
Qazaxıstanın Almatı şəhərində Azərbaycanın Zəfər günü münasibətilə tədbir keçirilib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Qazaxıstan XİN-in Almatı şəhərindəki nümayəndəliyinin rəhbəri, Almatı şəhərində yerləşən diplomatik korpusun, Qazaxıstanda yaşayan azərbaycanlılar və Qazaxıstanın ictimai xadimləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan səfir A.Atamoğlanov şanlı Zəfər bayramı haqqında qonaqlara ətraflı məlumat verib. Diplomat vurğulayıb ki, 8 noyabr – Zəfər günü Azərbaycan xalqının iradəsinin və gücünün təntənəsinə çevrilib.
Səfir daha sonra deyib ki, 2020-ci ilin sentyabr ayında Ermənistanın növbəti təxribatına cavab olaraq, Azərbaycan özünümüdafiə hüququndan istifadə edib və beynəlxalq hüquqa tam uyğun olaraq öz suverenliyi uğrunda savaşa başlayıb. 44 Günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü təmin edilib, 30 illik münaqişə tarixə qovuşub.
Qanunsuz erməni qüvvələrinin mövcudluğuna son qoymaq və bütün ərazilərində tam suverenliyi bərpa etmək məqsədilə Azərbaycanın Qarabağ bölgəsində 19-20 sentyabr 2023-cü il tarixlərində 24 saat ərzində həyata keçirdiyi anti-terror tədbirləri haqqında da tədbir iştirakçılarına məlumat verilib. 3 noyabr 2023-cü il tarixində Astanada keçirilən Türk Dövlətləri Təşkilatının yubiley Zirvə Görüşündə çıxışı zamanı Qazaxıstan prezidenti K.J.Tokayev Azərbaycan Prezidentini İlham Əliyevi ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi ilə münasibətilə təbrik edib.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Son iki il ərzində Qazaxıstan Parlamenti və KİV nümayəndələri, ictimai xadimlər işğaldan azad edilmiş ərazilərə səfərlər edib. Bildirilib ki, qazaxıstanlı jurnalist N.Kumarqızının Qarabağ şəhidi haqqında yazdığı kitabın təqdimatı keçirilib, Astana və Türkistan şəhərlərində “Şuşa günləri” təşkil edilib. Diplomat həmçinin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində olan Azərbaycan-Qazaxıstan münasibətlərindən söhbət açıb.
Qazaxıstan XİN-in Almatı şəhərində nümayəndəliyinin rəhbəri Bakıtjan Buleqenov Dövlət Bayrağı Günü və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbriklərini çatdırıb. Ərazi bütövlüyünün bərpasının beynəlxalq hüquq normalarına və BMT-nin müvafiq sənədlərinə tam uyğun olduğunu və Azərbaycan xalqının ədalətli və tarixi əhəmiyyətli nailiyyət olduğunu qeyd edən XİN rəsmisi Qazaxıstanın Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafından geniş bəhs edib.