Doğrudanmı, Qərb Rusiyanı danışıqlar prosesindən sıxışdırır? Rusiya Xarici İşlər Nazirliyi Qarabağ məsələsində Qərbin təşəbbüslərini tənqid edərkən düzgün mövqe tutubmu? Qərb Bakıya Qarabağ erməniləri ilə danışıqlar aparmaq üçün təzyiq göstərəcəkmi?
KONKRET.az xəbər verir ki, rusiyalı politoloq Mixail Aleksandrov bu sualları ayrı-ayrılıqda cavablandırıb
Politoloq hesab edir ki, Qarabağ erməniləri ilə Azərbaycan arasında danışıqlar beynəlxalq platformada, Qərb ölkələrindən birinin paytaxtında baş verərsə, Rusiya üçün heç bir təhlükə yoxdur: “Hətta belə danışıqlara başlansa yaxşıdır, çünki bu halda Qarabağ danışıqlarda müstəqil tərəf kimi çıxış edəcək. Bütün ağıllı insanların uzun müddətdir səy göstərdiyi də elə budur”.
M.Aleksandrov 1997 və ya 1998-ci illərdə Ermənistanın Qarabağ ermənilərini təmsil etmək rolunu öz üzərinə götürdüyünü səhv addım kimi qiymətləndirib: “Rəsmi İrəvan bununla da danışıqların bütün məntiqini pozdu. Yəni, Qarabağın öz müqəddəratını təyin etmək uğrunda mübarizə Azərbaycan ərazisinin işğalı ilə nəticələndi”.
Rusilyalı ekspertə görə, əgər indi Bakı ilə Xankəndi arasında ABŞ-ın vasitəçiliyi ilə hər hansı danışıqlar başlasa, bunu yalnız alqışlamaq lazımdır: “Bütün bunların fonunda Rusiya Xarici İşlər Nazirliyinin mövqeyi tamamilə anlaşılmazdır. Amma son vaxtlar Rusiya Xarici İşlər Nazirliyi, bildiyiniz kimi, açıq-aydın azərbaycanpərəst mövqe tutur. Bəlkə də bu cür davranışı ilə Moskva danışıqları beynəlxalq səviyyəyə keçirmək istəmir. Qarabağ erməniləri üçün bu, tamamilə qəbuledilməzdir”.
Rusiyalı politoloq vurğulayıb ki, “İndi danışıqların Qarabağla birbaşa əlaqəsi yoxdur. Çünki Paşinyan keçmiş Azərbaycan SSR-in sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Və bir də onu deyib ki, Qarabağ ermənilərinin təhlükəsizliyini, hüquqlarını təmin edən bir status lazımdır.
Düzünü desəm, bu danışıqların təfərrüatlarını bilmirəm. Ümumiyyətlə, danışıqlar xarakterinə görə çox gizlin aparılır.
Amma istənilən halda biz görürük ki, Azərbaycan Qarabağla bərabərhüquqlu heç bir danışıqlara razı deyil. Və görürük ki, Qərb vasitəçiləri Azərbaycana qarşı hər hansı sərt addımlar atmaq fikrində deyil.
Ona görə də hesab edirəm ki, Zaxarova Sankt-Peterburq forumunda tamamilə absurd bəyanatlar verib ki, guya amerikalılar Qarabağ ermənilərinə danışıqlarda iştirak etmək üçün təzyiq ediblər.
Qərblilərin Azərbaycana təzyiq etməyəcəyi isə əvvəldən bəlli idi. Bilmirəm, Paşinyan və hökumət nəyə ümid edir?! Azərbaycan Qərb üçün daha önəmlidir. Qazın tranziti var, neftin Avropaya tranziti var və ümumiyyətlə, NATO üzvü olan Türkiyə faktoru var. Niyə Azərbaycana təzyiq etsinlər ki?!
Düzdür, Ermənistanı dəstəklədiklərini göstərmək istəyirlər. Ona görə də bəzən belə bəyanatlar verirlər və nəsə etməyə gələndə dayanırlar.
Məsələn, atəşkəsə nəzarət etmək üçün bir qrup göndərildi Ermənistana. Sual olunur, onda bu missiyanın nə mənası var?!“.
Rəsmiyyə Şərifova,
KONKRET.az