Hindistanda ailəsinin almaz emalı şirkətində işləyən kişi işindən çıxmaq üçün radikal addım atıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, “Anabh Gems” almaz şirkətində kompüter operatoru işləyən 32 yaşlı Mayur Tarapara işdən çıxmaq üçün sol əlinin 4 barmağını kəsib.
Əvvəlcə motosiklet sürərkən huşunu itirdiyini və özünə gələndə barmaqlarının kəsildiyini iddia edən Taraparanın yalanı təhlükəsizlik kameralarının yoxlanılması ilə üzə çıxıb. Kameralar Taraparanın hadisədən əvvəl bıçaq aldığını və dekabrın 8-də axşam saat 22 radələrində barmaqlarını kəsdiyini göstərib.
Dindirilmə zamanı həqiqəti etiraf edən Tarapara bıçağı və kəsilmiş barmaqlarını ayrı-ayrı torbalara qoyaraq atdığını deyib. Hadisədən sonra polis Tarapara haqqında ətraflı araşdırmalara başlayıb.
Məlum olub ki, Tarapara ailəsinə işləməyə davam etmək istəmədiyini söyləməyə cəsarət tapa bilməyib. Və bu səbəbdən barmaqlarını kəsib.
Hadisə Hindistanda böyük əks-səda doğursa da, polis Amroli polis bölməsində istintaqın davam etdiyini bildirib. Taraparanın ailəsi və biznes mühiti ilə bağlı təfərrüatların yaxın günlərdə bəlli olacağı gözlənilir./Unikal.az