Xəbər verdiyimiz kimi, ötən gün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis polkovnik-leytenantı Səməd Akif oğlu Məhərrəmov Şuşa Şəhər Polis Şöbəsinin rəisi təyin edilib.
Bu gün isə mediada jurnalist Cavanşir Həsənlinin məlumatına görə, S.Məhərrəmovun yazıçı, filoloq-alim, Nazirlər Kabinetinin mətbuat xidmətinin keçmiş rəhbəri Akif Əlinin oğlu olması barədə xəbər yayılıb.
KONKRET.az xəbər verir ki, bu məlumatdan sonra Akif Əli redaksiyamızla əlaqə saxlayaraq, qeyd edib ki, adıçəkilən şəxs onun oğlu deyil, ümumən həmin şəxslə heç bir qohumluq əlaqələri yoxdur.
Xatırladaq ki, Səməd Məhərrəmov Vətən Müharibəsinin iştirakçılarından olub. O, bundan əvvəl Goranboy Rayon Polis Şöbəsində çalışıb.
KONKRET.az