Akif Əlinin yeni kitabı çapdan çıxdı: “Salam, cənab Baş nazir”backend

Akif Əlinin yeni kitabı çapdan çıxdı: “Salam, cənab Baş nazir”

“Salam, cənab Baş nazir” adlanan kitab Ulu öndər Heydər Əliyev komandasının layiqli nümayəndəsi, Prezident İlham Əliyevlə uzun illər çiyin-çiyinə işləmiş Artur Rasi-zadənin zəngin və maraqlı həyat yoluna işıq salır. Vaxtilə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləmiş müəllif Azərbaycan Respublikasının sabiq Baş nazirinin portret cizgiləri ilə oxucuları yaxından tanış edir, xarakterinin özəlliklərini, onunla bağlı bir sıra ilginc məqamları, çoxşaxəli fəaliyyətindəki maraqlı epizodları publisistik düşüncələr şəklində qələmə alıb.   

KONKRET.az xəbər verir ki, müstəqil Azərbaycan dövlətinin inkişafı fonunda Baş nazirin fəaliyyəti dövründəki (1996-2018) müxtəlif məqamlardan, maraqlı hadisələrdən bəhs edən “Dirçəliş illəri”, “Hökumət gəlir”, “Bir nömrəli problem”, “Rəsmi səfərlər”, “Dövlət qulluğu”, “Qəbullar, görüşlər, danışıqlar…”, “Yaddan çıxmaz Qarabağ”, “Bağlı qapılar arxasında açıq söhbətlər”, “Aprel döyüşləri”, “Siyasi mədəniyyət” və s. bölmələr faktiki materialların bolluğu ilə diqqəti cəlb edir, tarixilik baxımından mühüm əhəmiyyət daşıyır.

Kitabın Ön sözündə müəllif oxuculara müraciətlə deyir:

“Hörmətli oxucu!

Azərbaycan Respublikasının tarixində ən uzun müddət, 22 il Baş nazir vəzifəsində işləmiş, ölkəmizin iqtisadi, sosial, mədəni inkişafında müstəsna xidmətləri olmuş Artur Tahir oğlu Rasi-zadə haqqında bu kitabı yazmaqda məqsədim əlamətdar yubileyi ilində onun həyat və fəaliyyətinə nəzər salmaq, müəyyən müşahidələrimi, fikir-düşüncələrimi sizinlə bölüşməkdir.

Əlbəttə, müstəqil Azərbaycan Hökumətinə rəhbərlik etmiş görkəmli dövlət xadiminin səmərəli fəaliyyətinin miqyasını, şəxsiyyətinin mahiyyətini və ziyalı xarakterini tam açmaq üçün bir kitab bəs etməz… Lakin birgə işlədiyimiz illər ərzində ona dəfələrlə təklif olunsa da, son dərəcə təvazökar təbiətli bu alicənab insan özü haqqında nəinki kitabın, hətta kiçik bir məqalənin belə yazılıb dərc olunmasına razılıq verməyib.

Yalnız o, vəzifədən getdikdən və bir müddət sonra mən də öz istəyimlə dövlət qulluğundan ayrılıb yenidən yaradıcılıq sahəsinə qayıtdıqdan sonra, belə bir məsuliyyəti öz üzərimə götürdüm. Çünki milli dövlətçilik tariximizin mühüm səhifəsinə çevrilmiş sabiq Baş nazirin fəaliyyətindən yazmaq üçün daha izn almaq lazım deyildi. O artıq tarixi şəxsiyyət olaraq xalqa məxsusdur.

Kitabda Baş nazirin portret cizgiləri və onun rəhbərliyi dövründə Nazirlər Kabinetinin fəaliyyəti barədə çoxsaylı müşahidələrdən yalnız müəyyən bir qismi qələmə alınıb. O zamanlar şahidi olduğum maraqlı epizodlar barəsində bloknotumda geniş qeydlər aparanda, onsuz da A.Rasi-zadənin özü ilə bağlı məqamları ictimailəşdirməyə razılıq verməyəcəyini bilirdim. Ancaq buna baxmayaraq, bir vətəndaş kimi düşünürdüm ki, axı bunlar – tarixdir. Yazılması, qorunub saxlanması zəruri olan Vətən tarixidir.

Bir ara uçurum qarşısında olan Azərbaycanın necə xilas edildiyi, onun addım-addım  dirçəldildiyi, dövlətin öz müstəqilliyini qoruya-qoruya gücünü toparlayaraq, məcburən cəlb edildiyi müharibə şəraitində, ərazisinin 20%-nin işğal altında, əhalisinin 1 milyondan çoxunun qaçqın və məcburi köçkün vəziyyətində olmasına baxmayaraq, inkişaf yolları ilə inamla, əzmlə irəlilədiyi – dövlətçiliyimizin şərəf salnaməsidir. A.Rasi-zadənin zəngin həyat və fəaliyyəti fonunda həmin şərəfli illərin mənzərəsini də oxuculara göstərməyə çalışmışam…

Əmin olmaq istərdim ki, kitab layiqli Vətən oğlunu daha yaxından tanımağa kömək edəcəkdir. Əlbəttə, rəhbər vəzifəli ictimai şəxs barəsində hərənin öz fikri, mövqeyi ola bilər, hər kəs subyektiv mülahizələrini yürüdə bilər. Mən də bu dəyərli şəxsiyyəti iş prosesində bilavasitə yaxından müşahidə edərək, necə görüb tanımışamsa, olduğu kimi də yazıram.

İnanıram ki, kitabın məhz indi, heç birimizin vəzifədə olmadığımız dövrdə qələmə alınmasını hörmətli oxucular müəllifin səmimi, təmənnasız və xoş niyyətinin əlaməti olaraq obyektiv qiymətləndirəcəklər.”

Qeyd edək ki, faktlar, sənədlər, şəxsi müşahidə və mülahizələr əsasında yazılan 240 səhifəlik, rəngli foto-illüstrasiyalarla zəngin kitab “CBS” mətbəəsində nəfis tərtibatla çap edilmişdir.

Akif ƏLİ-nin yeni kitabının ictimai-siyasi sferada çalışan mütəxəssislər, politoloqlar, tarixçilər, jurnalistlər, sosioloqlar, iqtisadçılar və ümumən müasir Azərbaycan dövlətçiliyinin inkişaf prosesləri ilə maraqlanan geniş oxucu kütləsi üçün faydalı mənbə olacağına inanırıq.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*