Dünyada bir neçə tədqiqat qrupu havada asılı olan su molekullarından elektrik enerjisi istehsal etmək üçün cihazlar hazırlayır.
KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın BBC Yayım Korporasiyası məlumat yayıb.
“Əslində, bu, buludlarda baş verənlərə bənzəyir. Cihaz dünyanın istənilən yerində sözün həqiqi mənasında işləyə bilər”, – Massaçusets Universitetinin tədqiqat qrupunun rəhbəri Çzyun Yao bildirib.
Qeyd olunub ki, su molekullarının hərəkətinə təsir etməklə elektrik enerjisi əldə etmək olar.
Yaonun sözlərinə görə, gələcəkdə bir neçə volt və daha yüksək faydalı yüklər əldə etmək mümkün olacaq.
Tədqiqatın təfərrüatları “Advanced Materials” jurnalında dərc edilib.
Qeyd edək ki, Yao qrupu nəm havadan enerji mənbəyi kimi istifadə imkanlarını araşdırmaqda tək deyil. Belə ki, 2020-ci ildə İsraildən olan tədqiqat qrupu metal lövhələr arasından nəmli hava keçirərək elektrik enerjisi əldə etməyi bacarıb. Eyni zamanda, Avropa İttifaqının sponsorluğu ilə Portuqaliya komandası “CATCHER” layihəsi üzərində işləyir və bu layihə həm də enerji mənbəyi kimi nəmli havanın istifadəsini araşdırır.
Bu şəkildə elektrik enerjisi istehsal etmək ideyaları uzun illərdir ki, mövcuddur. BBC bildirir ki, fizik Nikola Tesla bu cür layihələrlə maraqlansa da, heç vaxt real nəticələr əldə edə bilməyib.
İqbal Rzayev,
KONKRET.az