“Son dönəmlərdə qadınlar həddindən artıq qısqanc olublar. Bu da ailələrdə söz-söhbətə, ayrılığa səbəb olur. Digər tərəfdən, günümüzdə xanımların tələbatı daha çoxdur və əsasən də yersiz tələbatlardır. Xanımlar özlərini başqaları ilə tez-tez müqayisə edirlər. Belə olduqda isə qane olmurlar və istəkləri artır, həyat yoldaşlarından çox şey tələb edirlər”.
Belə sensasion açıqlamayla KONKRET.az-a tanınmış psixoloq Gülnar Orucova çıxış edib. Onunla geniş müsahibəni təqdim edirik:
– Gülnar xanım, günümüzdə ən çox rastlaşdığınız psixoloji xəstəliklər hansılardır?
– Ən çox rastlaşdığımız problemlərdən biri obsessiv kompulsiv pozuntu, yəni təkrarlanan düşüncə və hərəkətlərdir. Keçmişdə buna sayrışan nevroz halları da deyirdik. Panik ataklara da çox rast gəlirik. Panikaya meylli insanların sayı artıb. Depressiya, qadınlarda dəyərsizlik sindromları çoxalıb ki, bu hallar da xüsusilə xəyanət sonrası yaranır. Post travmatik stress hallarını da çox müşahidə edirik. Bu da hər hansı xoşagəlməz hadisədən sonra bədənin verdiyi reaksiyadır. Bu hala daha çox qəzalardan sonra, hərbçilərdə müəyyən dönəmlərdə, müharibədən sonra rast gəlirik. İmtahanqabağı yeniyetmələrin yaşadığı stress halları da bu aralar çoxalıb.
– Etiraf edək ki, Azərbaycan ailələrində boşanma hallarının sayı ildən-ilə artmaqdadır. Bunun da mənəvi və psixoloji səbəbləri istisna edilmir. Sizə evli cütlüklər tərəfindən psixoloji yardım üçün çoxmu müraciət olunur? Və ailələrin əsas problemləri nədir?
– Evli cütlüklər bizə o zaman müraciət edir ki, artıq ayrılıq ərəfəsindədirlər. Ən çox da müraciətlər xəyanət motivli olur. Yəni qadının kişini kontrol etməsi və ya hansısa şübhəsi üzərindən formalaşır. Belə desək, qadınlar son dönəmlərdə həddindən artıq qısqanc olublar. Bu da ailələrdə söz-söhbətə, ayrılığa səbəb olur. Bu baxımdan çalışmaq lazımdır ki, özümüzü daha çox sosiallaşdıraq ki, həyat yoldaşımıza narahatlıq yaratmayaq.
– Belə çıxır ki, ailələrdə problemi daha çox qadınlar yaradır?
– Bəli. Elədir. Ailələrdə problemi daha çox qadınlar yaradır. Çünki qadınlar həddindən artıq qısqancdır, nəzarəti öz əllərində saxlamaq istəyirlər. Digər tərəfdən, günümüzdə xanımların tələbatı daha çoxdur və əsasən də yersiz tələbatlardır. Xanımlar özlərini başqaları ilə tez-tez müqayisə edirlər. Belə olduqda isə qane olmurlar və istəkləri artır, həyat yoldaşlarından çox şey tələb edirlər.
– Qısqanclıqdan danışdınız. Buna daha çox kişilər rəvac verir axı…
– Qısqanclıq əslində çox gözəl bir duyğudur. Bu nəinki insanda, hətta heyvanda belə var. Lakin qədərində gözəldir. Bu hiss o zaman zərər verir ki, qədərini aşır. Yəni çalışmaq lazımdır ki, sevdiklərimizə qarşı hər bir duyğunu qədərində yaşayaq.
Buna bir az da güvənsizlik hissi şərait yaradır ki, o da özgüvən olmadıqda formalaşır. Qadın hər zaman özünə güvənməli və çalışmalıdır ki, özü-öz ayaqları üzərində dayana bilsin. Həyat yoldaşı olmadan belə ailəsini saxlaya biləcək, övladlarının qayğısına qala biləcək durumda olsun. Bunu da ona görə deyirəm ki, hər bir övladın atasıyla, anasıyla olmasını istəyirəm. Çünki ata övlada güvən verir, ailəyə güvənin başda durur. Atanı evin dirəyi bilmək lazımdır. Ata yoxdursa, evin dirəyi demək olar ki, yoxdur. Dirəksiz bir ev də hər an aşa bilər.
Onu da nəzərə almaq lazımdır ki, qısqanclıq insanda ciddi psixoloji narahatlıq yaradır və sonda xəstəliyə çevrilir.
– Xəstəlik demişkən, hər hansı şəxsin psixoloqa, ya da psixoterapevtə ehtiyacı olduğunu özü müəyyən edə bilərmi?
– Elə insanlar var ki, özləri özünün həkimi, psixoloqu olur. Lakin zaman-zaman görürük ki, hər bir insanın psixoloqa ehtiyacı olur. Hətta istər fiziki, istərsə də psixoloji cəhətdən sağlam olan insanın belə psixoloqa ehtiyacı var. Avropa ölkələrində hər bir ailənin özünün psixoloqu olur. Hər bir boşanan cütlük boşanma öncəsi, hətta evlənmə ərəfəsində mütləq psixoloqa müraciət edir. Bəzən insan özü qərar verir ki, mən psixoloqa getməliyəm. Bu da o deməkdir ki, o, özü öz problemini qəbul edir. Bəzi insanlar da düşünür ki, çətinlikdən özü çıxa biləcək. Belə düşünüb problemini həll etməyə çalışan insanlarda daha sonra fiziki baxımdan hər hansı narahatlıq ortaya çıxa bilir. Bir çox psixoloji problemlər orqanlarımıza da zərər verir. Məsələn, stresdən mədəmiz ağrıya, saçlarımız tökülə bilər. Şəxs özü kifayət qədər məlumatlıdırsa, psixoloqa ehtiyacı olub-olmadığını müəyyən edə bilir.
– Bəzən müəyyən psixoloji problemi olan şəxslərə “içinə cin girib”, “vergi verilir” kimi “diaqnozlar” qoyulur. Bu hansı xəstəliyin əlamətidir? Burada hər iki tərəfin də müalicəyə ehtiyacı var deyə bilərikmi?
– Gözünə nələrsə görünən insana Tanrı tərəfindən vergi-filan verilmir. Tibdə belə hallara halusinasiya deyilir və birmənalı olaraq xəstəlikdir. Yəni sözügedən insanlar xəstədir və mütləq psixiatra müraciət etməlidirlər. Paranoy tipli insanlar var ki, onlar özlüyündə nələrsə düşünür və davamlı olaraq onları kimlərinsə izlədiyini deyirlər. Şizofreniyanın müəyyən növlərində də bu cür hallar müşahidə edilir.
– Bəzən şizofreniya xəstələrinin öz xəstəliyini qəbul etməməsi və ya cəmiyyətdən təcrid olunmamaq üçün problemlərini gizlətdiyini eşidirik. Bu xəstəliyə ümumi baxış yetirsək, kökündə nələr dayanır?
– Ümumiyyətlə, şizofreniya hələ də araşdırması davam edən geniş xəstəliklər sırasındadır. Bu xəstələri bəzən evlərdə gizli saxlayırlar. Bəzən də onlara fərqli, yanlış diaqnozlar qoyulur. Hətta bizim ətrafımızda, yaxınlarımızda belə insanlar olur və biz onlara fərqli-fərqli, məsələn, qaraqabaqdır, asosyaldır, heç kimə qaynayıb-qarışmır kimi adlar qoyuruq. Bəzi insanlar uzun müddət eyni fikir üzərində düşünür, o fikri bizimlə paylaşır və bizə təsdiq etməyə çalışır. Biz o fikrə reaksiya vermədikdə isə təhnalığa qapılır. Bundan sonra isə gözünə nəsə görünür, qulağına səslər gəlir və o səs ona əmrlər verir. Bu da artıq şizofreniyanın əlamətləri hesab olunur.
Semra Ələkbərli,
KONKRET.az