AMEA: “Acınohur gölünün 4/1 hissəsi quruyub”backend

AMEA: "Acınohur gölünün 4/1 hissəsi quruyub"

AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutu Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları Acınohur öndağlığı ərazisində elmi tədqiqat işləri aparıblar.

İnstitutdan KONKRET.az-a verilən məlumata görə, tədqiqatın məqsədi qobal iqlim dəyişmələri şəraitində Acınohur ön dağlıq ərazisinin su və meşə ekosistemlərinin dinamikasında baş verən aridləşmə tendensiyasının öyrənilməsi olub.

Tədqiqat zamanı mütəxəssislər ərazidə son illər quraqlaşma prosesinin sürətləndiyini, bir sıra göllərin tamamilə quruduğunu, çaylarda suyun kəskin azalmasını və digər ekoloji problemlərin üzə çıxdığını müşahidə ediblər.

Əməkdaşların dediyinə görə, ərazinin ən böyük gölü olan Acınohur son 5-6 il ərzində iqlim dəyişmələri şəraitində yay mövsümündə, demək olar, tamamilə quruyur. Tədqiqat zamanı müşahidə olunan 20-30 sm su təbəqəsi iki gün davam edən intensiv yağıntıların nəticəsi kimi qiymətləndirilir. İlin yay aylarında isə gölün dibi tam quru olub.

2015-ci ilin avqust ayında ərazidə tədqiqat aparan alimlər həmin dönəmdə gölün yalnız 4/1 hissəsinin quruduğunu, göldə çoxlu sayda flaminqo quşlarının üzdüyünü və orada yuva saldıqlarının şahidi olublar. Hazırda isə əhali ilə söhbətlərdən tədqiqatçılar son illər həmin quşların ərazidə görünmədiyini, quraq havalara görə ətraf ərazilərdə təsərrüfat işlərində böyük problemlər yaşandığını müəyyən ediblər.

Alimlər son zamanlar Acınohur öndağlığında salınmış qoz, zeytun, badam və alma ağaclarından ibarət bağ plantasiyalarının əvəzinə quraqlığa davamlı, demək olar ki, suvarma tələb etməyən püstə bağlarının (saqqız ağacı) salınmasını daha məqsədəuyğun hesab ediblər.

Tədqiqat Vəndam çayinın dərəsi və sahilləri boyu formalaşmış ekosistemlərdə davam etdirilib. Ərazinin landşaft dinamikasını öyrənən tədqiqatçılar landşaftların strukturunda gedən pozulma proseslərini müşahidə ediblər. Onlar Vəndam çay dərəsində tikilməsi planlaşdırılan Yengicə su anbarı inşasının ətraf ekosistemlərə təsirini qiymətləndiriblər. Alimlər tikinti zamanı nəzərdə tutulan 130 ha-dan çox meşə massivinin məhv olmasının subasar və ətraf landşaftların strukturunda böyük dəyişiklərə gətirib çıxaracağını proqnozlaşdırırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*