Ailədaxili münaqişələrin əsl səbəbi: Cadu, psixoloji xəstəliklər, yoxsa mentalitet? – Məşhur terapevtlə MÜSAHİBƏbackend

Ailədaxili münaqişələrin əsl səbəbi: Cadu, psixoloji xəstəliklər, yoxsa mentalitet? - Məşhur terapevtlə MÜSAHİBƏ

Son zamanlar ölkədə ailə-məişət zəminində baş verən hadisələrin, cinayətlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Həm şiddətə meylli insanların sayının artması, həm də bu səbəbdən ölüm hallarının çoxalması cəmiyyəti ciddi şəkildə narahat edən məsələlərdəndir. Demək olar ki, hər gün eşitdiyimiz “ər həyat yoldaşını qətlə yetirdi” kimi həyəcanlı xəbərlərə qısqanclıq, ya da namus məsələsi kimi haqq qazandıranlar da az deyil. Bütün bunlar şiddət göstərənin zamanla qatil olması üçün zəmin yaradır.

Statistikaya görə, qadınların təxminən 70 %-i məişət zorakılığından əziyyət çəkir. BMT-nin məlumatına görə, dünyada qadınların və qızların 35 %-i ömründə ən azı bir dəfə fiziki və ya cinsi zorakılığın bu və ya digər formasına məruz qalır. Avropalı qadınların isə 15 %-ə qədəri gündəlik məişət zorakılığının qurbanı olur.

KONKRET.az ailədaxili şiddətin səbəbləri, potensial qatillərin xüsusiyyətləri kimi suallara şüuraltı mütəxəssisi və terapevti Fərdi Bayramovla müsahibəsində cavab tapmağa çalışıb.

– Fərdi bəy, şiddətə və öldürməyə meylli insanları necə müəyyən etmək olar?

– Öncəliklə belə tip insanları təyin etmək heç də asan deyil. Əgər asan olsaydı, çox cinayətin hələ törədilməmişdən öncə qarşısı alına bilərdi. İnsan davranışlarını tamamilə bilmək deyə bir qavram elmdə mövcud olmasa da, bir qrup faktor ilə şiddətə və öldürməyə meylli insanları öncədən təxmin etmək olar. Bu da müəyyən dərəcədə cinayətlərin qarşısını almağa kömək edir.

Əqli, zehni problem və əskikliklər olan şəxslərin şiddətə və öldürməyə meylli olmaq ehtimalı daha yüksəkdir. Bipolyar pozuntu, şizofreniya, sosiallıqdan uzaq olmaq, stress, ünsiyyət və özünü ifadə edə bilməmək, şiddətə məruz qalmaq, ya da şahid olmaq, keçmişdə aldığımız travmalar və daha saymadığımız səbəblər davranış tərzi şəxsi şiddətə, hətta öldürməyə təşviq edə bilər. Bu saydıqlarımız hər nə qədər ümumilik daşısa da, cinayətə meylliliyin arxasında bilmədiyimiz, hətta elmə belə məlum olmayan bir çox səbəb ola bilər. Unutmayaq ki, insanın davranışları heç də həmin anda verilən qərarın nəticəsi olmur. Dediyimiz bir cümlə, necə ki, uşaqlığımızdan bu yana eşidib öyrəndiyimiz şeylərin nəticəsinin göstəricisidir, bu da eynilə belədir. Bizlər daima zehnin gəldiyi qənaətin və ya inandığımız şeylərin meyvəsini dadırıq.

– Niyə şiddətə meylli insanların və qatillərin əksəriyyəti kişilərdir?

– Kişilərin qadınlara nisbətdə daha çox şiddət və cinayətə meylli olması doğrudur və bunun arxasında bir çox səbəb, əsasən də milli mentalitet dayanır. Bu, sizdə təəccüb yarada bilər. Ancaq fakt olaraq ölkəmizdə (əksər ölkələrdə) kişilərə yüklənən bir çox vəzifə və məsuliyyət var ki, bu da onları daha çox mübarizə aparmağa məcbur edir. Mübarizə isə daha çox gücə ehtiyac yaradır. Kişilərdə olan testesteron hormonunun çoxluğu stress, aqressiya kimi bir çox xoşagəlməz davranışlara təşviq edə bilir. Kişilər bioloji olaraq doğulandan ölənə qədər mübarizə aparmaq, daha yaxşı olmaq və bu xüsusda nəsillərini artıra bilmək məcburiyyəti ilə yaşayırlar. Hər nə qədər dünya kişi dominantlığı ilə idarə olunur kimi görünsə də, əslində, təbiət qadına seçim haqqı verir. Kişi isə qadının seçimi olması üçün mübarizə aparır. Bu genetik davranış və düşüncə forması da kişiləri daha çox mübarizə və bu yolla da stressə meylləndirir. Təhsilsizlik, işsizlik, maliyyə azadlığı tipli problemlər də kişilərdə qadınlara nisbətdə daha çox olduğu üçün bu da stressdən qaynaqlanan məsələlərin, xüsusilə də şiddətə meylliliyin kişilərdə daha çox görünməsinə səbəb olur. Ancaq xatırladım ki, cinayət, şiddət kimi məsələlərin ilhamlandığı qaynaqlar şəxslərin fərdi həyatı ilə daha çox əlaqəli olur. Nəticədə manyak və qatil olan bir çox qadınlar da var ki, cinayət tarixinə öz adını yazdırmışdır. Unutmamalıyıq ki, hər fərdin özünün yaşadıqları digərindən fərqlidir, elə bu səbəbdən də eyni tipli cinayəti törədən insanların belə bunu etmə səbəbləri fərqli olur.

– Ailədaxili münaqişələrin yaranmasının əsas səbəbləri nələrdir və cəmiyyətimizdə belə konfliktlər nəyə görə artmaqdadır?

– Ailə münaqişələrinin səbəbləri müxtəlif olsa da, sadalayacağımız səbəblər üstünlük təşkil edir.

Ailə münaqişələrinin əsas səbəblərindən biri ünsiyyət problemidir. Ailə fərdlərinin arasındakı ünsiyyət ailədəki istiliyin təcəssümüdür. Belə ki, ünsiyyət qabiliyyəti zəifləmiş ailə fərdləri problemlərini danışıq vasitəsilə deyil, münaqişə yolu ilə həll etməyə çalışırlar. Unutmamalıyıq ki, sağlam və uzunömürlü münasibətin göstəricilərinin başında mülayim, emosional ünsiyyət dayanır.

Mənəvi dəyərlər və gözləntilərin fərqliliyi də konflikt yaradan məsələlərdən biridir. Ailə üzvlərinin fərqli dəyərləri, inancları və gözləntiləri ola bilər. Bu fərqlər, xüsusən də müxtəlif nəsillərə və ya mədəni keçmişə malik ailələrdə münaqişə mənbəyi ola bilər. Ölkəmizdə ailə bağlarının təməli atılarkən, xüsusən də gəlin gətirərkən nəslinin haradan gəldiyinə önəm verilməsi gələcəkdə bu münaqişə modelinin bünövrəsini yaradan ideologiyadır desək, yalan olmaz.

Maliyyə probleminin ailə münaqişələri və boşanmaların ən böyük səbəblərindən biri olması da danılmazdır. Maliyyə gərginliyi və resurslarının bölüşdürülməsi, büdcə və ya borcun idarə edilməsi kimi məsələlər ailədaxili mübahisələrə səbəb olmaqla bərabər ailələrin dağılmasına gətirib çıxara bilir. Günümüzdə ailədaxili münaqişə və boşanma səbəblərinə baxdıqda rahatlıqla bu qənaətə gəlmək olur: “Maddi problemlər eşqi kölgədə qoyan böyük amildir”.
Ailə tərkibinə kənardan müdaxilələr də münaqişələrə səbəb olur. Xüsusən də baldız-qayınana münasibətləri və bu rol modellərin ailə tərkibinin qərarlarına müdaxilə etməsi, ailədəki xanım ilə bəy arasında mental, mənəvi məsafənin yaradılması ölkəmizdə ən çox ailədaxili münaqişələrə səbəb olan məsələlərdəndir. Onu da bildirim ki, sadaladıqlarımız ölkəmizə və din adı altında cəhalət saçan ölkələrə xas xüsusiyyətlərdir. Buna rəğmən, məsələn, heç bir isveçli gəlin qayınanasının cadu elətdirib, onları ayırmağa çalışdığını iddia etmir (gülür).

Güclü stress, iş, sağlamlıq problemləri və ya digər xarici amillər ailə üzvlərində gərginlik və dözümsüzlük yarada bilər. Müasir həyatın gətirdiyi çətinliklər: gərgin iş tempi, vaxt təzyiqi və texnologiyanın təsiri kimi müasir həyatın gətirdiyi çətinliklər kiçik bir münaqişəni qızışdırıb ailə münaqişələrinə çevirə bilər. Amma bu saydığımız məsələlər yuxarda qeyd etdiyimiz problemlərə nisbətdə ailə dağılmasına daha az səbəb ola bilir.

Eyni zamanda, qısqanclıq zəminində başlayan ailədaxili münaqişə, şiddət və boşanmalar ən başlıca problemdir. Milli-mənəvi dəyərləri möhkəm qoruyan xalqımızın namus-qeyrət qavramına yanaşma tərzi bu mövzunun qırmızı xəttidir desək, yanılmarıq. Belə ki, bir çox məsələdə tolerantlıq göstərə biləcək ailələr qısqanclıq mövzusunda daha sərt və gözlənilməz davranışlar sərgiləyə bilirlər.

– Azərbaycanda ailədaxili şiddətə çox vaxt “qısqanclıq” donu geyindirib, bunu normallaşdırırlar. Bu nə dərəcədə doğrudur? Hansı halda qısqanclıq normal hesab edilir və şiddətlə nəticələnməyəcəyi ehtimalı yüksəkdir?

– Qısqanclığın normal dərəcəsi sağlam münasibətin əlamətidir. Bu, tərəflərin bir-birinə daha çox dəyər verdiyinin göstəricisidir. Əfsuslar olsun ki, bəziləri qısqanclığın aşırı olmasının sevgidən qaynaqlandığını düşünürlər. Halbuki bunun arxasında travmatik bir keçmiş, zehni narahatlıqlar, yəni əqli problemlər, stressi idarə edə bilməmək kimi məsələlər dayanır. Qarşılıqlı inam yaradacaq davranışlar tərəflərin qısqanclığını bir-birinə zərər verəcək haldan münasibətlərinə bir dəyər qatacaq hala gətirir. Ancaq ünsiyyət yerinə mühakimə ediləndə, empatiya (özünü onun yerinə qoymaq) qurmaq bacarığı zəif olanda, şübhə inamdan daha üstün olanda ailədaxili şiddət qaçılmaz hal alır. Bunların əksi olduqda isə sağlam ailə və sağlam gələcək üçün uyğun mühit formalaşır.

– Müasir dövrdə belə ailədaxili şiddətin, qadın qətllərinin qarşısını almaqda niyə bu qədər çarəsizik?

– Buna çarəsizlik yerinə səbəblərinə qarşı lazımi addımlar atmamaq deyə bilərik. Bunun qarşısını almaq üçün xanımların nikaha daxil olmazdan öncə fərqindəlik qazanması, öz hüquqlarını bilməsi, maddi gəlirini özü əldə edəcək mental və fiziki hala gəlməsi vacibdir. Ola bilər ki, xanım işləmir, ancaq mental olaraq ehtiyac duyulan zaman çalışmağa hazır olması lazımdır. Bu olmadığı təqdirdə daha çox zəif görünməyə başlayacaq ki, bu da ailədaxili şiddət və qətllər üçün zəmin yarada biləcək. Təbii ki, əsas məsuliyyət xanımın ayrı bir fərd kimi üzərində deyil. Hüquq sisteminin doğru çalışması, mental dəyərlərdə qadının ikinci plana deyil, haqq etdiyi yerə qoyulması, dövlət və özəl qurumlar tərəfindən təlim və seminarların verilməsi hansı ölkələrdə vacib bilinib diqqətə alınırsa, orada qadına qarşı şiddət və qətl məsələləri kontrolda saxlanılır və ya kökündən həll edilir (çox az sayda istisnalar xaric belə hallar demək olar ki, yaşanmır). Ümid edirəm ki, Azərbaycanda da xarici ölkələrin təcrübəsindən geniş faydalanıb, dövlət səviyyəsində sağlam ailə təməlləri üçün lazımi işlər həyata keçirilər.

Semra Ələkbərli,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*