2025-ci ilin fevral ayının 25-də Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulluğunda Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçirildi.
KONKRET.az xəbər verir ki, tədbirdə baş konsulluğun əməkdaşları, Türkiyənin, Özbəkistanın, Türkmənistanın, İranın Aktaudakı baş konsulları, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Axmetov, universitetin müəllim və tələbələri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri iştirak etdilər.
İştirakçılar öncə Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən fotosərgi və kitablarla tanış oldu, faciə qurbanlarının xatirəsinə düzəldilmiş guşəyə gül dəstələri qoydu və onların ruhuna dualar etdi.
Tədbirin əvvəlində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra isə baş konsul Ayxan Süleymanlı çıxış etdi.
A.Süleymanlı öz çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin Azərbaycan xalqının tarixinə Xocalı soyqırımı kimi daxil olduğunu, Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə şəhərə hücum edərək silahsız azərbaycanlılara qarşı soyqırım aktı törətdiklərini söylədi. Qeyd etdi ki, bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikalardan şiddətli atəşə tutularaq darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulduğunu, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edildiyini, 487 dinc Xocalı sakini ağır yaralandığını və 1275 nəfərin girov götürüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırdı.
O, Xocalı soyqırımından 33 il keçməsinə baxmayaraq bu yaranın xalqımızın qəlbini indi də sızlatdığını qeyd edərək bildirdi ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan britaniyalı ekspert Tomas de Vaala verdiyi müsahibədə, o cümlədən “Böyük Ermənistan”ın əsas ideoloqlarından biri Zori Balayanın “Ruhumuzun dirçəlişi” əsərində Xocalı qətliamının məqsədyönlü olduğunu açıq şəkildə etiraf etmişlər.
A.Süleymanlı Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun sistemli tədbirlər həyata keçirdiyini, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyanın hazırda uğurla davam etdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, görülən işlərin nəticəsində son bir neçə ildə beynəlxalq ictimaiyyət Xocalı soyqırımının tanınması istiqamətində ciddi addımlar atıb. İslam Əməkdaşlıq Təşkilatı, 17 ölkənin parlamenti, ABŞ-ın 20-dən çox ştatı və bir neçə beynəlxalq təşkilat tərəfindən Xocalı soyqırımı haqqında müvafiq sənədlər qəbul edilib.
Çıxışını davam etdirən baş konsul bildirdi ki, 2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz işğal edilmiş torpaqlarımızı azad etdi və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpası məqsədilə Qarabağ bölgəsində lokal antiterror tədbirlərinə başlanıldı, nəticədə Azərbaycanın suverenliyi tamamilə bərpa edildi. Tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, artıq işğaldan azad edilmiş bir çox ərazilərə, o cümlədən Xocalı şəhərinə məcburi köçkünlərin öz doğma yurdlarına köçürülməsi davam etdirilir.
Çıxışının sonunda A.Süleymanlı xocalı soyqırımının günahkarları – Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərləri bəşəriyyət qarşısında mütləq cavab verəcəklərini qeyd etdi və azərbaycan xalqının Xocalı soyqırımını heç vaxt unutmayacağını diqqətə çatdırdı.
Tədbirdə diplomatik nümayəndəliklər adından çıxış edən Türkiyənin Aktaudakı baş konsulu, duayen Sabri Alptekin Xocalı soyqırımının insanlığa sığmayan vəhşi cinayət olduğunu vurğuladı, Xocalı sakinlərinin türk olduqları üçün amansızlıqla qətl edildiklərini qeyd etdi, soyqırımın heç vaxt unudulmayacağını və şəhidlərin xatirəsini ehtiramla yad etdi.
“Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov, diasporumuzun üzvü Vaqif Əliyev öz çıxışlarında Xocalıda mülkü əhaliyə qarşı törədilmiş amansız qətliamı pislədilər, gələcəkdə bu tip qanlı hadisələrin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacibliyini qeyd etdilər.
Çıxışlar zamanı böyük ekranda Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar baş konsulluq tərəfindən hazırlanmış slayd-şou nümayiş etdirildi və iştirakçılara soyqırımla bağlı hazırlanmış press-reliz dağıdıldı.
Tədbirin sonunda gənc rəssam Lalə Hüseynzadənin Xocalı soyqırımına həsr etdiyi “qumla rəsm videosu”, ardından isə Vaqif Mustafayevin rejissoru olduğu “Dərdimi çəkirəm” sənədli filmi nümayiş etdirildi və iştirakçılara ehsan verildi.