Alman parlamentarilər Putinin adamları ilə Bakıda gizli görüşlər keçirdi – ARAŞDIRMAbackend

Alman parlamentarilər Putinin adamları ilə Bakıda gizli görüşlər keçirdi – ARAŞDIRMA

Almaniyanın bəzi Bundestaq deputatları Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra da Kreml nümayəndələri ilə təmaslarını davam etdiriblər. Alman KİV-lərinin apardığı jurnalist araşdırmalarına əsasən, bu görüşlərdən bir neçəsi Azərbaycanın paytaxtı Bakıda baş tutub.

KONKRET.az xəbər verir ki, araşdırmalarda deyilir ki, görüşlərdə iştirak edən alman deputatlar və siyasətçilər əvvəllər “Peterburq Dialoqu” adlanan və Rusiya ilə Almaniya arasında əməkdaşlıq platforması olmuş formatın üzvləri olublar. Bu format müharibənin başlanmasından sonra ləğv edilsə də, təmaslar qeyri-rəsmi şəkildə davam etdirilib.

İlk gizli görüş 2024-cü ilin aprelində Bakıda “Four Seasons” otelində keçirilib. Görüşdə Almaniyanın keçmiş siyasətçiləri – Sosial Demokrat Partiyasından keçmiş Brandenburq baş naziri Mattias Platzek, Xristian Demokrat İttifaqından keçmiş kansler administrasiyasının rəhbəri Ronald Pofalla, “Peterburq Dialoqu”nun sabiq icraçı direktoru Martin Hoffman iştirak ediblər. Həmin ilin oktyabrında keçirilən ikinci görüşə sabiq CDU rəhbəri Armin Laşet də dəvət olunsa da, o, Bakıya gəlməyib.

Üçüncü belə görüş 2025-ci ilin aprelində Bakıda keçirilib. Bu dəfə görüşdə Sosial Demokrat Partiyasından olan Bundestaq üzvü, Almaniya parlamentinin kəşfiyyat xidmətlərinə nəzarət komitəsinin üzvü Ralf Şteqner də iştirak edib. Onu Ronald Pofalla, Mattias Platzek, keçmiş Şimali Reyn Vestfaliya naziri Ştefan Holthoфф-Pfertner və Martin Hoffman müşayiət edib.

Rusiya tərəfindən görüşdə baş nazir olmuş, “Qazprom”un müşahidə şurasının sədri və “Peterburq Dialoqu”nun Rusiya tərəfdən həmsədri Viktor Zubkov iştirak edib. Onunla birlikdə, Putin administrasiyası yanında İnsan Hüquqları Şurasının rəhbəri, Avropa İttifaqının sanksiyalar siyahısında olan Valeri Fadeev də Bakıya gəlib.

Fadeev barədə Almaniyanın Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Sabine Fiçer bildirib ki, o, “Putinin imperialist rejiminin nominal lideridir” və sərt mövqeyi ilə seçilir.

Görüşlərin əsas məqsədinin “Peterburq Dialoqu”nun gələcək taleyini müzakirə etmək olduğu ehtimal olunur. Xatırladaq ki, bu platforma 2001-ci ildə Vladimir Putin və Gerhard Şröderin təşəbbüsü ilə yaradılmışdı və uzun illər Almaniya-Rusiya münasibətlərinin inkişafında mühüm rol oynamışdı.

Görüş iştirakçıları mətbuata açıqlamalarında tədbirin “özəl xarakter daşıdığını”, dövlət tərəfindən təşkil olunmadığını və maliyyələşdirilmədiyini iddia ediblər. Ralf Şteqner, Bakıya səfərini şəxsi məsələ kimi dəyərləndirib və bu barədə ictimaiyyətə açıqlama verməkdən imtina edib.

Lakin görüşdə iştirak edənlərdən biri də — İsveçrə hökumətinin maliyyələşdirdiyi Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin rəhbəri, ATƏT-in sabiq baş katibi Tomas Greminger olub. O da şərh verməkdən imtina edib.

Qeyd edək ki, Almaniyanın sabiq baş naziri Mattias Platzek 2022-ci ilin sonlarından etibarən Rusiyaya doqquz dəfə səfər etdiyini “Tagesspiegel”ə təsdiqləyib, lakin görüşlərin detalları barədə məlumat verməyib.

Mənbə: https://haqqin.az/news/354596

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*