Qlobal proseslərin Cənubi Qafqaza təsiri bütün zamanlarda olub və regiondakı siyasi proseslərin gedişində özünü biruzə verib. Siyasi hadisələrdən bəhrələnməyə çalışan ermənilər isə öz absiyalarını həyata keçirmək üçün daim münbit şəraitdən istifadə etməyə çalışıblar. Bakıda keçirilən COP29-dan əvvəl beynəlxalq tədbirin baykotuna çalışan erməni siyasi qüvvələri və onların havadarları indi də başqa müstəvidə kampaniya aparırlar. Yenə hədəf Azrəbaycandır və onlar elə güman edirlər ki, dünyada apardıqları anti-Azərbaycan təbliğatıyla hansısa dvident qazana biləcəklər. Bu baxımdan erməni siyasi ekspertlər xüsusi rol oynayır. Onlar təhlillərində Azərbaycanla münasibətlərə müxtəlif aspektlərdən yanaşır və bütün hallarda revanşist təbliğatla məşğul olurlar. Erməni politoloq Aleksandr İskəndəryan da bütün yanaşmalarında eyni mövqedən çıxış edib. COP29 başa çatdıqdan sonra Ermənistan-Azərbaycan münasibətlərinin perspektivlərini təhlil edən İskəndəriyan Ermənistandakı vəziyyəti müzakirə edib. Eyni zamanda qlobal proseslərin Cənubi Qafqaza təsirini qiymətləndirib. Ekspert bildirib ki, yaxın gələcəkdə İrəvan-Bakı danışıqlarında ciddi irəliləyişlərin olacağını gözləməyə dəyməz.
KONKRET.az Aleksandr İskəndəryanın Ermənistan mətbuatına verdiyi müsahibəni təqdim edir.
– Azərbaycanda COP29 konfransı başa çatıb. Bununla bağlı Ermənistanda əks gözləntilər var. Bəziləri hesab edir ki, Azərbaycan hakimiyyəti Ermənistanla substantiv danışıqlara başlayacaq və heç olmasa sərhədlərin delimitasiyası və demarkasiyası prosesini davam etdirmək mümkün olacaq. Digərləri isə əksinə, Azərbaycanın Ermənistana münasibətdə ritorikasının sərtləşdirilməsini gözləyirlər. Siz nə gözləyirsiniz?
– Ritorika güclənəcək və Azərbaycan tərəfdən Ermənistana bu təzyiq prosesi davam edəcək. Delimitasiya prosesində hansısa ciddi hərəkətlərə gəlincə, mən bunu düşünmürəm. Çünki baş verənləri real delimitasiya adlandırmaq çətindir. Sadəcə olaraq Ermənistanın Azərbaycana verdiyi, Ermənistanın nəzarətində olduğu ərazilər var idi. İndi onlar Azərbaycanın nəzarətindədir. Azərbaycan heç bir ərazisini bizə verməyəcək. Məncə, bunu gözləmək də yersizdir.
-Ümumi regional vəziyyət necədir? Trampın ABŞ-də hakimiyyətə gəlməsi nəyi dəyişəcək. Suriyada, Gürcüstanda hansı proseslər baş verir. Bu proseslər Ermənistan-Azərbaycan danışıqlarına necə təsir edir?
– Birbaşa təsir etdiyini demək çətindir. Azərbaycanın strategiyas bəllidir və olduğu kimi qalır. Güman etmirəm ki, hər hansı qəfil dəyişiklik baş versin. İran-İsrail istiqamətində qəfil hansısa fəlakət baş versə, bu, halda hansısa təsir ola bilər. Amma indi buna elə də ciddi yanaşmıram. Heç kim regionda böyük müharibə istəmir. Trampın hakimiyyətə gəlişinə gəlincə, Amerika Birləşmiş Ştatlarının regionumuzla bağlı siyasətinin necə olacağını proqnozlaşdırmaq çox çətindir. Əvvəla, indi hakimiyyətə gələn Tramp ilk dəfə hakimiyyətə gələn Trampa oxşamır. İkincisi, o zaman bu problem ətrafında Ukrayna müharibəsi yox idi. Üçüncüsü, Amerikanın İranla bağlı siyasətinin yeni Tramp administrasiyası üçün nə dərəcədə əhəmiyyətli olacağını bilmirəm. Əgər birdən vəziyyət hansısa gözlənilməz şəkildə inkişaf etsə, təbii ki, bu, Ermənistana da təsir edəcək, amma indi proqnoz vermək tezdir.
– Ermənistan-Azərbaycan sərhədində yeni eskalasiyaların olacağını gözləyirsinizmi? Bunun baş verəcəyi tərqdirdə Azərbaycan məqsədlərinə çata bilərmi?
– Geniş miqyaslı hərbi əməliyyatların baş verəcəyini düşünmürəm. Hər hansı eskalasiyaya gəlincə, ola bilər. Uzun müddətdir ki, ciddi eskalasiya müşahidə edilmir. Amma təzyiq üsullarından biri kimi onlardan istifadə etmək olar.
– Bəs Avropa İttifaqının və Moskvanın Ermənistan-Azərbaycan danışıqlarında ümumi iştirakını necə dəyərləndirirsiniz?
– Bu, Ukraynadan asılıdır. Görək Ukrayna ətrafında vəziyyət necə inkişaf edəcək? Ümumiyyətlə, regiondakı hadisələr Ukrayna ətrafında vəziyyətin necə bitib-bitməyəcəyindən kifayət qədər asılı olacaq. Düşünmürəm ki, Bayden administrasiyası Cənubi Qafqaza böyük diqqət ayırıb. Mən ümumilikdə düşünürəm ki, Cənubi Qafqazın ABŞ üçün əhəmiyyəti azalır. İndi biz bəzi Qərb təşkilatlarının atdığı addımların Gürcüstanın Rusiya ilə münasibətlərində necə mövqe tutması ilə birbaşa əlaqəli olduğunu görürük. Bu, kifayət qədər universaldır və o, Cənubi Qafqazın deyil, əlbəttə ki, Qərbin və xüsusilə Amerikanın diqqət mərkəzindədir. Təbii ki, burada heç kim müharibə istəmir. Yəni diqqətin artdığını, bunun müəyyən müstəqil əhəmiyyət kəsb edəcəyini söyləmək mənim üçün çətindir.
Vəli Həsənoğlu,
KONKRET.az