Avropa İttifaqı (Aİ) Ukraynada “xainlərin” axtarışının siyasi təqiblərə çevriləcəyindən narahatlıq keçirir.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Politico” nəşri məlumat yayıb.
Qeyd olunur ki, bu narahatlıq indiyədək açıq şəkildə dilə gətirilməyib. Səbəb isə Rusiyaya təbliğat üçün bəhanə verməmək və Qərbin Kiyevə dəstəyini sarsıtmamaqdır.
Prezident Volodimir Zelenski bəyan edib ki, korrupsiyaya qarşı mübarizə və hüquq-mühafizə orqanlarının işini pozmaq niyyətində deyil. O, bu sahədə dəyişikliklərin Rusiya təsirindən müdafiə məqsədi daşıdığını vurğulayıb.
Lakin nə Zelenski, nə də Aİ-də “de-fakto həmprezident” adlandırılan Prezident Aparatının rəhbəri Andrey Yermak Kremlin bu strukturlara necə təsir göstərə bildiyi barədə konkret izah verməyiblər, – deyə “Politico” yazır.
Müşviq Tofiqoğlu
KONKRET.az