Almaniyada vətəndaşlara kritik infrastruktur təhlükələrinin artması və elektrik enerjisinin uzunmüddətli kəsilməsi halında ən azı 3 gün ərzində evdə kifayət qədər təcili ləvazimat saxlamaları tövsiyə olunub.
KONKRET.az xəbər verir ki, Mülki Mühafizə və Fəlakətlərə Yardım üzrə Federal Ofisin rəis müavini Rene Funk yerli mətbuata verdiyi açıqlamada Almaniyada hər bir evdə ehtiyat tədbiri olaraq üç günlük təcili yardım və ləvazimatların olması lazım olmasının vacibliyini bildirib.
Beynəlxalq gərginliyin artması və kiber təhdidlər səbəbiylə bu cür hazırlıqların zəruri hala gəldiyini ifadə edən Funk vurğulayıb ki, “Uzun müddətli elektrik kəsilməsi də daxil olmaqla fövqəladə hallara hazır olun! Hər gün çoxlu hibrid hücumlarla qarşılaşırıq”.
Ev təsərrüfatlarının gündə adam başına ən az 1,5 litr su saxlaması lazım olduğunu ifadə edən Funk qeyd edib ki, fövqəladə vəziyyətə hazırlıq üçün ətraflı təkliflər verilib. Həmin təkilflərdən biri budur ki, hər bir ailə konservləşdirilmiş qidalar saxlasın.
Qeyd edək ki, Mülki Müdafiə və Fövqəladə Hallara Yardım Federal İdarəsi ölkədə baş verə biləcək böhran və fəlakətlərə cavab verməkdə mərkəzi rol oynayır və risk analizlərinin aparılmasına və zəruri hazırlıqlar barədə ictimaiyyəti xəbərdar etməyə cavabdehdir.
Ofisin son tövsiyələri, Rusiya, Çin, İran və Şimali Koreya kimi ölkələrdən onlara qarşı artan kiberhücumlarla bağlı mediada yayılan xəbərlərdən sonra verilir.
Bu hücumların elektrik şəbəkələri, internet, qida təchizatı, nəqliyyat şəbəkələri və ictimai təhlükəsizlik sistemləri kimi kritik infrastrukturları idarə edən şirkətləri və dövlət orqanlarını hədəf aldığı bildirilir.
Alman mediasında yer alan xəbərlərdə iddia edilir ki, Rusiyalı hakerlər Avropa daxilində dəmir yolu xətlərini, elektrik dirəklərini və sualtı kabelləri hədəf alan çoxsaylı təxribatlar törədir.
Moskva bu iddiaları Rusiyanı gözdən salmağa yönəlmiş saxta ittihamlar kimi rədd edib.
Günel Mikayılova,
KONKRET.az