ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanıb. Tarixi sənədin imzalanması mərasimində Prezident İlham Əliyev, Ermənistanın Baş naziri və ABŞ Prezidenti Donald Tramp iştirak edib.
Maraqlıdır, ABŞ, Ermənistan və Azərbaycan liderlərinin sülh müqaviləsini imzalamasının tarixi əhəmiyyəti nədən ibarətdir?
Amerikada “J.P. Morgan Chase” şirkətində çalışan azərbaycanlı siyasi ekspert Şamxal Bağışov KONKRET.az-a açıqlamasında bildirib ki, bu hadisə regionun gələcəyi üçün mühüm dönüş nöqtəsidir:
Şamxal Bağışov
“Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən liderliyi, Donald Trampın isə siyasi çəkisi və vasitəçilik bacarığı sayəsində ABŞ-da Azərbaycan və Ermənistan arasında imzalanan müqavilə tarixi bir andır. Bu addım təkcə ölkəyə uzunmüddətli sabitlik gətirmir, həm də yeni iqtisadi və diplomatik imkanların qapısını açır. Gələcək üçün yeni əməkdaşlıq və tərəfdaşlıq ümidlərinin formalaşmasına zəmin yaradır”.
Politoloq vurğulayıb ki, bu sənəd Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinin göstəricisidir:
“Prezidentimizlə, xalqımızla və ölkəmizlə qürur duyuram. Bu razılaşma yaxın 10 ildə Azərbaycanın iqtisadi inkişafına da öz təsirini göstərəcək, iqtisadiyyatımız daha da güclənəcək.
Bu sənəd, onilliklərdir davam edən gərginlik və münaqişələrə son qoymaqla yanaşı, Cənubi Qafqazda yeni siyasi və iqtisadi əməkdaşlıq mərhələsinin əsasını qoya bilər”.
Aynurə İsmayıl
KONKRET.az