SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin həyat yoldaşının ölkəni tərk etməsi ilə bağlı sosial şəbəkələrdə müzakirələr davam edir. Onun hansı səbəbdən Azərbaycandan getməsi, bunun arxasında hansı məqamların dayanması maraq doğurur.
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bunun tamamilə normal proses olduğunu bildirib.

Cavanşir Abbaslının sözlərinə görə, Adnan Əhmədzadənin həyat yoldaşının ölkəni tərk etməsində hər hansı şübhəli məqam görünmür:
“Artıq Adnan Əhmədzadənin həbsindən iki aya yaxın vaxt keçib. Yəqin ki, bu müddətdə onun həyat yoldaşı ilə bağlı da araşdırma aparılıb və məlum olub ki, o, Adnanın törətdiyi cinayətlərlə heç bir əlaqəyə malik deyil. Buna görə də onun ölkədən çıxışına icazə verilməsi tam normal və doğru qərardır.”
Şərhçinin fikrincə, həyat yoldaşının Adnan Əhmədzadəyə qarşı irəli sürülən ittihamlarla bağlı hüquqi məsuliyyəti yoxdur:
“O, hazırda Adnanın həyat yoldaşı sayılsa da, bu, Gülsəfa Cəfərovanın da istintaqa cəlb edilməli olduğu anlamına gəlmir. Əhmədzadəyə qarşı ittihamlar kifayət qədər ciddidir və məhkəməsi böyük rezonans doğuracaq. Onun xanımının da şahid qismində dindirilməsi mümkün idi. Ola bilsin ki, bu, artıq baş verib. Sadəcə bizə açıqlanmayıb.”
Cavanşir Abbaslı əlavə edib ki, yayılan fotolar, şəxsi həyatla bağlı müzakirələr və digər məqamlar da Adnan Əhmədzadə işində həyat yoldaşının hər hansı iştirakını qeyri-mümkün göstərir:
“Bəzi hallarda həyat yoldaşının adına açılmış bank hesabları və ya müəyyən maliyyə vəsaitləri ola bilər. Amma bu faktlar onun cinayətdə iştirak etdiyini göstərmir.”
Siyasi şərhçi yekunda bildirib ki, bütün faktorlar nəzərə alınanda Adnan Əhmədzadənin həyat yoldaşının ölkəni tərk etməsinə təəccüblənməyə əsas yoxdur və bu, hüquqi baxımdan tam doğru addımdır.
Müşviq Tofiqoğlu
KONKRET.az
