“Ailələrin möhkəmlənməsində mühüm rolu ağsaqqallar oynayırdı” – Rafiq Mahmudov backend

"Ailələrin möhkəmlənməsində mühüm rolu ağsaqqallar oynayırdı" - Rafiq Mahmudov 

1995-ci ilin sentyabrında BMT çərçivəsində keçirilmiş IV Ümumdünya Qadınlar Konfransı qadın hüquq və azadlıqlarının təmin edilməsi, gender bərabərliyi sahəsində dünya ölkələri qarşısında həlli vacib sayılan ciddi strateji vəzifələr qoydu. Azərbaycanda ilk növbədə hüquqi bazanın formalaşdırılması və mövcud vəziyyətin dəyişdirilməsi istiqamətində tədbirlər həyata keçirildi.

Məsələ ilə bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov KONKRET. az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu, 1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasının ratifikasiyası, 2000-ci ildə Qadın problemləri üzrə Milli Fəaliyyət Planının, 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların və bir sıra normativ aktların qəbulu ölkəmizdə qadın hüquqları və gender siyasətinin hüquqi əsaslarının formalaşdırılmasına zəmin yaratdı:

“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Əsasnaməyə uyğun olaraq ailə, qadın və uşaq problemləriilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

“Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 289 nömrəli Fərmanın icrasını təmin etmək məqsədi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli, 176 nömrəli Qərarına əsasən nazirlik, komitə, şirkət, konsern və digər dövlət müəssisə və təşkilatlarında daxili imkanlar çərçivəsində gender siyasəti tələblərinə uyğun olaraq gender məsələləri üzrə məsul şəxslər təyin edilmişdir. Bu Qərar bütün dövlət orqanları (qurumları) və digər təşkilatların gender bərabərliyinin təmin edilməsi ilə bağlı fəaliyyətinin təkmilləşdirilməsinə, həyata keçirdikləri siyasətlərə gender amilinin daxil edilməsinə imkan verdi.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 3.5.2.1-ci bəndinin icrası məqsədi ilə yerli icra hakimiyyəti orqanlarında icra başçılarının sərəncamı ilə Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır. Monitorinq qruplarına yerli icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini sədrlik edir. Monitorinq qruplarının tərkibi yerli təhsil şöbəsinin, səhiyyə şöbəsinin (mərkəzi xəstəxana), polis şöbəsinin, prokurorluğun, sosial müdafiə mərkəzinin və rayon qeydiyyat şöbəsinin rəhbər vəzifəli əməkdaşlarından ibarətdir.

Dövlət Komitəsinin həyata keçirdiyi layihələr çərçivəsində rayon və kənd yerlərində yaşayan qadınların seçdiyi fəaliyyət (biznes)sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi, ictimai həyatın bütün sahələrində fəallığının artırılması məqsədilə Qadın Resurs Mərkəzləri yaradılmışdır. Hazırda 17 Qadın Resurs Mərkəzi mövcuddur.

Azərbaycanda gender bərabərliyi mədəniyyətinin təbliği istiqamətində əhəmiyyətli işlər görülüb. Əldə olunmuş nəticələr göstərir ki, ötən əsrlə müqayisədə ictimai həyatın demək olar ki, bütün sahələrində kişilərlə bərabər qadınların fəallığı artmışdır. Dövlət Komitəsi aidiyyəti dövlət qurumları ilə birgə gender bərabərliyi mədəniyyətinin təbliği, gender stereotiplərinin aradan qaldırılması, insan hüquqları kontekstindən irəli gələrək gender rollarının düzgün izahı istiqamətində əhalinin müxtəlif təbəqələri arasında geniş maarifləndirmə işləri həyata keçirir.

Dövlət Komitəsi 2019-cu ildən başlayaraq, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı olaraq “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının 10 oktyabr 2006-cı il tarixli Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə illik məlumat təqdim edir.

Daha sonra Rafiq Mahmudov ailə daxili zorakılıq hallarından danışıb və bildirib ki, ailələrin dağılmasına səbəb olan bir sıra amillər mövcuddur. Ailələrin dağılmasına göstərən təsirlərdən danışan müsahibimiz bildirib ki, sosial şəbəkə olmayan dövrdə hazırda müşahidə olunan bir sıra problemlər yox idi: “Ənənəvi problemlərlə yanaşı, son illər sosial şəbəkələrin, psixoloji məqamların da ailədaxili mühitə təsiri danılmazdır, boşanmanın əsas səbəbləri kimi ailədə baş verən zorakılıq faktları, övlad sahibi olmamaq, erkən nikah, sosial şəbəkələr və digər bir sıra məqamları da vurğulamaq olar. Əksər boşanmalar sadaladığım faktorlardan qaynaqlanır. Bu da ailənin dayanıqlı olmasının vacibliyini ortaya çıxarır. Boşanmalar əsasən əhalinin sıx məskunlaşdığı yerlərdə daha çox baş verir.

Boşanmalarda tərəflər əksər hallarda xasiyyət uyğunsuzluğunu əsas gətirirlər. Ancaq biz ailədə tətbiq olunan zorakılıq halları, qadağalar və erkən nikah kimi digər problemlərlə də rastlaşırıq.

Ailədaxili konfliktlərdə sosial şəbəkələrin də mənfi təsirləri aydın şəkildə görünür. Əksər ailələrdə ərlə arvad vaxtlarının çoxunu sosial şəbəkədə keçirir, bu da ailə üzvlərinin bir-birinə kifayət qədər vaxtın ayırmamasına gətirir və nəticədə ailədaxili münaqişə üçün bünövrə yaradır.

XX əsrin institutu kimi ailələrin möhkəmlənməsində mühüm rolu ağsaqqallar institutu oynayırdı: “Bəzən bu instituta cəmiyyətin özəyi də deyilirdi. Bu gün də həmin institut mövcuddur, ancaq hazırda onun statusu o qədər aktual deyil. Bunun da müəyyən səbəbləri var. Ağsaqqallar institutu fəaliyyəti iri şəhərlərdə faktiki olaraq müşahidə olunmur, rayon və kəndlərdə isə bu institut qismən də olsa, fəaliyyət göstərir. Bu institut Azərbaycanın milli-mənəvi dəyərlərinin özəyidir. Mövcud bir kəndin ağsaqqalı baş vermiş münaqişənin həlli üçün ailə üzvləri ilə danışıqlar aparıb, onlara öz tövsiyələrini verir.

Sosial sahənin inkişafı, dünyagörüşü, məlumatlılığın artırılması və sair fonunda bu gün insanların daha çox psixoloji problemlərlə rastlaşdığını görürük. Hazırda ailədaxili psixoloji problemlərin sayı kifayət qədər çoxdur. Bütün bunlar üst-üstə yığılanda boşanmaya təsir göstərir.

Komitə hazırda bu sahədə bir sıra işlər aparır. Qurum ailə psixoloqu institutunun yaradılmasında maraqlıdır. Bu istiqamət üzrə bir sıra layihələr həyata keçirilir. Məsələn, hal hazırda Türkiyəli ekspertlərin iştirakı ilə psixoloqlar üçün “Ailə və nikah institutunu dəstəkləyən əsas mexanizmlər” mövzusunda təlim-seminar keçirilir. Seminar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində keçirilir. Biz ailələrdə olan psixoloji durumun stabilləşdirilməsi üçün müvafiq işlərinin davamlı olaraq aparırıq.

Bu gün Komitə ailə psixoloqu institutunun yaradılmasında çox maraqlıdır və daimi olaraq bu məsələni müzakirəyə çıxarmaqdadır.

Bu institutun əsas özəlliyi ailədaxili problemləri çölə çıxmamaq şərtilə müzakirə etmək və məsələnin birgə həlli istiqaməti üzrə işlər aparmaqdan ibarətdir. Sözsüz ki, yeni qurulmuş gənc ailələrin əksəriyyətində adaptasiya müddətində müəyyən problemlər olur. Çünki hər bir insanın özünə xas xüsusiyyəti var və yeni ailə həyatına uyğunlaşmalıdır. Uyğunlaşmayanda, ya da uyğunlaşmaq istəməyəndə sözsüz ki, bu, ailədaxili problemlərə, söz-söhbətə yol açır. Psixoloqlar isə yaranmış həmin problemin həllində müəyyən köməkliklər göstərir, düzgün formada istiqamətlər verir, söhbətlər aparır və sair. Çalışırıq ki, həmin institutu Azərbaycanda tam olaraq formalaşdıraq”.

Vəli Həsənov,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*