Afət Fərmanqızı: “Sağ olsun, Flora Kərimova məni xeyli reklam elədi”backend

Afət Fərmanqızı: "Sağ olsun, Flora Kərimova məni xeyli reklam elədi"

“Həyat yoldaşımı burada qoyub Azərbaycana qayıtsam, deyəcəklər ki, nə oldu, bəs ərə getməmişdin? Yəni yuxarı tüpürürsən bığdır, aşağı tüpürürsən saqqal”.

Bu sözləri tanınmış müğənni Afət Fərmanqızı KONKRET.az-a müsahibəsində səsləndirib. Hazırda Rusiyada yaşayan sənətçi son günlər ölkəmizin ictimai-mədəni həyatında baş verən proseslərlə bağlı fikirlərini bölüşüb. El şənliklərinə daha çox dəvət alan müğənni əvvəlcə məşhur türk sənətçisi Ebru Gündəşin Şəmkirə yüksək məbləğə toya çağırılmasına münasibət bildirib.

– Kifayət qədər populyar və istedadlı müğənnimiz olduğu halda, Ebru Gündəşin 250 min dollar qarşılığında Azərbaycana toya dəvət olunmasına münasibətiniz necədir?

– Bu məsələdən çox danışıldı, çox yazıldı. Bizim danışmağımız nəyi dəyişir ki? Heç nəyi. Amma mənim şəxsi fikrim belədir ki, adamın puluna minnət. Pulu var, gətirir. Bu, onun şəxsi işidir. Tək o iş adamı deyil, Azərbaycanda o qədər belə insan var ki. Məsələn, bu yaxınlarda İtaliyadan müğənni gətirmişdilər. Başa düşə bilmirəm ki, bu məsələ niyə bu qədər şişirdildi?! Yaxın keçmişdə Rusiyadan da şou-biznes nümayəndələrini ökəyə gətirənlər olub. Burada qeyri-adi heç nə görmürəm. Bəziləri yazır ki, niyə həmin pulu qazi, şəhid ailələrinə sərf etmədilər? Nə bilirsiniz ki, həmin iş adamı xeyriyyəçi deyil? Bilmədən, görmədən insanları yarğılamaq düzgün deyil.

– Sosial şəbəkələrdə bəzi müğənnilərin toy qiymətləri paylaşılmışdı. Qiymətlər 3-15 min arası dəyişirdi. Lakin  müğənnilərin çoxu qiymətdə güzəşt etdiyini bildirirdi. Siz toy qiymətlərini necə təyin edirsiniz?

– Müğənnilərin toy qiymətləri şərtidir. Bu, dövlət rüsumu deyil ki, konkret məbləğ olsun. Bəzən olur ki, yaxın adamın olur, o zaman dediyin qiymətin də yarısına gedirsən, ya da heç pul almırsan, üstəlik, gedib pul da yazdırırsan. İmkanı olmayan adamlara güzəşt etmək lazımdır. Səni toyuna aparmaq istəyirsə, amma imkanı yoxdursa, o adama güzəşt etməyə dəyər. Adam da var ki, 300 dollarlıq menyu sifariş edir, çox bahalı, dəbdəbəli yerdə toy edir, lakin müğənniyə pul vermək istəmir. Eləsinə güzəşt eləmək olmaz.

– Hind musiqisi ilə Nəsiminin qəzəlinə ifa etdiyiniz mahnı insanlar tətəfindən böyük maraqla qarşılandı. Yenidən klassik şairlərin qəzəllərinə müraciət etmək fikriniz varmı?

– Nəsimidən sonra Nizamidən oxudum: “Bu gecə yatmaq nədir, xoşdur kef etmək sübhədək”. O da çox gözəl mahnı idi. Sadəcə  pandemiya düşdü, müğənnilərin diliylə desək, mahnını toy bazarında tutuzdura bilmədik (gülür). Ondan sonra “İt hürər, karvan keçər, mənim vecimə deyil” mahnım da məşhurlaşdı. Elə dünən iştirak etdiyim toya da bu mahnıya görə çağırmışdılar məni. Toyda beş dəfə oxutdurdular o mahnını. Mahnının sözləri çoxunun ürəyindən xəbər verir, ona görə də sındıra-sındıra oynayırlar (gülür). “Youtube”da da baxış sayı çoxdur, efirlərdə də səsləndirmişəm. Bu mahnım da sosial şəbəkələrdə səs-küyə səbəb olmuşdu.

Nəsiminin qəzəlindən əvvəl “Balama xınayaxdıdı” mahnım da tutarlı olub, indi də toylarda çox istənilir. Ümumiyyətlə, mənim mahnılarım mövsümlük deyil, ömürlükdür. 3 gün əvvəl gözəl müğənnimiz Zenfira xanım Tovuzda o mahnını ifa edib və çəkib mənə göndərib. Orada “Pəncu-şeş”i də mənim ifamda səsləndirib və rəqs edib. O mahnım da 3-4 il keçməsinə baxmayaraq, hələ də aktualdır.

– Açıq etiraf edək ki, lüks həyat tərziniz, uğurlarınız bəzilərinin qısqanclığına səbəb olur. Yolunuzda maneə olanlar varmı?

– Mən Allahın sevdiyi bəndəsiyəm. Həyatımdakı dəyişikliklər həmişə pisdən yaxşıya doğru baş verir, nə olursa, xeyrimə olur. 2022-ci ilin fevral ayında açıqlama verdim ki, mən Rusiyaya köçürəm. Buna səbəb ailə qurduğum insanın Rusiyada bizneslə məşqul olması, həmçinin, 3 övladının burada yaşaması idi. Həm də bir kişi evlənirsə, gedib arvadının evinə girməli deyil axı, qadın kişinin evinə köçməlidir. Rusiyaya köçəndə ona görə açıqlama verdim ki, burada yaşayan azərbaycanlılarımız məni xeyir işlərinə dəvət edə bilsinlər. Açıqlamamdan bir ay sonra Flora Kərimova məni məhkəməyə verdi ki, mən Rusiyaya köçəndən sonra çıxıb desin ki, ay aman, Afət məhkəməyə görə ölkədən getdi. Düzdür, mən may ayında Azərbaycana yenidən qayıtdım. Çünki əvvəlcədən danışılmış toylarım var idi. Onları oxudum və geri döndüm. Belə olan halda çıxdı car çəkdi ki, guya Afət məhkəməyə görə gedib. Məhkəmədə nə olacaqdı ki? Adam öldürməmişəm, pis bir iş görməmişəm. Bunlar görünməmiş bir hadisə deyil. Flora Kərimova məhkəmədə necə ki, İlhamə Quliyevaya, Faiq Ağayevə uduzdu, daha sonra Ülviyyə Alovluya da uduzdu. Yəni bu məhkəmə məsələsi də niyə şişirdildi, kimin sifarişi idi, bilmədim. Amma etiraf edim ki, uğurlarıma bu qalmaqallı məsələlər də səbəb oldu. Xalq artisti məni xeyli reklam elədi. Elə sizin vasitənizlə buradan ona təşəkkür edirəm, onunla məhkəmə çəkişməm çox böyük reklam oldu mənim üçün (gülür). İndi də Azərbaycandan bura işlərimə, toy dəvətlərimə əngəl olmaq üçün sifarişlər gəlir. Dostlarıma zəng edib deyirlər ki, uzaq durun ondan. Guya mənim kiməsə ehtiyacım var? Allahdan başqa heç kimə ehtiyacım yoxdur. Allah da həmişə düzgün insanın yanındadır.

– Azərbaycana qayıtmağı düşünürsünüzmü?

– Aprel ayında sənədlə bağlı işlərimə görə gəlmişdim. Sərhədlər açılanda öz maşınımla yenə gələcəm. Təyyarədən ehtiyat edirəm. O ki qaldı həmişəlik gəlməyimə, mən Rusiyaya həyat yoldaşıma görə gəlmişəm. Allah eləməsin, ailəm dağılarsa, yalnız o zaman Azərbaycana qayıda bilərəm. Amma indiki halda həyat yoldaşımı burada qoyub Azərbaycana qayıtsam, deyəcəklər ki, nə oldu, bəs sən ərə getməmişdin? Yəni yuxarı tüpürürsən bığdır, aşağı tüpürürsən saqqal.

Açığı, burada mənə böyük tələbat var. Buradakı azərbaycanlılarla mənim xarakterim və geyim tərzim o qədər uyğun gəlir ki, özümü çox rahat hiss edirəm. Azərbaycanı pisləmirəm, sadəcə olaraq oradakı geyim məsələləri mənə görə deyildi. Mənim örtülü geyimimə orada yuxarıdan aşağı baxırdılar. Lakin burada əksinədir.

Semra Ələkbərli,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*