
Ağstafanın hazırkı (artıq keçmiş) və Yevlaxın keçmiş icra başçılarının həbs edilməsi, korrupsioner və rüşvətxor məmurlara qarşı ciddi mesajdır!
Al gülüm, ver gülüm dövrü qurtardı! Sizi bu cür pis vərdişlərə öyrəşdirənlər, haqq etmədiyiniz o vəzifələrə seçdirənlərin özləri tutduqları vəzifələrdən kənarlaşdırılıblar və kənarlaşdırılırlar! Bir vətəndaşa laqeyd yanaşma və ona aytılan vəsaiti yemənin cəzası ağır olmalıdır.
Ölkə prezidentinin dəfələrə xəbərdarlıq və çağırışlarını qulaq ardına vuranlar, cəzalandırılacaqlar! Qudurğan icra hakimi, məmur obrazı hakimiyyətə ən böyük zərəri verirdi. Bütün bu proses, siyasi və administrativ islahatların bir parçasıdır və dəstəklənməlidir.
Ölkə prezidenti öz siyasi iradəsini bir daha ortaya qoydu və islahatlarda qətiyyətli olduğunu bir daha nümayiş etdirdi!
Bunu hələ anlamayanlar, qanmayanlar olsa da, boş qazan apağı səs çıxaranları da xalqımız artıq arxivə göndərməkdədir. Cəmiyyət olaraq, xüsusən istər müxalif, müstəqil kəsimin də bu islahatlarə dəstəkləməsi vacibdir. Çünki bu proses Azərbaycanın gələcəyi məsələsidir. Bir neçə aydır genişlənən və davamlı sürətlənərək davam edən islahatları görməzdən gələnlər, min bir don geyindirənlər, lağlağı edənlər, ağa qara deməkdə israr edənlər bu xalqın adından danışa bilməz və bütün bu cür cılız yanaşmayla, destruktiv mövqeləriylə xalqın gözündən düşdüklərini, marjinallaşdıqlarını fərq etmirlərsə, deməli daha da acınacaqlı haldadırlar.
Ədəbdən yoxsul, söyüşlə, təhqirlə bir yerə varmaq olmur, tünd sirkə öz qabını çatladar. İndi də öz aralarında söyüşürlər. Xalq hər iki tərəfi və iki tərəfin etdiklərini görür. İslahatları dəstəkləmək milli məsələdir.
Bir gün özünüz də bu islahatları etiraf edəcəksiniz. Ölkədə ciddi təmizləmə gedir, ölkə çürümüş fikirlərdən, qocalmış və qurd yemiş beyinlərdən təmizlənir. Bu prosesdə 2 tərəf var: islahatlara dəstək verib xalqın yanında olanlar, islahatlara bir başa (hakimiyyət daxilindəki köhnə qvardiya) və dolayısıyla (köhnə qvardiyanın bəslədiyi müxalifət) qarşı çıxanlar.
Tərəfinizi seçin və deyin, siz hansı tərəfdəsiniz?!