Berlin yaxınlığındakı Qrünhayde Bələdiyyəsi Teslanın Avropadakı ilk fabriki olan “Giga Berlin”in ərazisinin mübahisəli şəkildə genişləndirilməsini təsdiqləyib.
KONKRET.az xəbər verir ki, polisin himayəsində olan yerli şurada keçirilən səsvermədə 11 üzv yenidən işlənmiş rayonlaşdırma planını dəstəkləyib, 6 üzv əleyhinə, 2 üzv isə bitərəf qalıb. Maraqlıdır ki, sözügedən təsdiq qərarı ətraf mühit sakinləri və iqlim fəallarının etirazları və tənqidlərindən sonra qəbul edilib.
İlon Maska məxsus Tesla hazırda 300 hektar sahədə qurulan fabrikini 100 hektardan çox genişləndirəcək. Bununla belə, sakinlər fevral ayında Grünhayde şəhərində keçirilən səsvermədə fabrikin genişləndirilməsinin əleyhinə səs verdikdən sonra Tesla fabrikinin genişləndirilməsi planını azaltmalı olub.
Sakinlərin narahatlığına genişlənmə üçün tələb olunan meşələrin qırılması, zavodun çox su sərf etməsi və ərazidə yol hərəkətinin artması daxildir.
Yeni təklifdə Tesla zavod ərazisindəki uşaq bağçaları kimi personal obyektləri üçün planları ləğv edib, ilkin olaraq planlaşdırılan genişləndirmə sahəsini 100 hektardan təxminən 50 hektara endirib və sakinlərin narahatlıqlarını həll edəcəyinə söz verib.
İqlim fəalları fevral ayından bəri Tesla zavodunun genişləndirilməsinə və ağac evlərinin düşərgəsində meşələrin qırılmasına etiraz edirlər.
Etirazçılar siyasətçilərdən zavodun genişləndirilməsinin əleyhinə olan vətəndaşların səslərinə hörmətlə yanaşmağı və səsvermənin nəticələrini icra etməyi tələb ediblər. Fəallar fabrikin yanındakı meşə sahəsinin Tesla tərəfindən zəbt edildiyini iddia edərək, ərazidəki içməli su sahələrini qorumaq istəyiblər. Qeyd edək ki, “Giga Berlin” adı ilə tanınan və 12 min nəfərin çalışdığı zavod akkumulyatorlar, güc aqreqatları və nəqliyyat vasitələri istehsal edir.
Tesla bu qərardan məmnundur
Amerikalı elektrikli avtomobil istehsalçısı Tesla Qrünhayde Bələdiyyəsinin genişləndirmə planının təsdiqindən son dərəcə məmnun olduğunu açıqlayıb. “Hazırda təsdiq edilmiş inkişaf planı əsas sahələr üzrə icmanın narahatlığına cavab verir”, – şirkətin bəyanatında deyilir. Brandenburq əyalət hökuməti də qərarı alqışlayıb və fabrikin genişləndirilməsinə verilən icazənin cəmiyyətin maraqlarına uyğun olduğunu müdafiə edib.
Etirazlar davam edəcək
Qrünhaydedə keçirilən şura səsverməsinə bölgə sakinləri böyük maraq göstərsə də, Teslanın genişlənmə planına qarşı çıxanlar tərəfindən etiraz edilib.
“Tesla-ya kranı bağlayın” ittifaqı sözügedən genişlənmə planının təsdiqindən sonra bildirib ki, “Etiraz həmişəkindən daha güclü olur”.
“Bugünkü qərar fəlakətdir: artıq Brandenburq və Berlində insanların içməli suyuna təhlükə yaradan avtomobil zavodu genişləndiriləcək”, – bəyanatda deyilir. Etirazların davam edəcəyi bildirilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az