Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) son aylarda səriştəsiz idarəetmə ilə bağlı narazılıqlar artır. Təşkilat üzvlərinin fikrincə, qurumun fəaliyyətində şəffaflıq və demokratik idarəetmə prinsipləri kobud şəkildə pozulur.
KONKRET.az xəbər verir ki, Həmkarlar İttifaqları haqqında qanuna əsasən, bu təşkilatlara üzvlük tam könüllülük prinsipi ilə həyata keçirilməlidir. Üzvlüyə qəbul olmaq və ya xaric edilmək fərdi qaydada, yalnız ərizə əsasında və iş yerindəki ilk həmkarlar ittifaqı təşkilatının razılığı ilə mümkündür. Yəni heç bir işçi bu quruma zorla üzv edilə bilməz. Üstəlik, çıxmaq üçün isə hansısa instansiyaya müraciət ünvanlamağa ehtiyac yoxdur.
Lakin AHİK rəhbərliyi təşkilatın əsas prinsiplərini arxa plana keçirib. Belə ki, təcrübəli kadrların sistemli şəkildə işdən uzaqlaşdırılması, yerinə isə daha çox yaxın dost və tanışların gətirilməsi təşkilatın fəaliyyətində ciddi problemlərin yaranmasına səbəb olub.
Qeyd edək ki, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində növbədənkənar seçkilər keçirilib. İddialara görə, seçkilər barədə ictimaiyyətə heç bir rəsmi məlumat verilməyib. Seçkilərdən bir neçə gün əvvəl AHİK Aparat rəhbərinin müavini Hikmət Nəbiyev eyni zamanda Komitəyə sədr müavini təyin olunub. Ardınca (təxminən 16 may tarixində) keçirilən seçkidə isə Hikmət Nəbiyev Komitənin yeni sədri, indiki sədr Hikmət Osmanov isə onun müavini seçilib.
Maraqlıdır ki, 69 yaşlı Hikmət Osmanov vəzifəsini tərk etməli olduğu halda, yenidən müavin kimi vəzifəyə qaytarılıb. Həmçinin, o AHİK sədr müavini postunu da saxlamağa davam edir. Bu qərar “sadəcə kadr yerlərinin dəyişdirilməsi” kimi qiymətləndirir və şəffaflığa zidd hesab edilir.
Daha da təəccüblüsü odur ki, bu dəyişikliklər və seçkilər barədə ictimaiyyətə açıq formada heç bir məlumat verilməyib. Mediaya tam qapalı şəkildə keçirilən proseslər, həm də ittifaq üzvlərindən məcburi şəkildə toplanan 2% maaş kəsintisi fonunda baş verir.
Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə AHİK-in digər strukturları, xüsusilə də Nigar Vahabzadə ilə bağlı daha detallı məlumatlar ortaya çıxacaq.
Natiq Səlim