış qaydaları, xalqımıza xas əxlaq normalarına riayət… Afərin!

Bu film Adil İskəndərovun kinoda ilk və yeganə rejissor işi olub. Ancaq necə peşəkarcasına, məharətlə quruluş verib filmə dahi Ustad!

Təbii, filmin digər yaradıcıları da eyni tərifə və alqışa layiqdirlər!

Görün necə şəxsiyyətlər olub Azərbaycan mədəniyyətində, kimlər çalışıb kinoda, necə filmlər çəkilib “Azərbaycanfilm”də!

Filmin yaradıcı heyəti: Ssenari müəllifi – Sabit Rəhman, Kinooperator – Yuli Fogelman, Bəstəkar – Rauf Hacıyev, Rəssam – Məmməd Hüseynov, Baletmeyster – Əlibaba Abdullayev, Geyim rəssamı: Kazım Kazımzadə, mahnıların mətni: Tələt Əyyubov, Quraşdırılmış səhnələr – Mirzə Mustafayev və b.

Rollarda: Məmmədrza Şeyxzamanov – Şirin kişi, Nəcibə Məlikova – Nərgiz xala, Elxan Qasımov – Şofer Əhməd, Nonna Paçuaşvili — Ceyran, Lütfəli Abdullayev — Zülümov, Səyavuş Aslan — “Saqqal” Ramiz, Novruz Axundov — “Uzundraz” Oqtay, Töhfə Əzimova — Leyla, Səyavuş Şəfiyev — Əhməd, kassir – Əliağa Ağayev və b.

Dünyadan köçənlərin ruhu şad olsun!
Qalanlara salam olsun!

İmza:  Akif Əli,

Yazıçı-publisist, Əməkdar jurnalist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*