Rusiya -Ukrayna müharibəsinin başlanmasında və indiyədək uzanmasında Rusiya və Ukrayna qədər Qərb – Amerika və Avropa da məsuliyyət daşıyır. Rusiya Avropa və NATO-ya meyllənən Ukraynanı ram etmək, əlinin altında olan marionet dövlətə (təxminən, Belarusiya tipli) çevirmək istəyirdi və niyyətini gizlətmirdi. Ukrayna da Pribaltika yolu ilə getməyi üstün tutdu və Qərbə inteqrasiyanı seçdi. Kiyev NATO-nun üzvü olmaq, Rusiya əsarətindən canını biryolluq qurtarmaq istəyirdi. Qərb isə Rusiyanı müharibəyə çəkmək və onu Ukrayna ərazisində məhv etməyi planlaşdırırdı. 2014-cü ildə Rusiya öz niyyətini qismən həyata keçirdi. Krımda yalançı referendum təşkil etdi və yarımadanı ilhaq etdi. Bu zaman Qərb sadəcə müşahidəçi mövqe tutdu və Rusiya – Ukrayna qarşıdurması aktiv fazaya – müharibəyə keçmədi.
Sonrakı dövrdə başda ABŞ olmaqla, bütün Qərb dünyası, onun siyasi institutları və beynəlxalq təşkilatları bu qarşıdurmanı körükləməyə başladı. Diqqətli oxucuların yəqin yadında olar, aparıcı ekspertlər və mütəxəssislər Rusiyanın Ukraynaya müdaxilə etməyəcəyini, Vladimir Putinin belə bir təhlükəli addımdan çəkinəcəyini vurğuladığı bir vaxtda, ABŞ-nin və Böyük Britaniyanın xarici kəşfiyyat orqanları Rusiyanın Ukraynaya hücum edəcəyi ayı və hətta günü açıqlayırdı. Bu, bir növ “dəlinin yadına daş salmaq” kimi bir şey idi. Putinə açıq mesaj verirdilər ki, “bu meydan, bu da şeytan”… Bir yandan da Ukraynaya böyük vədlər verir, NATO-ya, Aİ-yə “dəvət” edir, Rusiyanın tələblərini rədd etməyə təhrik edirdilər. Artıq üç ilə yaxındır ki, Ukrayna ərazisində qanlı müharibə gedir. Qərb dünyası isə, aktiv seyrçi mövqedədir. Ukraynaya vaxtı keçmiş, taktiki əhəmiyyətini itirmiş köhnə silahlar verməkdə, Rusiyaya qarşı, faktiki olaraq, effektsiz iqtisadi sanksiyalar tətbiq etməkdədir. Nəticələr də göz qabağındadır: Rusiya, hələ ayaqdadır, Ukrayna isə batır, dağılır…
Artıq ABŞ-nin, Avropanın bəzi siyasətçiləri, siyasi analitikləri, iqtisadçı ekspertləri də təsdiq edir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları heç bir əhəmiyyət vermir. Hazırda Rusiya özünün nəhəng neft, qaz, qızıl və almaz ehtiyatlarını satmaqda və faktiki olaraq, iqtisadi göstəricilərini yaxşılaşdırmaqdadır. Hətta Asiyanın və Afrikanın anti-Qərb meyilli böyük dövlətləri ilə yaxınlaşmaqda və anti-dollar birliyi yaratmaqdadır. Bəli, Qərbin Rusiyanı Ukraynada müharibəyə cəlb etmək və batırmaq fikri uğursuz bir layihə idi. Əvvəla, Amerika və Avropa öz iqtisadi və hərbi imkanlarını hədsiz qiymətləndirirdi və dünyada Çin, Hindistan, İran, Rusiya və s. kimi güclü rəqiblərin olduğunu görmək istəmirdi. Tarix göstərdi ki, Rusiyanı məğlub etmək mümkün deyil. İndi nə zaman həmin zaman, nə məkan həmin məkandır. Müasir Rusiya ərazisi sonsuz, xalqı yenilməz, iqtisadiyyatı tükənməz olan nəhəng bir nüvə dövlətidir. İndi hətta öz aralarında tam razılıq olmayan Qərb dövlətləri Rusiyaya nə edə bilər, məcazi desək, külək, hətta fırtına dağdan nə qopara bilər?!
Ukraynaya gəlincə, dünya xəritəsində qalsa da, artıq dağılmaqda və strateji resurslarını itirməkdədir. Məlum olduğu kimi, hər bir dövləti qüdrətli edən onun strateji resursları – xalqı, torpağı, iqtisadiyyatı və silahlı qüvvələridir. Ukraynanın artıq 15 milyondan çox qaçqını, bir milyondan çox real insan itkisi var. Ərazisinin az qala, yarısı işgala məruz qalmış, iqtisadiyyatının böyük bir hissəsi məhv edilmişdir. Ölkə əhalisinin yarısı işsizdir. Ukraynanın silahlı qüvvələrinə gəlincə, bu, həddindən artıq şişirdilən, reallığa uyğun olmayan bir mifdir. Bu mifik qüvvələrin bütün cəbhələrdə hücuma keçməsi, qalib gəlməsi isə Qərb təbliğatının nəticəsidir, arzuların reallıq kimi qələmə verilməsidir. Avropanın və Amerikanın köhnə silahları ilə silahlanmış, faktiki olaraq, heç bir döyüş təcrübəsi olmayan Ukrayna əsgərləri I və II Çeçen müharibəsindən, “qaynar” nöqtələrdən keçmiş, Əfqanıstan və Suriya təcrübəsi olan generalların rəhbərlik etdiyi Rusiya muzdlularına qarşı döyüşür. Ukraynanın Rusiya ilə müharibədə məğlubiyyətini, böyük itkilər verdiyini hətta ukraynalı mütəxəssislər də təsdiq edir.
Burda təbii ki, şəxsiyyətlərdən, Ukrayna və Rusya liderlərindən bir-iki kəlmə deməsək, olmaz. Zira, tarixi şəxsiyyətlər yaradır. Rusiyaya hakimiyət, idarəçilik sahəsində çox səriştəli, regional və lokal müharibələrdə çox təcrübəli, faktiki olaraq, Rusiyanın parçalanmasına son qoymuş ağıllı, amansız və qətiyyətli bir siyasətçi – Vladimir Putin rəhbərlik edir. Mən Putinin fanatı deyiləm, ona simpatiyam da yoxdur, amma obyektivlik xatirinə, bunları deməliyəm. Ukraynanın lideri isə heç bir idarəçilik təcrübəsi olmayan, burnuna barıt iyi dəyməyən, gündəmdə qalmağı həyatının yeganə mənası hesab edən adi bir məzhəkəçidir. Amma siyasət teatr səhnəsi deyil, heç sirk məzhəkəsi də deyil, bu, hamının hamını aldatdığı, hamının hamını udmaq istədiyi bir qumar stoludur. Burda böyük ağıl, pul və təcrübə qalib gəlir. Ukrayna lideri Vladimir Zelenskidə isə bunların heç biri yoxdur. Amma o da arzusuna çatır, uduzmaqla gündəmdə qalır.
Və son olaraq… Rusia-Ukrayna müharibəsi uzanır, sonu görünmür. Rusiyanı məğlub etmək olmur, Ukrayna isə batır, dağılır. Ukraynanı nə NATO-ya qəbul edən, nə də Aİ-ə dəvət edirlər. SOS siqnalı çalmağın vaxtı keçir. Amerikanın yeni Prezidenti Donald Tramp da bu qanlı müharibəni dərhal dayandırmağı, şərtsiz-filansız sülh danışıqlarına başlamağı, bir sözlə, Ukraynanı təcili xilas etməyi təklif edir. Əks halda, Ukrayna hardasa Belarusun (bəlkə Çeçenistanın?) taleyini yaşayacaqdır. Qərbi Avropanın mərkəzində daha bir Belarus lazımdır?!
Qalib Arif,
KONKRET.az