Mağazalarda alış-veriş zamanı müştərilərin ehtiyatsızlıqla məhsul sındırması halları zaman-zaman mübahisələrə səbəb olur. Bəs belə halda müştəri məhsulun pulunu ödəməlidirmi?
Hüquqşünas Turan Abdullazadə KONKRET.az-a açıqlamasında bildirib ki, bu məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən tənzimlənir:
“Həmin maddəyə əsasən, əgər öhdəlikdə başqa hal nəzərdə tutulmayıbsa və öhdəliyin məzmunundan fərqli qayda çıxmırsa, borclu yalnız qəsdən və ya ehtiyatsızlıq nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Eyni zamanda, Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öhdəliyin hər bir təqsirli pozuntusuna (istər hərəkət, istərsə də hərəkətsizlik olsun) görə məsuliyyət daşıyır. Baxmayaraq ki, konkret halda tətbiq olunacaq xüsusi norma mövcud deyil, yuxarıda qeyd olunan maddələrə istinad edərək bu cür hallarda hüquqi qiymət vermək mümkündür. Yəni əgər ehtiyatsızlıq nəticəsində alıcı sahibkara maddi ziyan vurursa, sonuncu məhkəməyə müraciət edərək ziyanın əvəzinin ödənilməsini tələb edə bilər. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, “əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski onun mülkiyyətçisinin üzərinə düşür”. Lakin əgər zərər qəsdən qarşı tərəfə yetirilibsə, bu halda zərər vuran şəxs müvafiq məsuliyyət daşıyır.
Belə bir məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcudluğu vacibdir:
1. Zərər verənin qanunsuz hərəkəti;
2. Həmin qanunsuz hərəkətlə zərər arasında səbəb-nəticə əlaqəsinin olması.Əgər alıcı özünü günahkar hesab etmirsə, mağaza rəhbərliyinin ondan dəymiş ziyanı tələb etməyə hüququ yoxdur. Mağazanın üzərinə düşən bəzi öhdəlikləri yerinə yetirməməsi — məsələn, döşəmənin sürüşkən olması, keçidlərin dar olması və s. Əmlakın təsadüfi zədələnməsinə səbəb ola bilər. Bu halda alıcı məsuliyyət daşımır.
Əgər şəxs mağazada ehtiyatla davranır, heç nəyə qəsdən toxunmur və ziyan vurmaq niyyətində olmadan məhsul zədələnirsə, bu hal təsadüfi hesab olunur və alıcı bu ziyana görə məsuliyyət daşımır.
”
Bəs belə hallarda zərəri azyaşlılar törədibsə, məsələ necə tənzimlənir?
“Mülki Məcəllənin 1103-cü maddəsinə əsasən, on dörd yaşına qədər olan yetkinlik yaşına çatmayan şəxsin törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulan zərərə görə onun valideynləri (və ya övladlığa götürənlər), eləcə də qəyyumu məsuliyyət daşıyır. Əgər onlar zərərin onların təqsiri nəticəsində yaranmadığını sübut edə bilməsələr, zərərin əvəzini ödəməyə borcludurlar. Bundan əlavə, əgər qəyyumluğa ehtiyacı olan azyaşlı uşaq sosial xidmət müəssisəsində və ya qanunvericiliyə uyğun olaraq qəyyum funksiyasını yerinə yetirən digər oxşar qurumda yerləşdirilibsə, həmin müəssisə zərərin öz təqsiri nəticəsində yaranmadığını sübuta yetirmədikcə, öhdəlik daşıyır. Eyni zamanda, Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna dəymiş zərər, zərərvuran şəxs tərəfindən tam şəkildə ödənilməlidir.”
Aynurə İsmayıl
KONKRET.az